Əgər sizdə varikoz varsa. Nə etməli?

Ayaqlarda şişkinlik, ağırlıq və ağrı, qıcolmalar, daha sonralar isə — aşağı ətraflarda çətin sağalan yaralar və hətta xoralar, — bunlar aşağı ətraf venalarının varikoz xəstəliyinin simptomlarıdır. Bu xəstəliyə, bir qayda olaraq, işləmək qabiliyyətli yaş dövründə olan insanlar tutulur, həm də qadınlarda kişilərə nisbətən 3-4 dəfə daha çox rast gəlinir. Çox zaman xəstəlik 20-30 yaşlarından başlayır, lakin ilk 10-15 il özünü heç bir əlamətlə büruzə vermir. Bu dövrdə insanlar varikozun profilaktikası və müalicəsi barədə ümumiyyətlə düşünmürlər. Xəstəliyin bu mərhələsi simptomsuz keçir və onu yalnız xüsusi müayinə (bu məqsədlə venaların USM-si və ya fleboqrafiya edilir) zamanı aşkarlamaq mümkün olur.

Varikozun profilaktikası effektivdirmi? Varikozu necə müalicə etmək lazımdır? Burada siz bu və digər suallara cavab tapacaqsınız.

Varikoz hansı səbəbdən yaranır?

Aşağıdakı hallar varikozun yaranmasına şərait yaradır:

• irsi meyl;

• hormonal dəyişikliklər;

• ağır fiziki iş;

• hamiləlik;

• ayaq üstə iş;

• artıq çəki;

• azhərəkətli həyat tərzi.

Venalar xüsusi quruluşa malikdir: onların əzələ qatı zəif inkişaf etmişdir, mənfəzləri arteriyalara nisbətən daha genişdir, bu səbəbdən də bədəndə dövr edən qanın 2/3 hissəsi venoz sistemdə toplana bilir. Ürək nahiyəsindən aşağıda yerləşən venalar əlavə olaraq aypara şəkilli qapaqcıqlarla – klapanlarla təchiz edilmişlər, bunlar ayaq üstə və ya oturaq vəziyyətdə, yəni cazibə qüvvəsinin əksinə, qanın aşağı ətraflardan ürəyə qalxmasını asanlaşdırırlar.

Əgər venalar genişlənirsə və ya onların klapan aparatı zəifləyirsə, cazibə qüvvəsinin təsiri altında qan venoz damarlarda toplanır. Nəticədə venoz damarlar daha da genişlənir, uzun və qıvrılmış olur, kisəşəkilli çıxıntılar əmələ gətirirlər. Zaman keçdikcə, venaların divarları möhkəmlənir və öz elastikliyini tamamilə itirir ki, bu da venoz çatışmazlığı daha da gücləndirir.

Aşağı ətraf venalarının varikoz xəstəliyinin simptomları

Varikozun klinik simptomları və onların ifadəliliyi tədricən artır.

1. Xəstəliyin ilk əlamətlərindən biri — ayaqlarda ağırlıq və diskomfort hissi (“ayaqlar uğuldayır”).

2. Daha sonra diskomfort hissinə aşağı ətrafların ödemləri (əvvəl epizodik, daha sonra daimi), ağrı və yanma hissi, gecə qıcolmaları əlavə olunur.

3. Xəstəlik inkişaf etdikcə, dəridə hiperpiqmentasiya yaranır, çox vaxt infeksiya qoşulur (dermatitlər inkişaf edir).

4. Dekompensasiya mərhələsində trofik pozuntuların əlamətləri artır — dəri asanlıqla zədələnir, yaralar və sıyrıqlar çox gec sağalır, xoralar əmələ gəlir.

Varikoz nə səbəbdən təhlükəlidir?

Aşağı ətraf venalarının varikoz genişlənməsi — təkcə kosmetik qüsur deyildir. Bu xəstəlik zamanı ciddi ağırlaşmalar yarana bilər:

• trofik xoralar;

• tromboflebit;

• qanaxma.

Məndə varikoz xəstəliyi var. Nə etməliyəm?

İlk növbədə həkimə müraciət edin. Varikozla mübarizə kompleks şəkildə aparılmalıdır. Bu ciddi xəstəliyin müalicəsi üçün aşağıdakılardan istifadə edilir:

• sklerozlaşdırıcı müalicə;

• cərrahi müdaxilə;

• müalicə bədən tərbiyəsi;

• masaj;

• venatonuslandırıcı təsirə malik olan vasitələr.

Venatonuslandırıcı vasitələrin əsas məqsədi — xəstəliyin yüksək inkişaf riski olan insanlarda varikozun profilaktikasıdır. Müalicə üçün bu vasitələrdən yalnız digər metodlarla birlikdə, kompleks şəkildə istifadə edilir.

Varikozu necə müalicə etmək lazımdır?

Varikozun müalicəsini yalnız həkim təyin etməlidir. Lakin varikozun müalicəsini ev şəraitində davam etdirmək olar və lazımdır. Evdə yerinə yetirilməsi mümkün olan tövsiyələri yerinə yetirməklə, biz varikozu müalicə edirik.

• Ayaqlar üçün kontrast duş.

• Evdə xüsusi hərəkətlərin yerinə yetirilməsi (barmaqların ucunda və dabanların üzərində gəzmək, çöməlmələr, barmaq ucları üzərinə qalxmaq) və ya gəzmək venaların varikoz genişlənməsinin çox yaxşı profilaktikasıdır.

• Ayaqları yuxarı qaldırmaqla uzanaraq istirahət etmək – razılaşın ki, bu, varikozla çox asan və xoşagələn mübarizə metodudur!

• Tonuslandırıcı, iltihab əleyhinə və soyuducu təsirə malik olan məlhəm və gellərdən istifadə etmək.

• Qan damarlarının tonusunu yaxşılaşdıran dərman preparatlarını qəbul etmək

Varikozla mübarizədə bitkilərin müalicəvi xüsusiyyətləri

Bitki preparatlarından artıq çoxdandır ki, müxtəlif xəstəliklərin müalicəsində uğurla istifadə edilir. ÜST-nin ekspertləri hesab edirlər ki, 5 insandan 4-nü məhz bitki mənşəli preparatlarla müalicə etmək lazımdır.

Varikoz xəstəliyinin müalicəsi üçün nəzərdə tutulmuş bir çox vasitələrin tərkibinə at şabalıdı daxildir. O, həqiqətən də möcüzəli təsir göstərir.

• Qanın axıcılığını yaxşılaşdırır, bu səbəbdən də trombozların profilaktikası zamanı effektivdir.

• Kapillyarların keçiriciliyini azaldır, yəni qanın maye hissəsinin toxumalara çıxışına mane olur və nəticədə ödemlərin qarşısını alır.

• Venaların tonusunu artırır.

Varikozun profilaktikası

İstənilən bir xəstəliyin qarşısını almaq onu müalicə etməkdən daha asandır. Varikoz da istisna deyil. Varikoz xəstəliyinin yaranmasının risk amillərinə sahib olan şəxslərin vaxtında profilaktik tədbirlər görməsi çox mühümdür:

1. fiziki fəallığı artırmaq və xüsusi hərəkətləri yerinə yetirmək;

2. çəkini azaltmaq;

3. kompression alt geyimləri geyinmək, xüsusilə ağır fiziki iş və aviauçuşlar zamanı;

4. qan və limfa damarları sisteminin normal vəziyyətini qoruyub saxlayan venatonuslandırıcı vasitələrdən istifadə etmək.

Varikoz xəstələyinin vaxtlı-vaxtında profilaktikası və xəstəliyin erkən mərhələlərində varikozla mübarizə bu ciddi xəstəliyin və onun ağırlaşmalarının inkişafına yol verməməyə imkan yaradır.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: