Ənənəvi “Qarabağnamə” bu dəfə Zəfər ruhu ilə izlənildi

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı pandemiyanın doğurduğu ilyarımlıq fasilədən sonra pərdələrini teatrsevərlərə açdı.

Kollektiv oktyabrın 15-də yeni mövsümə ənənəvi olaraq “Qarabağnamə” tamaşasını təqdim etdi. Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında səhnələşdirilən tamaşaya bu dəfə teatrsevərlər Qarabağda tarixi Zəfərdən sonra bir başqa ovqatla gəlmişdilər.

Tamaşanın nümayişindən əvvəl teatrın direktor müavini Hacıbaba Məmmədov qonaqları salamlayaraq 149-cu mövsümdə yenidən tamaşaçıları bir-birindən maraqlı səhnə əsərləri ilə sevindirəcəklərini bildirdi. O, “tamaşaçılar teatr üçün necə darıxmışdısa, teatr da tamaşaçı üçün eyni dərəcədə darıxmışdı” deyərək qonaqlara xoş seyrlər arzuladı.

Səhnəyə dəvət olunan mədəniyyət naziri Anar Kərimov yeni mövsümün başlanması münasibətilə teatrın kollektivini və tamaşaçıları təbrik etdi. Teatrın cəmiyyətin inkişafında müstəsna əhəmiyyət kəsb etdiyini söyləyən nazir dedi: “Teatr çox güclü sənətdir, təsirli bir alətdir. Bu sənət yaşayan bir irs olaraq cəmiyyətimiz üçün çox önəmli incəsənət növüdür. Azərbaycan teatrının çox zəngin tarixi və ənənələri var. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da bu proseslərdə bir avanqard rolunu oynayır”.

Dövlətin teatrlara göstərdiyi diqqət və qayğıdan danışan nazir bildirdi ki, bu istiqamətdə bir sıra əhəmiyyətli addımlar atılıb, teatrların maddi-texniki bazası gücləndirilib, dövlət proqramları həyata keçirilib.

Nazir qeyd etdi ki, tamaşanın Qarabağda tarixi Zəfərdən sonra nümayişi xüsusi əhəmiyyət kəsb edir. “Bu tamaşa Azərbaycan xalqının tarixi və bu günü ilə bağlıdır. Artıq torpaqlarımız azad olundu, Qarabağımız qayıtdı, şanlı Ordumuz Zəfər çaldı. Çox istərdik ki, Azərbaycanda formalaşan qələbə ruhu, qürur bizim teatrların ərsəyə gətirdiyi tamaşalarda öz əksini tapsın”, – deyə Anar Kərimov vurğuladı.

Daha sonra səhnə əsəri nümayiş olundu. Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. Xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

Tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur. Rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Ramiz Məlik, Əli Nurzadə, Əməkdar artistlər Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Cəbrayılov, Rəşad Bəxtiyarov, Elnar Qarayev aktyorlar İlyas Əhmədov, Elnur Qədirov, Ramin Şıxəliyev, Ləman İmanova, Rada Nəsibova, Cavidan Novruz, Firuzə Balayeva və Fəridə Şahbazova ifa edir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: