“Əsirlikdəki incilərin hekayəti” adlı tədbir keçiriləcək

6 may 2017-ci il tarixində, saat 14:00-da Azərbaycan Xalça Muzeyində Azərbaycan Xalça Muzeyi Şuşa filialının təşkilatçılığı ilə Şuşa şəhərinin işğalının 25-ci ildönümünə həsr olunmuş “Əsirlikdəki incilərin hekayəti” adlı tədbir keçiriləcək.
1992-ci ilin 8 may tarixində Şuşa şəhərinin işğalından sonra dekorativ-tətbiqi sənət nümunələrimizin taleyinə qaranlıq çökdü. Əsirlikdə qalan incilərimizin – milli mədəniyyətimizin şah əsəri olan xalçalarımızın və digər sənət nümunələrimizin hekayəti çox acınacaqlıdır. Təəssüflər olsun ki, bu gün Şuşada və xarici ölkələrdə təkcə Azərbaycan xalçaları deyil, digər sənət nümunələrimiz də Ermənistan mədəniyyəti kimi təqdim edilir.
“Əsirlikdəki incilərin hekayəti” adlı tədbirin keçirilməsində məqsəd Azərbaycanın dilbər güşəsi, qədim tarixi diyarımız olan Şuşanın işğalı zamanı maddi və mədəni abidələrimizə vurulan ziyan və onların talan olunaraq məhv edilməsi problemini cəmiyyətə çatdırmaqdır.
Tədbirdə Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Xalça Muzeyi Şuşa filialının müdiri Səbinə Əzizova, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Şuşa rayon üzrə nümayəndəsi Zahid Abbasov, Azərbaycan Radiosu “Ədəbiyyat və İncəsənət” redaksiyasının baş redaktoru Şəfəq Sultan Əlixanlı, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva, “Azərbaycan” qəzetinin mədəniyyət şöbəsinin redaktoru Flora Xəlilzadə Şuşanın mədəniyyəti, incəsənəti, maarif və elm xadimləri haqqında öz dəyərli fikirlərini və Şuşayla bağlı xatirələrini bölüşəcəklər.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi tərəfindən hazırlanmış “Şuşanın işğalı” adlı sənədli film nümayiş olunacaq. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: