Ətirin saxta olduğunu necə bilmək olar?

Bir çox məhsulun saxtası olduğu kimi təəssüf ki, ətirlərin də saxtalarına rast gəlinir. Ətirin saxta olub olmadığı bədənə sıxılaraq aydın olur. Orijinal ətir sıxıldığı zaman özünü həmin dəqiqə büruzə vermir. Əvvəl çox ağır, ya da kəskin bir qoxu gəlir, 10-15 saniyə sonra isə ətir öz orijinal qoxusunu ətrafa yaymağa başlayır. Saxta ətirlərdə isə ilk iylədiyinizlə sonra iylədiyiniz arasında qoxu fərqi olmur.
Saxta ətirdə ucuz ədviyyatlar istifadə edildiyindən ən çox bir saat ərzində qoxu turşumağa, ya da ağır bir qoxuya çevrilməyə başlar. Lakin orijinal ətirlərdən uzun müddət yararlana bilərsiniz. Biləyinizə sıxdığınızda yarım saat sonra bir yüngülləşmə, ya da itələyici bir qoxu hiss edirsinizsə böyük ehtimalla həmin ətir saxtadır.

Orijinal ətirlə saxtanı seçməyiniz üçün aşağıdakılara diqqət edin.

1. Ətirin üzlüyü
Əgər qablaşdırma selofan üzlüklə örtülübsə, bu üzlük qablaşdırmaya kip oturmuş olmalıdır. Üzlük yapışdırmaqla deyil, termo üsulla bərkidilməlidir. Unutmayın ki, orijinal ətirlər heç vaxt qalın selofan üzlükdə olmurlar.

2. Qutu
Qutunu diqqətlə nəzərdən keçirin. Ən azı ətrin adına fikir verməklə başlaya bilərsiniz. Saxta ətirlərdə tez-tez nəzərinizdən qaçacaq şəkildə bir və ya bir neçə hərf ixtisar edilir və ya dəyişdirilir. Əgər bunlardan heç biri yoxdursa, digər üsullara keçirik.

Əsl fransız ətirlərində siz “parfume” sözünü heç vaxt tapmayacaqsınız, çünki bu sözün yeganə düzgün yazılış forması “parfum”dur. Qutunun üzərində təkcə istehsal olunduğu ölkənin adı deyil, həmin ölkədə istehsal olunduğu yazılmalıdır. Yəni, təkcə “Italy” deyil, “Made in Italy” yazılmalıdır. Orijinal qutuda mütləq istifadə tarixi, istehsalçı ölkə, ətrin tərkibi, tutumu göstərilməlidir.

3. Barkodlar

Ştrix kod simvolikasını mütləq yoxlayın. Telefonunuza lazımlı tətbiqi yükləyin. Bu tip tətbiqlər barkodları oxuya və istehsalçı haqqında məlumat verə bilir. Bundan başqa Recycling(dairəvi ox formasında təkrar istehsalat işarəsi) işarəsinə də fikir verin. Bu işarə aydın görünməlidir, lakin qalın olmalı deyil. Flakonun üzərində də seriya nömrəsi göstərilə bilər. Bu seriya nömrəsi silinməməlidir. Bunu isə yoxlamaq asandır. Sadəcə barmağınızla üzərinə möhkəm sürtün.

4. Əlavə konstruksiyalar

Qutunun içində flakonu möhkəm tutması üçün karton əlavələr olur. Bu əlavələr müxtəlif formada olsalar da, orijinal ətirlərdə mütləq mövcud olurlar.

5. Rəng

Əgər sevimli ətrinizin rəngi tünddürsə, rəsmi vebsaytda yayımlanan fotosuyla əlinizdəki ətrin rəngini müqayisə edin. Ümumi götürsək, adətən məşhur ətir markalarının rəngləri daha zərif olur, kəskinlikdən uzaq durulur.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: