Bizim AşpazLəzzətli Bölüm

Ətli blinçik

Tərkibi:
Yumurta: 2 ədəd
Şəkər tozu: 1 və ya 1,5 xörək qaşığı
duz
Süd: 2 stəkan
2 xörək qaşığı duru yağ
1 stəkan və ya aldığı qədər un

İçlik üçün:
500 qram mal əti
1 ədəd baş soğan
istiot
duz
duru yağ (içliyi qızartmaq üçün)

Hazırlanması:
Ətli blinçiki hazırlamaq üçün əvvəlcə içliyin hazırlanmasından başlamaq lazımdır.
İçliyi hazırlamaq üçün soğan və ətlər kiçik ölçüdə doğranılır. Yağda bişirilir. Yanmaması və bərabər bişməsi üçün ət və soğan arada qarışdırılır. Bişməyə az qalmış duz və istiot vurulur.
Soğan və ətlər bişdikdən sonra onları ət doğrama baltası vasitəsi ilə qiymə halına gətiririk. Bu şəkildə hazırlanan ət daha ləzzətli olur.

Geniş bir qab götürülür. Burada blinçik üçün lazım olan ərzaqları qarışdırırıq və duru blinçik xəmiri hazırlayırıq.
Tava ocaqda isidilir. İsti tavaya blinçik xəmirindən biraz tökülür. Hazırlanacaq blinçiklərin ölçüsünə uyğun tava seçilir. Məsələn, böyük blinçik hazırlayacağımız tədirdə daha böyük, kiçik blinçik hazırlayacağımız təqdirdə daha kiçik tava seçirik.

Blinçik xəmirini tavaya tökdükdən sonra tavanı hər tərəfə əyərək xəmirin tavaya bərabər şəkildə yayılmasını təmin edirik. Xəmirin bir üzü bişdikdən sonra ikinci üzünü də çeviririk və hər iki üzünü bişiririk.
Qalan blinçik xəmirinin hamısını eyni qaydada bişiririk və bişən blinçikləri üst – üstə yığırıq.

Hazır blinçik masanın üzərinə qoyuruq. İçərisinə əvvəlcədən hazırladığımız bişmiş soğanlı qiymədən biraz qoyuruq. Blinçiki zərf formasında bükürük.

Bütün blinçikləri bu formada bükdükdən sonra tavaya biraz yağ əlavə edirik.
İçərisinə içlik qoyduğumuz ətli blinçik bu tavada yağda qızardılır.
Bişirdiyimiz ətli blinçik artıq yağlardan qurtarması üçün salfetin üzərinə qoyulur.
Yağı salfet tərəfindən çəkilən ətli blinçik süfrəyə verilmək üçün hazırdır.

Nuş olsun.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!