Əyyub Hüseynovun 100 illik yubiley sərgisi keçiriləcək

25-29 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar incəsənət xadimi, görkəmli rəssam Əyyub Hüseynovun 100 illik yubiley sərgisi keçiriləcəkdir. Sərgidə rəssamın ailəsinin kolleksiyasında, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan əsərlər nümayiş olunacaqdır.

Ə.Hüseynov 1916-cı il sentyabr ayının 3-də Naxçıvanın Noraşan rayonunda anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Rəssamlıq Texnikumunu, 1935-ci ildə isə Tbilisi Rəssamlıq Akademiyasını bitirmişdir. Bir müddət Naxçıvan Dövlət Dram Teatrında tamaşalara səhnə tərtibatı vermiş, eskizlər hazırlamışdır. 1948-ci ildə Bakıya gələrək, Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunda pedaqoji fəaliyyətə başlamış, sonra həmin təhsil ocağında doqquz il direktor vəzifəsində çalışmışdır. Rəssam ömrünün əlli ilini gənc rəssamlar nəslinin yetişməsinə sərf etmiş və bu sahədə əvəzsiz xidmətlər göstərmişdir.
Pedaqoji fəaliyyəti ilə yanaşı Ə.Hüseynov daim mənzərə, portret, məişət janrlarına müraciət etmiş, müxtəlif mövzularda rəngarəng tablolar və özünəməxsus bədii xüsusiyyətləri ilə seçilən üslub yaratmışdır.

Ə.Hüseynovun çoxillik pedaqoji və bədii fəaliyyəti diqqətdən kənarda qalmamış və o, 1980-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür. 17 aprel 1998-ci ildə dünyasını dəyişən rəssam öz ömrünü, bacarığını xalqımızın tərəqqisinə, tanınmasına və incəsənətimizin inkişafına, milli-tarixi mövzuların təbliğinə və milli xarakterə malik, dolğun azərbaycanlı obrazlarının yaradılmasına sərf etmişdir.

Sonuncu sərgisi 22 noyabr 2006-cı ildə rəssamın 90 illik yubileyi münasibəti ilə Bakıda S.Bəhlulzadə adına Sərgi salonunda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş, rəssamın həyat və yaradıcılığından bəhs edən kitab çap edilmişdir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: