CinemaFestivallarTəqdimatƏn SonƏyləncə

100 film “Qızıl nar” uğrunda yarışacaq

IX “START” Beynəlxalq Qısa Filmlər Festivalının finalistləri bəlli oldu

14-17 noyabr tarixlərində Bakıda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “SİNEMA” Gənc Kinematoqrafçılar Mərkəzi, Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək.

Bu ildən etibarən Azərbaycan Prodüserlər Gildiyası da festivalda təşkilatı dəstək qismində iştirak edir.

Əhatə dairəsini daha da genişləndirən festivala bu il 45 ölkədən (Azərbaycan, Fransa, İspaniya, Almaniya, Böyük Britaniya, İtaliya, Türkiyə, İran, Rusiya, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Ukrayna, Makedoniya, Belçika, Polşa, Macarıstan, Estoniya, Latviya, Litva, İsveç, İsveçrə, Xorvatiya, Serbiya, Rumuniya, İsrail, ABŞ, Kanada, Çin, Hindistan, Avstraliya, Yeni Zelandiya, Argentina, Braziliya, Kolumbiya, Venesuela, Kamerun, Hollandiya, Portuqaliya, Kipr, Yunanıstan, Avstriya, Finlandiya) 490 film göndərilib.

Təqdim olunan filmlər Festivalın Təşkilat Komitəsinin təyin etdiyi üç nəfərdən ibarət Seçim Komissiyası tərəfindən izlənilərək müsabiqə proqramlarına daxil edilib. Seçim Komissiyasının qərarına əsasən bu il festivalın əsas müsabiqə bölmələrində 30 ölkədən 100 film yarışacaq. 72 film Beynəlxalq, 28 film isə Yerli müsabiqədə “Qızıl nar” uğrunda mübarizəyə qoşulur.

Təşkilat Komitəsi Beynəlxalq müsabiqədə yarışacaq filmlərin keyfiyyət səviyyəsini nəzərə alaraq nominasiyaların sayını artırıb. Beləki, qaliblər “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı eksperimental film” nominasiyaları ilə yanaşı “Ən yaxşı bədii film rejissoru, “Ən yaxşı sənədli film rejissoru”, “Ən yaxşı animasiya film rejissoru”, “Ən yaxşı eksperimental film rejissoru” nominasiyaları üzrə seçiləcək.

Beynəlxalq müsabiqədə filmləri 5 nəfərdən ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.

Yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı rejissor”, “Ən yaxşı prodüser”, “Ən yaxşı ssenari”, “Ən yaxşı operator” nominasiyaları üzrə müəyyənləşəcək qalibləri üç yerli mütəxəssisdən ibarət münsiflər heyəti seçəcək.

Festivalda ilk dəfə reallaşan “Cinemobil” –telefonla çəkilmiş film müsabiqəsinə təqdim olunan 15 filmdən yalnız 3-ü onlayn səsverməyə çıxarılacaq. Təqdim olunan 10 kino layihədən də 3-ü “Pitçinq”də müzakirə olunacaq.

Festival filmləri 14-17 noyabr tarixlərində Nizami Kino Mərkəzi, “Cinema Plyus- 28 Mall” kinoteatrında saat 12 00- dan 16 00-a kimi nümayiş olunacaq. 

4 günlük kinoforumda filmlərin nümayişi ilə yanaşı Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş xüsusi proqram, ustad dərsləri, sənət müzakirələri təşkil olunacaq.

Minimum güzəşt və maksimum istedada üstünlük verən “START” Beynəlxalq Qısa Filmlər Festivalının məqsədi filmlərin baxışını və müzakirəsini keçirmək, aralarından ən yaxşıları qiymətləndirmək, yerli müəllifləri dünya praktikası, yeni tendensiyalarla tanış etməkdir.

Bununla yanaşı ölkəmizdə gənc kinematoqrafı və onun problemlərini diqqət mərkəzinə gətirən Festival azərbaycanlı gənclərin kinoda gələcək istiqamətlərini müəyyənləşdirməyə imkan verir.

“START” həm də yerli rejissorların əcnəbi həmkarları ilə əlaqələr qurmasında start nöqtəsidir. Beləki, Festival çərçivəsində xarici rejissorların paytaxtımıza qonaq gəlməsi artıq ənənəyə çevrilib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!