EventsJazzMusiqiMədəniyyətTəqdimat

Beynəlxalq Muğam Mərkəzində Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş möhtəşəm konsert keçirilib

Dekabrın 18-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi və “Vaqif” fondunun təşkilatçılığı ilə bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin  xatirəsinə həsr olunmuş konsert keçirildi.
Vaqif Mustafazadə Azərbaycan tarixində ən məşhur və uğurlu caz ifaçısı, cazda yeni istiqamət yaradan azərbaycan caz-muğamının banisidir. O, həm də müxtəlif ansamblların yaradıcısı olaraq Gürcüstanda Dövlət Filarmoniyasının nəzdində  “Qafqaz” caz üçlüyünü, Bakıda isə “Leyli” (1970), “Sevil” (1971), “Muğam” (1977) vokal-instrumental ansambllarını yaratmışdır.
Zəngin şərq koloritli orijinal kompozisiyaları və muğamla cazın qarışıgı olan gözəl improvizasiyaları ilə tanınan Vaqif Mustafazadə hələ sağ ikən canlı əfsanəyə  çevrilmişdi. Onun yaradıcılığı həm Vətənimizdə, həm də xaricdə yüksək qiymətləndirilir.
Qeyd edək ki, bu konsertin biletləri konsertin təsdiq edildiyindən bir neçə gün sonra artıq satılmışdı. Sözsüz ki, bu, musiqisevərlərin Vaqif yaradıcılığına  sevgilərinin göstəricisidir.
İlk dəfə idi ki, konsert yalnız Vaqif Mustafazadənin əsərlərindən ibarət idi.
Lakin kiçik bir istisna oldu, gecənin əvvəlində xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera orkestrinin müşayiəti ilə  BMA-nın müəllimi Gülsüm Eldarovanın ifasında özü bəstələdiyi “Vaqifə ithaf” kompozisiyası səsləndi.
Gecədə tanınmış caz ifaçıları çıxış etdilər. BMA kamera orkestrinin müşayiəti ilə Vaqif Mustafazadə caz məktəbinin müvəffəq davamçısı olan Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələrin laureatı, virtuoz pianoçu Emil Afrasiyab Vaqifin “Orkestr ilə fortepiano üçün konsert”ini  ifa etdi.
Cazsevərlərin sevimlisi Cavan Zeynallı çıxış edərək məşhur caz improvizasiyalarını ifa etdi.
Həm ölkədə, həm də xaricdə tanınan məşhur musiqiçi İsfar Sarabskinin ifası gurultulu alqışlarla qarşılandı.
Beynəlxalq və respublika müsabiqələrinin laureatları Ceyhun Əzizov və Suadə Hacızadə, əməkdar artist Ruslan Hüseynov, gənc, istedadlı musiqiçilər Elbəy Məmmədzadə, Seymur Həsənsoy, Nurlan Abdullazadə, Elvin Bəşirov  və Rəna Talıbovanın bədii rəhbərliyi altında “Sevil” vokal ansamblı çıxış edərək tamaşaçıları öz ifaları ilə heyran etdilər.
Gecənin aparıcısı Azərbaycan Milli Konservatoriyasının müəllimi, caz şərhçisi Tofiq Həsənsoy idi.

Konsert gur alqışlarla tamamlandı.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!