EventsIdman

2017 Formula 1 Azərbaycan Qran Prisi üçün bir və ikigünlük biletlərin satışına başlanıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bu gün ictimaiyyətə 2017 Formula 1 Azərbaycan Qran Prisi üçün yeni bir və ikigünlük biletləri təqdim edib. Biletlər əməliyyat şirkətinin rəsmi veb səhifəsi ilə yanaşı Bakı şəhərinin aparıcı alışveriş mərkəzlərində və digər ictimai əhəmiyyətli yerlərdə olan bilet satış nöqtələrində alıcılara təqdim olunur. Qeyd edək ki, Bakıda keçiriləcək növbəti Formula 1 yarışı 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bilet satışı ilə əlaqədar apardığı ilk endirim kampaniyası 31 yanvar tarixində başa çatıb və azarkeşlər 4 günlük biletlərin 30 faizədək endirimli qiymətlərlə satıldığı bu kampaniyaya böyük maraq göstərərək Formula 1-in ən sürətli trekində yarışı izləmək üçün öz biletlərini indidən ən sərfəli qiymətə əldə ediblər. Kampaniya çərçivəsində 40-dan çox ölkədən bilet alınıb və xarici ölkələrdən Avstraliya və Çinin də olduğu bu siyahıda ən yüksək pilləni müvafiq ardıcıllıqla Rusiya və Böyük Britaniya tutub.

Bir və ikigünlük biletlərin hər ikisi sadəcə tribunalar (Abşeron tribunası xaric olmaqla) üçün nəzərdə tutulub və bu biletləri əldə edən şəxslər dənizkənarı bulvar ərazisində yerləşən Formula 1 şəhərciyində keçiriləcək bir sıra əyləncə tədbirində, o cümlədən yarış həftəsonunun axşamlarında əsas səhnədə baş tutacaq konsert proqramlarında iştirak edə biləcəklər.

Tribunalar üçün nəzərdə tutulan birgünlük biletlərin qiyməti 70-125 AZN, ikigünlük biletlərin qiyməti isə 180-440 AZN arasında dəyişir. Qeyd edək ki, xarici valyuta ilə ödəniş edənlər üçün biletlərin qiyməti həmin günün məzənnəsinə görə hesablanacaq.

Digər tərəfdən, qiymətləri 200-690 AZN arasında dəyişən 4 günlük biletlərin satışı hazırda davam edir və bu biletləri əldə edənlər 2017 Formula Azərbaycan Qran Prisi zamanı həftəsonunun hər üç günündə baş tutacaq yarışları izləməklə yanaşı trekdən kənarda keçiriləcək əyləncə tədbirlərində və eyni zamanda cümə axşamı günü, 22 iyun tarixində olacaq Pit Yolu Yürüşündə də iştirak edə biləcəklər.

Bundan başqa, yarışı ailəcə izləmək istəyənlərə 2-15 yaşlarında olanlar üçün Xəzər və Bulvar tribunalarına xüsusi “Gənc” biletləri təklif olunur. Bununla yanaşı, azarkeşlər müxtəlif mövqelərdən yarışı izləməyə imkan verən Ayaqüstü Yerlər üçün birgünlük biletlər də əldə edə bilərlər.

Ötən ilin yayında milyonlarla azarkeş Formula 1 təqvimində olan ən maraqlı yarışlardan birinə şahid oldular və bununla da Bakı Şəhər Halqası Formula 1 ictimaiyyətinin rəğbətini qazanaraq böyük uğura yiyələndi. Belə ki, Bakıda keçirilən ilk yarışda Williams komandasının pilotu Valteri Bottas 366 km/saat sürətlə hərəkət edərək Bakı Şəhər Halqasına Formula 1 tarixində ən sürətli şəhər treki ünvanını qazandırdı. Hətta qeyri-rəsmi rəqəmlərə görə sözügedən sürətin 378 km/saat həddə çatdığı qeydə alınmışdı. Bundan başqa, yenə Williams Racing komandası Felipe Massanın bolidinə ən sürətli pit-stop əməliyyatı keçirərək 2013-cü ildə ABŞ Qran Prisində əldə olunmuş 1,92 saniyəlik rekorda şərik oldu.

BŞH-nın icraçı direktoru Arif Rəhimov bu gün elan olunan yeni bilet seçimləri haqqında belə danışıb: “Biz növbəti yarış üçün biletlərin satışı ilə əlaqədar keçirdiyimiz ilk endirim kampaniyasına azarkeşlərin göstərdiyi böyük diqqətə görə olduqca şadıq. Bu onu göstərir ki, Bakıda keçiriləcək sayca ikinci Formula 1 yarışına həm ölkə daxilində, həm də ölkə xaricində maraq çox artıb. İndi isə biz bilet satışı ilə bağlı yeni mərhələyə qədəm qoyuruq. Biz bu yeni mərhələdə azarkeşlərə Bakıda baş tutacaq möhtəşəm yarışı trek boyunca müxtəlif yerlərdən izləməyə imkan verən fərqli bilet seçimlərini təklif edirik. Bir, iki və ya dördgünlük biletlərdən hansını almaq istəyirsinizsə, çalışın indidən alın və bu yay Bakıda keçiriləcək 2017 Formula 1 Azərbaycan Qran Prisini yerində canlı izləmək fürsətini qaçırmayın!”

Bakı şəhərinin gözoxşayan mərkəzi küçələrində dünyanın ən sürətli avtomobillərinin mübarizəsinə yenidən şahid olmaq üçün 5 aydan az vaxtın qaldığı bir ərəfədə, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bütün Formula 1 azarkeşlərinə müraciəti belədir: Mümkün qədər biletinizi tez alın və 2017-nin yayında Bakıda bizimlə birlikdə olmağa tələsin!

Yarış üçün bilet almaq və Bakıya səfəri indidən planlaşdırmaq barədə ətraflı məlumatı rəsmi veb səhifəsindən əldə edə bilərsiniz: www.bakucitycircuit.com/az

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!