EventsIdmanTəqdimat

2018-ci ildə kapoeyra üzrə dünya çempionatı Bakıda keçiriləcək-FOTO-lar

Azərbaycanın idman tarixində ilk dəfə olaraq, Azərbaycan vətəndaşının beynəlxalq idman təşkilatına rəhbər seçilməsinin, Ümumdünya Kapoeyra Federasiyasının (WCF) prezident qərargahının Azərbaycana köçürülməsinin, eyni zamanda Azərbaycanda kapoeyra idman növünün yaranmasının 20 illik yubileyi və “Zəfər” beynəlxalq idman mükafatının təqdimat mərasimləri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Gənclər və İdman Nazirliyinin (GİN) İdman şöbəsinin müdiri, olimpiya çempionu Fərid Mansurov nazir Azad Rəhimovun təbrikini və ürək sözlərini qonaqlara çatdırıb.
Təbrikdə bildirilib ki, bu hadisə Azərbaycanın idman tarixində yeni bir səhifədir. Belə ki, Ümumdünya Kapoeyra Federasiyasının (ÜKF) prezidenti seçilmiş Azərbaycan Kapoeyra Federasiyasının prezidenti Taleh Orucov beynəlxalq idman təşkilatına rəhbər seçilmiş ilk Azərbaycan vətəndaşı kimi ölkəmizin idman tarixinə adını yazmışdır.
Daha sonra braziliyalı qonaq – Ümumdünya Kapoeyra Federasiyasının Ustadlar Kollegiyasının sədri, baş ustad Paulo Sales Neto öz çıxışında bildirib ki, Azərbaycan Kapoeyra Federasiyasının kapoeyra idman növünün dünyadakı inkişafında əvəzolunmaz rolu vardır. Taleh Orucovun ÜKF-yə prezident seçilməsinin əsas səbəblərindən biri də məhz budur. Taleh Orucov da çıxış edərək öz növbəsində qonaqları salamlayıb və ona dəstək verdiyinə görə ilk növbədə cənab prezident İlham Əliyev, gənclər və idman naziri Azad Rəhimov, GİN-in şöbə müdiri Fərid Mansurov və Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasova öz təşəkkürünü bildirib.
Tədbir kapoeyra üzrə dünya çempionatının mükafatçısı, braziliyalı professor Bailarinonun və Azərbaycan Kapoeyra Federasiyasının milli yığma komandasının kapoeyra nümayişi ilə davam edib. Qeyd edək ki, 2018-ci ildə kapoeyra üzrə dünya çempionatı Bakıda keçiriləcək.
Mənbə Oxu.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!