PsixologiyaSağlamlıqTəqdimat

6-cı Beynəlxalq Psixologiya Konfransı baş tutdu

2019-cu il aprelin 20-si və 21-də Xəzər Universitetində Azərbaycan 6-cı Beynəlxalq Psixologiya Konfransı keçirildi. Bu konfrans Xəzər Universiteti Psixologiya departamenti və Xəzər Psixoloji Xidmət Mərkəzinin təşkilatçılığı ilə təşkil olunmuşdu.

Konfrans Xəzər Universitetinin kamera orkestrinin musiqisi ilə başladı. Daha sonra Xəzər Multimedia Mərkəzinin hazırladığı və əvvəlki illərin konfranslarını əks etdirən video material iştirakçılara nümayiş etdirildi.

Xəzər Universiteti Psixologiya departamentinin koordinatoru Mələk Kərimova departament və Xəzər Psixoloji Xidmət Mərkəzinin bu tip seminar, təlim və konfranslarda aktiv yer aldığını qeyd edərək, konfransın açılışı üçün sözü Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlıya verdi. O, bir ənənə halını alan konfransın işinə uğurlar diləyərək, psixologiyanın elm sahəsi kimi inkişafda olduğunu və bunun müsbət hal olduğunu bildirdi. Daha sonra Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova bu kimi konfransların əhəmiyyətli olduğunu qeyd edərək, konfransın işinə uğurlar dilədi.

Konfransda dəvətli qonaq olan Psixologiya Elmi Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov da konfrans ideyasının təqdirə layiq olduğunu qeyd edərək, departamentin bu fəaliyyətinin əhəmiyyətini qeyd etdi.

Psixologiya departamentinin koordinatoru Mələk Kərimova konfransa Türkiyədən dəvət edilmiş əsas spikerlər haqqında ətraflı məlumat verdi. Konfransa Boylam Psixiatriya Xəstəxanasının qurucusu professor H.Ertuğrul Köroğlu, Hacettepe Universitetinin müəllimi dosent Meliha Tuzgöl Dost, Moodist Xəstəxanasının psixiatrı professor Külteğin Ögel, Sakarya Universitetinin müəllimi dosent Ümit Sahranç, PsixoNet Mərkəzinin rəhbəri Dr.Alp Karaosmanoğlu dəvət edilmişdilər.

Konfransın ilk yarım günündə mütəxəssislər öz mövzuları barədə qısa məlumat verdilər. Konfransın ilk gününün ikinci hissəsində professor Ertuğrul Köroğlu “İstəkləndirici görüşmə və istəyi gücləndirmə” texnikaları ilə əlaqədar təlim keçdi. Daha sonra Dr.Alp Karaosmanoğlu Şema terapiya və onun əsas xüsusiyyətləri barədə məlumat verdi. Maraqlı mövzulardan bir digəri isə professor Külteğin Ögelin maddə asılılığı ilə əlaqədar təqdimatı oldu. O, maddə asılılığı olan pasiyentlərlə işləmə qaydaları üzərində durdu.

Konfransın ikinci günündə isə qonaqlar daha praktik tapşırıqlarla nəzəri hissəni möhkəmləndirdilər.

Konfransın ikinci gününün ikinci hissəsində isə dosent Meliha Tuzgöl Dost və dosent Ümit Sahranç vörkşoplar təşkil etdilər. Dosent Ümit Sahranç pozitiv psixoterapiya haqqında ətraflı müzakirələrə girməklə yanaşı, tətbiqi qaydalarını şərh etdi. Dosent Meliha Tuzgöl Dost isə duyğumərkəzli psixoterapiya haqqında ətraflı məlumat verərək, praktiki təlim təşkil etdi.

Konfransdan sonra qonaqlarla axşam yeməyi təşkil edildi.

Sonda konfrans iştirakçılarına hədiyyə və sertifikatlar təqdim olundu.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!