669 uşağı ölümdən xilas etmiş böyük insan

1 iyul 2015-ci ildə Ser Nikolas Uinton (Sir Nicholas Winton) 106 yaşında dünyasını dəyişir – bu şəxs holokost zamanı faşist düşərgələrində ölümə məhkum ediləcək 669 uşağı xilas etmiş böyük bir insandır. Məqaləmizdə bu dahi insanın İkinci Dünya müharibəsi zamanı etdiyi şücaətdən söhbət açacağıq.

Bu ingilis 1939-cu ildə almanlar tərəfindən işğal edilmiş Çexoslovakiyadan ölümə məhkum edilmiş 669 uşağı necə xilas etməsi barədə 50 il ərzində heç kimə bir kəlmə də olsun demir. Onun bu şücaəti barədə çox təsadüfən məlum olur – 1988-ci ilə onun xanımı çardaqda nəsə axtararkən içində şəkillər, sənədlər və demək olar ki silinmiş qeydlər olan bir köhnə alboma rast gəlir. Qadın bu albomu tapmasaydı, dünya bəlkə də bu qeyri-adi “xilasetmə əməliyyatından” xəbərdar olmayacaqdı.

1938-ci ilin dekabr ayında Nikolas Londonda birja makleri vəzifəsində işləyirdi. O öz məzuniyyətini xizək sürərək İsveçrədə keçirmək qərarına gəlir. Qəflətən ona Praqada, Çexoslovakiyadan olan qaçqınların işi üzrə Britaniya komitəsində işləyən dostu Martin Bleyk zəng vurur. Bleyk çox vacib bir iş olduğunu vurğulayaraq, Uintondan xahiş edir ki, İsveçrəyə səfərini təxirə salaraq təcili Praqaya gəlsin. Üstəlik də əlavə edir ki, Uinton xizəklərini götürməyə bilər.

Praqada məsələ doğrudan da xizəklik olmur. Bura gələn Uinton Hitler tərəfindən yenicə işğal olunmuş Sudet vilayətindən olan qaçqınlarla dolu böyük düşərgələri görür. Gördüklərindən çox təsirlənən Uinton burada qalmağa qərar verir. 1938-ci ildə baş verən “Xrustal gecə” əməliyyatı zamanı nasistlər demək olar ki bütün yəhudi mağazalarını, evlərini, sinaqoqlarını dağıdır və nəticədə alman yəhudiləri Çexiyaya qaçırlar. Lakin faşistlər buranı da işğal edirlər. Bu insanlar arasında çoxlu sayda uşaqlar var idi. Uinton da məhz o uşaqları xilas etməyi qarşısına məqsəd qoyur.

Ondan başqa bu işlə məşğul olacaq başqa bir qurum sadəcə yox idi – belə ki, Çexoslovakiyadan olan qaçqınların işi üzrə Britaniya komitəsi uşaqlarla məşğul olmur, yalnız qocaları və əlilləri xilas edirdi. Uinton demək olar ki təkbaşına uşaqların Çexoslovakiyadan çıxarılması üzrə proqram hazırlayır. Praqada mehmanxana otağında o mağazaya bənzər bir şey qurur. Bura öz övladlarını xilas etmək istəyən valideynlər axışmağa başlayır – onlar uşaqlarının xilası naminə onları başqa ailələrə verməyə və hətta onlardan birdəfəlik ayrılmağa da razı olurlar. Nikolas uşaqların adlarını yazır, onların şəkillərini toplayır və beynində uşaqları ölkədən çıxarmağın yollarını götür-qoy edir. Onun otağına böyük növbələr düzülür bu da haqlı olaraq nasistləri onun izinə salır. Uinton nasist rütbəlilərinə sağa sola rüşvət paylayaraq vaxt qazanmağa çalışır.

O, təcili sürətdə Çexoslovakiyadan çıxarılmalı olan 900-a yaxın uşağı qeydiyyata ala bilir. 1939-cu ilin əvvəlində öz yerinə dostlarını qoyaraq Londona geri dönür. Burada o və anası da daxil olmaqla bir qrup könüllü özlərini Çexoslovakiyadan olan qaçqınların işi üzrə Britaniya komitəsinin uşaqlarla bağlı şöbəsi kimi qələmə verərək vaxt itirmədən xilas ediləcək uşaqları övladlığa götürməyə hazır olan ailələrin və maddi vəasitlərin axtarışına başlayırlar. Qanunda nəzərdə tutulduğu kimi hər bir ailə övladlığa götürdüyü uşağa 17 yaşına çatana kimi qayğı göstərməli və uşağı vətəninə geri göndərmək lazım gəldiyi təqdirdə isə 50 funt girov qoymalı idi.

Uinton qəzetlərə baş çəkərək orada övladlığa götürmək istəyən ailələrin axtarışı ilə bağlı elanlar yerləşdirir və ianə toplayır. Yüzlərlə ailələr uşaqları övladlığa götürməyə razılıq verir, çoxları maddi yardım edir. Pul çatışmadığı təqdirdə Uinton öz hesabından ödəmə edir. Bundan sonra o Böyük Britaniyanın Daxili İşlər Nazirliyinə müraciət edərək uşaqlara giriş vizalarının təmin edilməsini istəyir. Orada işləyənlər isə cavab verməkdə tələsmir, vaxt isə əksinə çox daralırdı. Müharibənin başlanmasına saylı aylar qaldığından onlar saxta vizalar hazırlamağa məcbur olurlar.

Bu zaman Uintonun Praqada olan dostu Trevor Çadvik gestaponun zabiti Karl Bemelburqla “dostluq” edərək ona rüşvət verir ki, nə yuxarı rütbəli nasist zabitləri, nə də Çexoslovakiya dəmiryolu rəhbərliyi uşaqlarla dolu olan qatarları dayandırmasın. Gestapolu çox kömək edir – o pulu lazım olan insanlara ötürür və hətta uşaqlar üçün saxta sənəd hazırlamaqda da yardım edir.

14 mart 1939-cu ildə, Hitlerin Moraviya və Bohemiya torpaqlarını alman protektoratından çıxarmasından bir neçə saat öncə, 20 uşaqla dolu birinci qatar Praqadan çıxır. Sağ qalmış insanlar sonradan vağzalda hansı dəhşətli hadisələrin baş verdiyini danışırlar – uşaqlar dayanmadan ağlayır, onları heç yerə göndərməmələrini istəyir, valideynlər isə onlardan qopa bilmirlər.

Nikolas Uinton və dostları uşaqları xilas etmək üçün 8 qatar daha təşkil edirlər. Bu qatarlar Nyurnberq və Kölndən keçərək Hollandiyanın Huk-van-Holland limanına çatır, sonra uşaqlar qayıqlarda Şimal dənizindən keçərək Esseksə, oradan isə yenidən qatarlarla Londona qədər səyahət edirlər. Orada Uinton və gələcək ailələri onları qarşılayır. Hər balaca qaçqının paltarında adı qeyd olunmuş balaca bir parça tikilir. Lakin çox təəssüf ki 8 qatardan yalnız 7-si təhlükəsiz halda Londona qədər gəlib çıxa bilir və beləcə 669 uşaq xilas edilir. 250 nəfər uşaqdan ibarət olan sonuncu qrup qatarda olarkən, 1 sentyabr 1939-cu ildə Hitler Polşaya hücum edir. Sərhədlər bağlanır və o uşaqların sonrakı taleyi barədə məlumat əldə etmək mümkün olmur. Çox güman ki onlar konslagerlərdə həyatlarını itirirlər.

Müharibədən sonra uşaqların çoxu Böyük Britaniyada məskunlaşır. Lakin əksəriyyəti vətəninə qayıdır və ya İsrailə, Avstraliyaya, ABŞ-a mühəcirət edir. Hal-hazırda bu xilas edilmiş uşaqların 70-80 yaşları var və onlar özlərini “Uintonun uşaqları” adlandırırlar.

Xilas edilmiş uşaqlar arasında  – rejissor Karel Reyş, Amerikalı nəzəriyyəçi-fizik, Nobel mükafatı laureati Valter Kon, Amerikalı astronom, Nobel mükafatı laureatı Arno Penzias, hüquq müdafiəçisi, Nyurnberq prosesləri zaman tərcüməçi işləmiş Hedi Epştayn, genetik-pediatr Renata Laksova və BBC İsrailin əsasını qoymuş Huqo Marom da var.

Bu xilasetmə əməliyyatı barədə Praqa ictimaiyyəti 1988-ci ildə Uintonun xanımı bu uşaqları övladlığa götürmüş ingilis ailələrinin ünvanları qeyd olunmuş dəftərçəni tapdıqdan sonra xəbər tutur. Bu ünvanlara məktublar göndərilir və beləcə 80-ə yaxın uşaq aşkar olunur. BBC kanalında yayımlanan That’s Life! tok-şousu Uintonu studiya qonağı kimi dəvət edir. Onun üçün gözlənilməz halda aparıcı Ester Rançen onun göstərdiyi şücaət barədə söz açır və xilas etdiyi insanlardan ayağa qalxmağı xahiş edir. Balaca studiyada onların 20-si iştirak edir.

Nikolasdan nə üçün belə bir riskli işə baş qoşduğunu soruşduqda, o çiyinlərini çəkir və bildirir: “Bəziləri üçün uşaqların ölüm təhlükəsi ilə üz-üzə qalması böyük əhəmiyyət kəsb etməsə də, digərləri üçün bu çox vacib bir məsələ idi. Bunu dərk etdikdə onları xilas etməli olduğunu anlayırsan, çünki başqa bunu heç kim etməyəcəkdi”.

Maraqlı.info

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: