Abşeron və Sumqayıtda yeni texnologiya üzərindən simsiz internet və telefoniya xidmətlərinin göstərilməsinə başlanılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin xidməti ərazilərində son nəsil simsiz rabitə texnologiyasının qurulması və nəticədə əhalini dayanıqlı rabitə, yüksəksürətli internet və digər multimedia xidmətləri ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Artıq LTE (Long Term Evolution) şəbəkəsi Abşeron rayonu üzrə Xırdalan şəhərində, Digah, Fatmayı, Məhəmmədli, Masazır, Mehdiabad, Novxanı bağları, Qobu, Saray qəsəbələrində, Sumqayıt şəhərinin 11-ci mikrorayon, Corat, Qurddərəsi, H.Z.Tağıyev qəsəbələrində mövcuddur.

Abşeron rayonunda və Sumqayıt şəhərində LTE texnologiyası üzərindən simsiz internet və telefoniya xidmətlərinin göstərilməsinə başlanılıb.LTE texnologiyası məlumatların yüksək sürətlə ötürülməsi və məhdud infrastrukturlu ərazilərin çevik şəkildə telekommunikasiya xidmətləri ilə təmin edilməsi kimi üstünlüklərə malikdir.

Qeyd edək ki, LTE texnologiyası dünyanın bir çox ölkələrində tətbiq edilir və bu xidmətin abunəçilərinin sayı 4 milyarda çatıb.
Xatırladaq ki, Azərbaycanda LTE şəbəkəsinin tətbiqi üzrə layihəyə 2018-ci ilin əvvəlində start verilib.

Pilot olaraq “Aztelekom” MMC tərəfindən Xaçmaz rayonunun Hülövlü və Qaraçı kəndlərində simsiz şəbəkə qurularaq sakinlərin evlərində qəbuledici avadanlıq quraşdırılıb. Nəticədə qeyd olunan kəndlərdə abunəçilərin yüksəksürətli internetlə yanaşı, digər multimediya xidmətlərindən istifadəsinə də imkan yaranıb. LTE üzərindən telekommunikasiya xidmətlərinin tətbiqi istiqamətində işlərin digər regionlarda da aparılması nəzərdə tutulub.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: