“Acer” Azərbaycanda “Sabahın alimləri” Respublika müsabiqəsinin qaliblərini mükafatlandırdı

Dünyanın aparıcı kompüter istehsalçılarından olan “Acer” şirkəti 12-14 fevral tarixlərində Təhsil Nazirliyinin “SABAH” layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetində“Sabahın alimləri ”VIII Respublika müsabiqəsinin qaliblərinə mükafatları təqdim edib. “Acer” şirkəti sözü gedən müsabiqənin tərəfdaşı qismində çıxış edirdi.

Müsabiqənin məqsədi ümumi təhsilin inkişafı, 9-10-cu sinif şagirdlərini elmi və yaradıcılıq faəliyyətlərinə təşviqi, həmçinin, elmi tədqiqatlara həvəsi olan və istedadlı məktəblilərin seçilməsi idi. Müsabiqədə riyaziyyat, fizika, astronomiya, kimya, biologiya, ekologiya və ətraf mühitin idarə olunması, tibb və sağlamlıq, mühəndislik və kompüter elmləri sahəsində 187 elmi layihə təqdim edən 300-dən çox məktəbli iştirak edib. Müsabiqənin nəticələrinə görə, ABŞ-da keçiriləcək İSEF elmi-texniki yarmarkasına göndəriləcək 5 qalib müəyyənləşdi. Bundan əlavə, ən parlaq layihələrin qaliblərinə diplomlar və “Acer Extensa” noutbukları təqdim olundu.

«“Sabahın alimləri” müsabiqəsi məktəblilərin gələcək inkişafına, karyera artımına və yeni perspektivlərə güclü bir təkandır. Bizim missiyamız yerli, eyni zamanda beynəlxalq bazarlara yeni fikirlər və həllər gətirən istedadları müəyyənləşdirməyə kömək etməkdir. “Acer”in dinamik və interaktiv öyrənmə mühitinə dəstək vermək üçün hazırlanmış unikal proqram təminatı ilə tamamlanan geniş məhsul çeşidi hər mərhələdə, hətta məktəbdən kənar mühitdə öyrənməyə imkan verir», – deyə Acer şirkətinin vitse prezidenti Qriqoriy Nizovskiy bildirib.

Şirkətin aparat həllərinə tabletlər, “ikisi birində” tipli cihazlar, noutbuklar, masaüstü kompüterlər, monitorlar, proyektorlar və s. daxildir.

Qeyd edək ki, “Sabahın alimləri” VIII Respublika müsabiqəsi Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi və Təhsil İşçilərinin Müstəqil Həmkarlar İttifaqı tərəfindən dəstəklənir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: