IqtisadiyyatTəqdimat

Aİ Azərbaycanın kənd təsərrüfatı siyasətinin səmərəliliyinin artırılmasına kömək edir

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Kənd təsərrüfatı sahəsinə dövlət dəstəyinin effektivliyinin və səmərəliliyinin artırılması üçün Kənd Təsərrüfatı Nazirliyinin potensialının gücləndirilməsi” adlı Tvinninq layihəsinin açılış tədbiri 1 avqust 2019-cu il tarixində baş tutdu.

 Layihə Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı sektorunun müasirləşdirilməsi və onun Azərbaycan Hökumətinin iqtisadiyyatın şaxələndirilməsi siyasəti çərçivəsində fəaliyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətində göstərdiyi davamlı səylərinin dəstəklənməsinə yönəlir. Layihə Avropa İttifaqının kənd təsərrüfatı və kənd yerlərinin inkişafı sahəsində siyasət prinsiplərindən və qabaqcıl təcrübələrindən istifadə edərək, Azərbaycanda bu sektor üzrə müəyyən edilmiş bir sıra çətinlikləri aradan qaldıracaq. Buraya dövlət dəstəyinin sektor üzrə siyasətin məqsədləri ilə daha effektli şəkildə əlaqələndirilməsi, qabaqcıl kənd təsərrüfatı təcrübələrinin tətbiqi vasitəsilə ekoloji standartların yaxşılaşdırılması, kiçik təsərrüfatların daha yaxşı təşkilinə kömək üçün kooperasiya strukturlarının təşviqi, subsidiya ödəmələrində şəffaflığın və nəzarətin yaxşılaşdırılması ilə yanaşı, fermerlərə daha yaxşı xidmət etmək üçün ticarəti təhrif etməyən “yaşıl zənbil” tədbirlərinə dəstəyin artırılması və elektron məlumat sistemlərinin gücləndirilməsi daxildir.

Layihə Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən İtaliyanın Kənd Təsərrüfatı Nazirliyi, Polşa və Litvanın kənd təsərrüfatı üzrə inzibati qurumları ilə əməkdaşlıq yolu ilə icra edilir. Azərbaycanın kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən institutları və Kənd Təsərrüfatı Nazirliyinin şöbələri də layihə tərəfdaşları arasındadır. Layihənin icrasına 2019-cu ilin may ayında başlanılıb və layihə 24 ay müddətinə davam edəcək.

 Tədbirdə Azərbaycan Respublikasının Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq bölməsinin rəhbəri, müşavir-elçi Simona Qatti və AKİA-nın sədri cənab Mirzə Əliyev açılış nitqi ilə çıxış ediblər.

“Kənd Təsərrüfatı Nazirliyi indiyədək Avropa İttifaqı ilə birlikdə bir sıra layihələri uğurla həyata keçirib. 20 ildən artıq müddətdə davam edən əməkdaşlığımız geniş təcrübə mübadiləsinə imkan verib. Əminik ki, yeni başlayan layihə Azərbaycanda kənd təsərrüfatının inkişafında, bu sahə üçün əhəmiyyətli olan kadrların hazırlanması və biliklərin artırılmasında xüsusi rol oynayacaq” – Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Aİ-Azərbaycan Tvinninq Layihəsinin təqdimatında deyib.

Aİ-nın Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri xanım Simona Gatti yeni layihənin Azərbaycanın kənd təsərrüfatı və kənd yerlərinin inkişafı potensialının davamlı artımına mühüm töhfə verəcəyinə əminliyini bildirib. Bunun üçün layihə Azərbaycanın həm ətraf mühitinin, həm də kənd yerlərinin mədəni irsinin müdafiəsini gücləndirməklə yanaşı onun zəngin müxtəlifliyindən istifadə edəcək. Aİ-nin bu sektorda ən uyğun və güclü səriştəyə malik üç üzv-dövlətinin bu müştərək Aİ-Azərbaycan fəaliyyətinə dəstək göstərməyə razılaşması məni sevindirir. Bu layihə kənd təsərrüfatı, kənd yerlərinin inkişafı və qida təhlükəsizliyi sahəsində Aİ-Azərbaycan tərəfdaşlığını davam etdirir. Bu tərəfdaşlıq kənd yerlərində gəlir mənbələrinin yaxşılaşdırılması, qida təhlükəsizliyinin, bazarlara çıxışın və beləliklə ticarət perspektivlərinin gücləndirilməsinə yönəlir,” xanım Simona Gatti deyib.

“Aqrar sahəyə dövlət dəstəyi bilavasitə kənd yerlərinin inkişafına xidmət edir. Çünki kənd yerində yaşayan insanın həyat səviyyəsi aqrar sahədə məşğulluqla bağlıdır” – Layihəni həyata keçirən Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev belə bildirib. “Azərbaycanda kənd yerlərinin inkişafı üzrə milli siyasətin gücləndirilməsi” layihəsinin rəhbəri olan Agentlik sədri əlavə edib ki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2018-ci il tarixli Fərmanı ilə kənd təsərrüfatı texnikaları və damazlıq heyvanların güzəştli şərtlərlə satışına tətbiq edilən yeniliklərdən sonra 27 iyun 2019-cu il tarixli Fərmanla “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın da təsdiqlənməsi aqrar sahəyə dövlət dəstəyinin davamlı olacağını nümayiş etdirir. “Subsidiyaların məqsədyönlü və təyinatı üzrə yönləndirilməsinin təşkili qarşımızda duran əsas vəzifədir. Ağıllı alətlərlə idarə edilən subsidiya sistemi həm dövlət vəsaitini qorumağa imkan verəcək, həm də fermerlərə dəstək olaraq, istehsala həvəsləndirəcək,” – Mirzə Əliyev deyib.

Daha sonra AKİA sədri Tvinninq Layihəsi haqda ətraflı məlumat verərək bildirib ki, layihənin məqsədi, Avropa İttifaqı Ümumi Kənd Təsərrüfatı Siyasətinin uğurlu mexanizmlərinin və ən yaxşı təcrübələrinin müəyyənləşdirilməsi yolu ilə Azərbaycanda Kənd Yerlərinin İnkişafının Həyata Keçirilməsi üçün Milli Siyasət və Vasitələrin Gücləndirilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə dəstək verməkdir. “Kənd təsərrüfatı sahəsində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və siyasi iradəsi ilə başlanılmış yeni islahat dalğasında biz dünyanın qabaqcıl ölkələrinin aqrar sahədəki təcrübələrini öyrənir, bizə uyğun olanlardan faydalanırıq. Avropanın bir sıra ölkələri həm həcmdə, həm də innovasiyaların tətbiqi baxımdan dünyanın ən inkişaf etmiş kənd təsərrüfatı məhsulları istehsalçıları siyahısındadır. Keçdiyimiz islahat mərhələsində Avropa ölkələri bizim üçün müsbət nümunələrdəndir” – sədr vurğulayıb.

Layihə kənd təsərrüfatına dair strategiya və siyasətin hazırlanması və kənd yerlərinin inkişafının təşviqi ilə yanaşı, Aİ təcrübəsinə əsaslanan informasiya texnologiyaları prosedurlarının və Kompleks İdarəetmə və Nəzarət Sisteminin  hüquqi aspektləri daxil olmaqla,  əlverişli inzibati mühitin inkişaf etdirilməsi və müvafiq kadr potensialının qurulmasını nəzərdə tutur. Layihənin həyata keçirilməsi məqsədilə İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrindən ibarət işçi qrup yaradılıb.

Frame.az

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!