Aİİ fəaliyyətinin ilkin nəticələri ilə bağlı mətbuat konfransı keçirib

Aİİ rektoru C. Məmmədov: “Aİİ yarandığı qısa müddət ərzində təhsil standartları və təhsil planını hazırlayıb, kadr təminatını həyata keçirib”

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) 24 oktyabr 2018-ci il tarixdə fəaliyyətinin ilkin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirib.
Azərbaycan Mətbuat Şurası sədri və üzvlərinin, aparıcı media qurumları rəhbərlərinin, jurnalistlərin iştirakı ilə keçirilən mətbuat konfransında Aİİ-nin təsis edildiyi vaxtdan hazırkı dövrə qədər olan fəaliyyəti, ilk tədris ilinə hazırlıq, reallaşdırdığı layihələr və gələcək perspektivlər barədə məlumat verilib.
Aİİ rektoru Ceyhun Məmmədov tədbiri giriş nitqi ilə açaraq, mətbuat konfransının məqsədinin İnstitutun fəaliyyəti ilə tanışlıq, görülən işlər, gələcək planlarla bağlı məlumatlandırma xarakteri daşıdığını bildirib. Rektor Aİİ-nin yaradılması, məqsədi, vəzifələri, hədəfləri, fəaliyyəti ilə bağlı açıqlama verib.
Azərbaycanda din siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirən C.Məmmədov Ulu Öndərin misilsiz xidmətlərinə görə İnstitutda Heydər Əliyev adına təqaüdün təsis olunduğunu diqqətə çatdırıb. Rektor daha sonra qeyd edib ki, hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu siyasəti qətiyyətlə və böyük uzaqgörənliklə davam etdirir, dövlət-din sahəsinə xüsusi qayğı göstərir.
Aİİ-nin yarandığı qısa müddət ərzində fəaliyyətinin təmin olunması üçün təhsil standartları, təhsil planının hazırlandığını, kadr təminatının həyata keçirildiyini vurğulayan rektor bildirib ki, hazırda İnstitutda 1fakültə – İlahiyyat, 3 kafedra – İslamşünaslıq, Dinşünaslıq, Dillər və ictimai fənlər fəaliyyət göstərir. Rektor çıxışına davam edərək qeyd edib ki, Aİİ-də qəbul üzrə ayrılmış plan yerləri 100 faiz dolub və ali təhsil ocağında 103 tələbə təhsil alır.
Vurğulanıb ki, İnstitutun qarşısına qoyduğu əsas məqsədlərdən biri, zəngin dünyagörüşə, dərin dini və dünyəvi biliklərə, yüksək intellektə malik kadrların hazırlanmasıdır. Daha sonra qeyd olunub ki, İnstitut tədrislə yanaşı, ölkədə həyata keçirilən dini maarifləndirmə işlərində də fəal iştirak edir. Bu məqsədlə, Aİİ-də ardıcıl olaraq müxtəlif “dəyirmi masa”lar, treninqlər, görüşlər təşkil edilib. C.Məmmədov bildirib ki, bütün bu proseslərlə yanaşı, İnstitut xaricdə fəaliyyət göstərən dini təhsil müəssisələrinin fəaliyyətini öyrənir və Azərbaycan reallığına uyğun olanları ölkəmizdə tətbiq etməyə çalışır.
Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Aİİ-nin mediaya açıq olduğunu təqdir etdiyini bildirib. İnstitutda fəaliyyətlə və tanışlıqla bağlı mətbuat konfransının keçirilməsinin vaxtında atılmış zəruri addım olduğunu bildirən Şura sədri bütün media qurumlarını Aİİ-yə informasiya dəstəyi verməyə çağırıb.
Azərbaycanda iki milli dəyərin – türkçülük və islami dəyərlərin əsas götürüldüyünü vurğulayan millət vəkili qeyd edib ki, biz hər iki qanadı sağlam saxlamağı bacarmalıyıq. Ə.Amaşov bildirib ki, biz nəinki İslamı dərindən öyrənməli, ümumiyyətlə, dünya dinləri ilə bağlı geniş bilgilərə də malik olmalıyıq. Ölkədə dini maarifləndirmənin çox vacib olduğunu vurğrlayan Ə.Amaşov bildirib ki, xüsusi dini təhsil verən müəssisələr ilə yanaşı, ölkədə mövcud olan bütün universitetlərdə, orta məktəblərdə də dini təhsilin tədrisi zəruridir. Bu mənada, Aİİ-nin yaradılmasının vaxtında verilmiş düzgün qərar olduğunu xatırladan millət vəkili Azərbaycan İlahiyyat İnstitutunun üzərinə böyük məsuliyyət düşdüyünü də qeyd edib. O vurğulayıb ki, yeni İnstitutun milli kadrlar hazırlayaraq dini xurafat, fikir ayrılığı kimi bəzi təzadların aradan qaldırılmasında xüsusi rolunun olacağına inanır.
“Yeni Azərbaycan” qəzetinin Baş redaktoru, millət vəkili Hikmət Babaoğlu ölkəmizin mürəkkəb coğrafiyada yerləşdiyini, Azərbaycanda tarixən bütün dinlərin mövcud olduğunu və multikulturalizmin əsasının məhz buradan qaynaqlandığını bildirib. Dinin ilahi vasitə olmaqla yanaşı, həm də çox zaman manipulyasiya aləti kimi istifadə edildiyini vurğulayan H.Babaoğlu Aİİ-nin fəaliyyət fəlsəfəsinin əsasında bu məsələlərin nəzərə alındığını bildirərək, ölkə Prezidentinin Sərəncamı ilə belə bir İnstitutun yaradılmasının zəruriliyini bildirib.
“İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə dinin strateji məsələ olduğunu və Aİİ-nin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. V.Rəhimzadə Aİİ-nin milli adət-ənənələrə bağlı yüksəkixtisaslı kadrlar yetişdirərək, dövlət-din siyasətinə, islami dəyərlərə, multikulturalizmə verəcəyi töhfələrlə Azərbaycanın öz din modelinin daha da möhkəmləndirilməsinə müvəffəq olacağına inamını vurğulayıb.
Çıxış edənlərdən “Səs” qəzetinin Baş redaktoru Bəhruz Quliyev, Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü Azər Həsrət, “Trend” İnformasiya Agentliyinin Baş direktorunun müavini Arzu Nağıyev, “525-ci qəzet” in Baş redaktoru Rəşad Məcid, “Olaylar” qəzetinin Baş redaktoru Yunus Oğuz, “Şərq” qəzetinin Baş redaktoru Akif Aşırlı Azərbaycanda dövlət-din siyasətindən danışaraq, Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının çox vacib addım olduğunu vurğulayıblar. Natiqlər dini təhsilin verilməsində milli-adət ənənələrimizə sadiqliyin, bəşəri dəyərlərin, dini dözümlülüyün və elmiliyin aşılanmasının əsas olduğunu bildirərək, Aİİ-nin öz təhsil standartlarında və tədris prosesində bu cəhətlərə xüsusi diqqət ayırmasını təqdir edib, təhsil müəssisəsinə fəaliyyətində uğurlar arzulayıblar.
Bir sıra vacib təkliflərin səsləndirildiyi mətbuat konfransı İnstitutla ümumi tanışlıqla başa çatıb.
Qeyd edək ki, 2018-2019-cu tədris ilində fəaliyyətinə İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə başlayan İnstitutda dünya standartlarına cavab verən yüksək təhsilin verilməsi üçün zəruri olan tələblər yerinə yetirilib.
Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradılıb. İnstitutun yaradılmasında əsas məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: