EventsMədəniyyətTeatrTəqdimat

Akademik Milli Dram Teatrında “Bir, iki – bizimki!” tamaşasının premyerası olub

Martın 27-də Akademik Milli Dram Teatrında yazıçı Kamal Abdullanın “Bir, iki – bizimki!” pyesi əsasında hazırlanan tamaşanın premyerası olub. Teatrın mətbuat xidmətindən verilən məlumata görə, Abbas Mirzə Şərifzadə adına səhnədə nümayiş olunan tamaşadan əvvəl çıxış edən teatrın bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətov yeni yaradılan səhnə haqqında məlumat verib. Teatr rəhbəri bildirib ki, “Bir, iki – bizimki!” Azərbaycanın böyük teatr xadimi Abbas Mirzə Şərifzadənin adını daşıyan səhnədə nümayiş olunan ilk tamaşadır: “Yeni yaradılan səhnəmizin qapılarını tamaşaçıların üzünə açmağımızdan kollektiv olaraq çox məmnunuq. Bu səhnədə biz yeni tamaşalarla teatrsevərlərin görüşünə gələcəyik. Bu gün Kamal Abdullanın “Bir, iki – bizimki!” tamaşasını təqdim edirik. Martın 29-da isə “Qəribə əhvalat” adında yeni premyeramız olacaq. Bundan sonra bu səhnədə bir-birindən maraqlı tamaşalar mütəmadi olaraq oynanılacaq”.

Daha sonra tamaşa nümayiş olunub. Səhnə əsərinin quruluşçu rejissoru Əlif Cahangirli, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq rəssamı Rafael Həsənov, səs rejissoru Şahanə Səlimova, rejissor assistenti Nərmin Həsənovadır.

Səhnə əsərinin bədii rəhbəri Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovdur.

Rollarda əməkdar artist Ayşad Məmmədov, aktyorlar İlahə Həsənova, Ziya Ağa, Xədicə Novruzlu və Canəli Canəliyev çıxış edir.

Tamaşaçılar tərəfindən alqışlar və böyük maraqla qarşılanan oyun qəhrəmanın əbədi rahatlıq tapmaq arzusunu təcəssüm etdirir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!