Teatr

Akademik Milli Dram Teatrının kollektivi Zərnigar Ağakişiyevanın məzarını ziyarət edib

Akademik Milli Dram Teatrının kollektivi Qubada xalq artisti Zərnigar Ağakişiyevanın məzarını ziyarət edib.Teatrın mətbuat xidmətindən verilən məlumata görə, teatrın rəhbər şəxsləri və truppa üzvləri Zərnigar Ağakişiyevanın əziz xatirəsini ehtiramla yad edib, onun ruhuna dualar oxuyublar.

Xalq artistləri Nurəddin Mehdixanlı, Hacı İsmayılov, Məleykə Əsədova, əməkdar artistlər Sənubər İsgəndərli, Əli Nur, Hicran Nəsirova, Elxan Quliyev, Kazım Abdullayev, Vəfa Zeynalova, aktyorlar Rövşən Kərimduxt, Mətləb Abdullayev, Şəhla Əliqızı və başqaları Zərnigar Ağakişiyevanın Azərbaycan teatrının və kinosunun inkişafındakı xidmətlərindən danışıblar.

Çıxış edən aktyorlar bildirib ki, Zərnigar Ağakişiyeva bütün ömrünü teatr sənətinə həsr edərək bir-birindən maraqlı rollar yaradıb, tamaşaçıların qəlbində özünəməxsus sevgi qazanıb.

Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci ildə Quba rayonunun Rustov kəndində doğulub. O, M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin “Müdriklər” dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub.

Zərnigar Ağakişiyeva yaradıcılığının xarakterik xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə uyğundur. Yaratdığı obrazlar tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanıb.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!