Frame LifeSosialTəqdimat

“AmCham”: Azərbaycanda şirkətlər ekoloji layihələrə diqqəti artırır

“Azerbaijan Coca-Cola Bottlers” zavodunda Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsinin ənənəvi aylıq iclası baş tutub. KSM Komitəsinin rəhbəri Aynur Piriyeva iclası açıq elan edərək “Azerbaijan Coca-Cola Bottlers” şirkətinə tədbirə ev sahibliyi etdiyi üçün təşəkkürünü bildirib. İclasda şirkətlər, QHT-lər və rəsmi qurumların nümayəndələri ətraf mühit layihələri haqqında təqdimatlar etmişlər və bir sıra aktual məsələni müzakirə edib. Bu unikal platforma Komitə üzvlərinə təmsil etdikləri qurumların KSM layihələri üzrə ən son yenilikləri paylaşmağa imkan yaradır.

“Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev şirkətin dünyada və Azərbaycanda yürütdüyü davamlılıq strategiyası haqqında təqdimatla çıxış edib: “Sosial məsuliyyətli şirkət olaraq “Coca-Cola” vətəndaş cəmiyyəti və dövlət qurumları ilə birgə cəmiyyətin rifahını yaxşılaşdırmağa yönəlmiş müxtəlif proqramlara dəstək olur. Ətraf mühitin inkişafı və qadınlara iqtisadi dəstəyin göstərilməsi Azərbaycanda və dünyada davamlılıq strategiyamızın başlıca prioritetlərindəndir. Biz bu sahələrə böyük yatırımlar edirik və əminik ki, bu səylərimiz insanların həyatında müsbət dəyişikliklərlə yol açır. “Coca-Cola” Azərbaycanda ən böyük ekoloji inkişaf layihəsini ADA Universiteti ilə birgə keçirir. Həmin layihə çərçivəsində Bakı və Bakı ətrafı ərazilərdə 40 mindən artıq şam və zeytun ağacları əkilib. Bu ağacların uzunömürlülüyünü təmin etmək üçün hər bir ağac damla suvarma sistemi ilə təchiz edilib. Öz növbəmdə, ətraf mühit məsələlərində öz baxışını və bu istiqamətdə yönəlmiş layihələrini paylaşmaq üçün şirkət və təşkilatları bir araya gətirən Azərbaycanda Amerika Ticarət Palatasına dərin minnətdarlığımı bildirirəm”.

ABŞ-ın Azərbaycandakı səfirliyinin iqtisadiyyat şöbəsinin əməkdaşı və enerji məsələləri üzrə məsləhətçisi Zeenat Syed yenicə yaradılmış və əsası hökümət, özəl sektor və QHT-lər tərəfindən qoyulmuş ətraf mühit üzrə işçi qrupunyaradılması haqqında məlumat verib. O, bu işçi qrupunun təkrar emal və tullantıların idarə edilməsiməsələləri ilə məşğul olduğunu qeyd edib. Onun sözlərinə görə, bu təşəbbüs ekoloji problemlərin ən başlıca qaynaqlarından olan insanların düşünmə tərzinə böyük təsir göstərəcək.

Tədbirdə Azərbaycan Təhsil Nazirliyinin nümayəndəsi Firuzə Sultanzadə Nazirliyin nəzdində yaradılan Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi haqqında, Bakı və regionlardan olan gəncləri ekoloji layihələrdə bir araya gətirəcək Mərkəzlə bağlı iştirakçıları məlumatlandırıb.

“Green Baku” təşkilatından Samir Qadirov da iclasda həyata keçirdikləri tədbirlər haqqında danışıb və Komitə üzvlərinə 2018-ci ilin sentyabrın 15-də baş tutacaq Ümumdünya Təmizlik Günü təşəbbüsü barədə məlumat verib. Məqsəd – bütün ölkələrdə Milli Təmizlik Günü keçirməklə dünya əhalisinin 5%-nin bu cür aksiyalarda iştirak etməsini təmin etməkdir.

İclasdan sonra iştirakçılar “Coca-Cola” məhsullarının istehsal prosesi ilə tanış olub və zavodun imkanları barədə məlumat alıblar.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!