“MİLLİ ANİMASİYANI DÖVLƏT DƏSTƏKLƏMƏLİDİR!”-Rəşid Ağamalıyev

Beynəlxalq Animasiya Festivalının təsisçisi Rəşid Ağamalıyev ictimaiyyətə müraciət edib.

Əziz dostlar və KİV təmsilçiləri!

Düz bir il əvvəl – 2017-ci il dekabrın 22-də Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi ilə biz “Müasir Azərbaycan animasiyası” adlı konfrans keçirtdik. Bu konfransda ölkədə multiplikasiya sənətinin inkişafının əsas problemləri müzakirə olundu. Bu konfrans bizə milli animasiyanın canlandırılması və uşaqlarımızın öz ana dilində cizgi filmlərinə baxması üçün nə etmək lazım gəldiyini dərk etməyə kömək etdi.

Ötüb getməkdə olan bu ilin sonunda milli animasiyanın inkişafı sahəsində görülmüş işləri təhlil edib sizinlə bölüşmək istərdim.

BU ÖTƏN İLDƏ BİZ NƏ İŞLƏR GÖRƏ BİLDİK?

1) “Azərbaycan animasiyası” kitabı nəşr olundu. Bu, son iki ildə 13 xarici (Çexiya, Rusiya, Türkiyə və İran) və yerli kinoşünasın ağır zəhmətinin bəhrəsi idi. Kitab azərbaycan və rus dillərində çapdan çıxıb və ötən əsrin 30-cu illərindən bu günlərəcən Azərbaycan animasiyasının inkişaf tarixini əhatə edir.

2) ANIMA.AZ adlı milli animasiya elektron xəbər portalı açılıb. Bu saytda ölkəmizə aid animasiya sahəsində bütün son məlumatlar dərc olunur.

3) ANIMAFILM – 1-ci Beynəlxalq Bakı Animasiya Festivalı keçirilib. Festival qapılarını oktyabrın 19-dan 21-nə kimi açdı, uşaqları sevindirməklə bərabər yerli və xarici animasiya ustalarını “Ən yaxşı qısametrajlı animasiya filmi”, “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” və “Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” adlı nominasiya mükafatları ilə təltif etdi.

Festival çərçivəsində Azərbaycanın animasiya tarixinə dair “ReAnimasiya” sərgisi, uşaqlar üçün animasiya master-klasları keçirildi və Azərbaycanın ən yaxşı cizgi filmləri nümayiş etdirildi.

Festivalda, həmçinin, gürcü və iran animasiyalarının retrospektivləri, uşaqlar üçün kukla tamaşası, “Azərbaycan animasiyası” kitabının təqdimatı, “Tıq-tıq xanım” cizgi filminin müəllifinin Azərbaycan animasiyasının inkişafında verdiyi töhfəyə görə “Qızıl qayıq” mükafatı ilə təltif olunması, fortepiano konserti və başqa-başqa maraqlı
tədbirlər baş tutdu.

NƏTİCƏ:
“Azərbaycan animasiyası” kitabının dərc edilməsi, ANIMA.AZ portalının yaradılması və 1-ci ANIMAFILM beynəlxalq festivalının keçirilməsi, şübhəsiz, ölkənin animasiya icmasını təşkilatlanmasına xidmət göstərdi və milli animasiyanın inkişafı üçün şərait yaratdı. Bütün bunların uşaqlarımızı sevindirəcək yeni-yeni Azərbaycan cizgi filmlərinin yaradılması üçün bir impuls verəcəyi heç şübhəsizdir.

2019-cu il PLANLARIMIZ:
1) Oktyabr ayında 2-ci ANİMAFİLM beynəlxalq festivalı keçirtmək.
2) Milli animasiyanın əhatəli İnkişaf proqramını hazırlamaq.
2) Animasiya serialının çəkilişlərinə hazırlaşmaq.
3) Bakıda peşəkar animasiya kursları təşkil etmək.
4) Azərbaycan animasiyasının inkişafı ilə bağlı yeni nəşrlər buraxmaq.

DÖVLƏTİN DƏSTƏYİ VACİBDİR:
Uşaq şüurunun inkişafı və nitqinin formalaşmasında multiplikasiya mühüm rol oynayır. Biz öz uşaqlarımızın gələcəyi üçün məsuliyyət daşıyırıq. Təəssüf ki, neçə dəfələrlə Mədəniyyət nazirliyinə müraciət etməyimizə baxmayaraq biz bu qurumdan milli animasiyanın inkişafı sahəsində layihələr həyata keçirmək üçün heç bir maliyyə dəstəyi ala bilməmişik. Hesab edirik ki, milli animasiyanı dövlət dəstəkləməlidir – ancaq bu halda ona ikinci nəfəs vermək olar.
Biz KİV-dən xahiş edirik ki, milli animasiyanın problemlərini lazımı dövlət orqanlarının diqqətinə çatdırsınlar. Ölkənin animasiya sahəsində peşəkar təhsilə, beynəlxalq festivallara və yeni animasiya filmlərinin çəkilməsi üçün maliyyələşdirilmə strukturuna böyük ehtiyacı var. Bizim uşaqlara öz dilimizdə maraqlı multfilmlər
gərəkdir.

Dövlətin təşəbbüsü və dəstəyi olmadan milli animasiya mövcud ola bilməz.

Hörmətlə,
Rəşid Ağamalıyev
ANİMAFİLM Festivalın direktoru
+420 773 221 782
www.animafilm.az
www.anima.az

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: