MusiqiTəqdimat

ASAN Radio Britaniyanın populyar “Selector” radio-şousunu yayımlayacaq

“British Council” və ASAN Radio Böyük Britaniyada populyar olan “Selector” radio-şousunun 2017-ci ilin yanvar ayından etibarən Azərbaycanda yayımlanması barədə razılığa gəliblər. Mükafata layiq görülmüş proqram Britaniya musiqi irsinin bütün janrlarını – indi (“independent” (müstəqil) sözündən götürülüb), dabstep, xalq musiqisi, soul, elektronik musiqi və bir çox digər musiqi üslublarını əhatə edir.

“Selector” radio-şousu 2017-ci ilin yanvar ayından başlayaraq hər həftənin şənbə günü saat 21:00-da və bazar günü saat 16:00-da onlayn və 100 FM dalğasında yayımlanan ASAN Radioda DJ Bazaurun təqdimatında səsləndiriləcək.

ASAN Radio xəbər verir ki, British Council-ın təşəbbüsü ilə hazırlanan “Selector” radio-şousu dünyanın 40-dan çox ölkəsində üç milyondan artıq radio dinləyicisindən ibarət geniş auditoriyaya malikdir və London şəhərindən həftəlik olaraq yayımlanır. “Selector” radio-şousu Britaniyanın məşhur ifaçılarının yeni işıq üzü görən albomlarını təqdim etməklə yanaşı dinləyiciləri gənc istedadlı musiqiçilərlə tanış edir.

Radio-şounun hər buraxılışında müsahibələrə, musiqi tənqidçilərinin fikirlərinə, canlı ifalara və studiya yazılarına yer verilir. Uzun illər ərzində şounun aparıcısı DJ Qoldiroks (Goldierocks) çoxsaylı məşhur ifaçıları, o cümlədən, Tayni Tempa (Tinie Tempah), “Metronomy” qrupu, Cessi Uer (Jessie Ware), “Bombay Bicycle Club” indi-rok qrupu, “The Horrors” rok qrupu, “London Grammar” musiqi kollektivi və digərləri ilə işləyib.

2005-ci ildə sözügedən radio-şou Böyük Britaniyanın həftəlik yayımlanan ən yaxşı radio-proqramı hesab olunub və “Sony Radio Academy Award” mükafatına layiq görülüb. “Selector” proqramı Mixcloud Mükafatlarına, Britaniyada Rəqəmsal Formatda olan Musiqi Parçalarına görə verilən Mükafatlara və Nyu-York Festivalının Mükafatlarına layiq görülüb və nüfuzlu KİV festivallarında İsveçrə və Macarıstanda ən yaxşı radio-şousu titulunu qazanıb. “Selector” radio-şousu haqqında ətraflı məlumat əldə etmək üçün http://music.britishcouncil.org/the-selector linkinə daxil olun. 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!