“ASAN xidmət” BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin iclasında təmsil olunub

12-21 aprel 2021-ci il tarixlərində davam edən BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin 20-ci sessiyası çərçivəsində 19 aprel 2021-ci il tarixində onlayn qaydada müşahidəçilərlə məsləhətləşmə görüşü keçirilib. Görüşün məqsədi müşahidəçilərin və Komitə ekspertlərinin iştirakı ilə effektiv idarəetmə və dövlət idarəçiliyi mövzularında müzakirələrin aparılması olub. Görüşə Komitənin üzvü və hazırkı sədr müavini professor Louis Meuleman tərəfindən sədrlik edilib.

100-ə yaxın iştirakçının qatıldığı görüşdə natiqlər arasında BMT-nin Dövlət İdarəçiliyi üzrə Ekspert Komitəsinin üzvləri, idarəetmə sahəsində ixtisaslaşmış bir sıra beynəlxalq təşkilatların və məhdud sayda BMT-nin üzvü olan dövlətlərin nümayəndələri yer alıblar.

BMT-nin İqtisadi və Sosial məsələlər üzrə Departamenti ilə aparılmış məhsuldar danışıqların nəticəsi olaraq sözügedən iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də təmsil olunub.

“Qurumların, institusional islahatların və idarəçiliyin keyfiyyətinin strateji siyasət sahəsi kimi tanınması” mövzusunda çıxış edən Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin sektor müdiri Məhəmmədəli Xudaverdiyev səmərəli dövlət idarəçiliyinə nail olmaq üçün institusional islahatların önəmindən danışıb. O, institusional islahatların müvafiq qurumların hədəfləri, fəaliyyətləri və dəyərləri ətrafında formalaşdırıldığını qeyd edərək bu kimi islahatların daha köklü dəyişikliklərə səbəb olma potensialının olduğunu bildirib. Dövlət idarəçiliyi sahəsində aparılan islahatların tərkib hissəsi olaraq “ASAN xidmət”in 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradıldığı iştirakçıların diqqətinə çatdırılıb.
Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə Azərbaycanda səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bundan başqa “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırılıb.

Eyni zamanda rəqəmsallaşma və rəqəmsal savadlılıq sahələrində Dövlət Agentliyinin təcrübəsinə əsaslanan tövsiyələr də Komitə üzvləri və müşahidəçilərin diqqətinə çatdırılıb.

Dövlət Agentliyinin nümayəndəsi tərəfindən verilən məlumatlar və səsləndirilən tövsiyələr iştirakçılar tərəfindən maraqla qarşılanıb və çoxsaylı suallar, şərhlər ilə müşayiət olunub.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: