Aşpazlar arasında keçirilən çempionatda qalib və mükafatçılar müəyyənləşib

Mayın 15-dən 17-dək Bakı Ekspo Mərkəzində keçirilən XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi – “WorldFood Azerbaijan” sərgisi çərçivəsində ilk dəfə Azərbaycan Aşpazlarının Çempionatı – “CHEFS CUP” keçirilib. Bu çempionat tanınmış şef aşpaz Şahhüseyn Kərimovun əziz xatirəsinə həsr olunub.

Frame.az xəbər verir ki, yarışda 18 komanda iştirak edib və onlardan 6 komanda superfinala çıxıb. Altı komanda arasında isə ilk üç yerin qalibləri müəyyənləşib. Komandalardan “PMD Hospitality” birinci, “JW Marriott” ikinci, “Boulevard Hotel” üçüncü olub.

“Dreamland”, “Gate 25”, “Absheron Hotel Group” komandaları isə müvafiq olaraq dörd, beş, altıncı yerlərdə qərarlaşıblar.

Qeyd edək ki, yarışın hakimləri A kateqoriyalı hakim, hakimlər heyətinin sədri, sloveniyalı İztok Legat, Dünya Kulinariya Assosiasiyasının İdarə Heyətinin üzvü almaniyalı Uve Mişeel, Çernoqoriya Kulinariya Assosiasiyasının rəhbəri Vuksan Mitroviç, Rusiya Federasiyasının BBQ Klubunun prezidenti Don David, Serbiya Kulinariya Assosiasiyasının fəxri prezidenti Corce Kostiç, Makedoniya Kulinariya Assosiasiyasının rəhbəri Adriana Alaçki, Dünya Kulinariya Assosiasiyasının hakimi, rusiyalı Nikolay Baratov, Dünya Kulinariya Assosiasiyasının hakimi, mavrikili Alan Paen, “Vizit Dagestan” layihəsinin rəhbəri, rusiyalı Maxaç Vahabov, Dünya Kulinariya Assosiasiyasının hakimi, isveçrəli Stevo Karapanca, serbiyalı Daniela Vlaxoviç idi.

Yarış “Caspian Event Organaiser”, “ATNC Public Union”, Chefs.az tərəfindən təşkil olunub.

Təşkilatçılar 2020-ci ildə tanınmış aşpazın xatırəsinə beynəlxalq müsabiqə keçirməyi və əsas mükafatı “Qızıl Şah” adlandırmağı planlaşdırırlar. Çempionatın əsas məqsədi gənc şef aşpazların bacarıqlarının artırılmasına, Azərbaycan aşpazlarının dünyada irəliləməsinə, ölkədə qastronomik turizmin inkişafına nail olmaqdır.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: