Autizmli uşaqların iştirakı ilə konsert

Beynəlxalq Muğam Mərkəzində “Birgə və Sağlam” İctimai Birliyi, “Natiq” Ritm Qrupu, Paşa Bank, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatları Mərkəzi və “Lider Qadınlar” İctimai Birliyinin təşkilatçılığı ilə autizm sindromlu uşaqların iştirakı ilə xor və ritm konserti keçirilib. “Autizm– Fərqli və Bizdən Biri” adlanan konsertdə ilk dəfədir ki, səhnəyə autizmli uşaqların xor və ritm qrupu çıxıb.

Frame.az xəbər verir ki, tədbirdə Türkiyənin İzmir şəhərindən gəlmiş autizm sindromundan əziyyət çəkən uşaqlar da çıxış edib. Konsert iki qardaş ölkənin autizmli uşaqlarının ifasında Azərbaycan Respublikası və Türkiyə Cümhuriyyətinin himnlərinin səslənməsi ilə başlayıb. Daha sonra məşhur sənət adamlarının çəkildiyi “Mənim adım autizmdir” videoçarxı nümayiş olunub və bukletlər paylanılıb.

“Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova çıxış edərək autizm haqqında məlumat verib, tədbirin əhəmiyyətindən danışıb və onlara dəstək olanlara minnətdarlığını bildirib. İzmirdən gələn uşaqlar səhnəyə çıxaraq qrup halında və solo ifalar təqdim ediblər. Sonra autizmin himni olan “Fərqliyəm” klipi nümayiş olunub. “Birgə və Sağlam” İctimai Birliyinin Reabilitasiya Mərkəzinin uşaqları Əməkdar Artist Tünzalə Ağayeva ilə birlikdə “Mən fəxr edirəm ki, azərbaycanlıyam”, daha sonra “Bakı”, “Gəl, ey səhər”, “Həyat, sən nə qəribəsən” mahnılarını təqdim ediblər. Autizmli uşaqların “Natiq” Ritm Qrupu ilə göstərdikləri kompozisiya isə xüsusi maraqla qarşılanıb. Cəmiyyət üzvlərinin böyük qayğısına ehtiyacı olan həmin uşaqları səhnəyə Əməkdar Artist Natiq Şirinov hazırlayıb. Konsert proqramı ilə davam edən tədbirdə autizmli uşaqlara hədiyyələr paylanılıb.

Konsertdə çıxış edən sənət adamları ətrafındakılardan anlayış, sevgi, qayğı gözləyən autizmli uşaqların cəmiyyətə inteqrasiyasının mühüm əhəmiyyət kəsb etdiyini və onlar üçün təşkil edilən aksiyada iştirak etdikləri üçün məmnun olduqlarını söyləyiblər.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: