Avqustun 5-dən 20 ölkənin vətəndaşlarının hava nəqliyyatı ilə Azərbaycana giriş-çıxışına icazə verilir – Qərar

Vaksinasiyanın əhatəlilik dairəsinin daha geniş olduğu ölkələrdə epidemioloji vəziyyətin davamlı surətdə yaxşılaşdığı nəzərə alınaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına dəyişiklik edilib.

Dəyişikliyə əsasən, 2021-ci il avqustun 5-dən etibarən əlavə olaraq aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin də Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir:

– Almaniya Federativ Respublikası;

– Avstriya Respublikası;

– Belçika Krallığı;

– Çex Respublikası;

– Danimarka Krallığı;

– İrlandiya Respublikası;

– İspaniya Krallığı;

– İsveç Krallığı;

– İsveçrə Konfederasiyası;

– Kanada;

– Lüksemburq Böyük Hersoqluğu;

– Malta Respublikası;

– Niderland Krallığı;

– Polşa Respublikası;

– Portuqaliya Respublikası;

– Serbiya Respublikası;

– Sinqapur Respublikası;

– Slovakiya Respublikası;

– Sloveniya Respublikası;

– Yunanıstan Respublikası.

Bu qərar həmin ölkələrdə davamlı vaksinasiyanın həyata keçirilməsi və pandemiya ilə mübarizənin qənaətbəxş olması ilə əlaqəlidir.

Həmin ölkələrin vətəndaşlarının da Azərbaycan Respublikasına səfər etmələri üçün aşağıdakı tələblər gözlənilməlidir:

– yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması;

– 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması.

Yaşı 1-dən aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur.

Azərbaycan Respublikasına birbaşa uçuşlar icra edən bütün aviadaşıyıcılar yalnız müvafiq tələblərə cavab verən sərnişinləri qeydiyyata almalıdırlar.

Azərbaycan ərazisinə daxil olarkən sərhəd nəzarətindən keçdikləri zaman müəyyən edilmiş tələblərə cavab verməyən sərnişinlər ölkə ərazisinə buraxılmayacaq və aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılacaq.

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: