Avropa vaksin sertifikatları “darknet”-də $300 satılir

Kaspersky bir neçə kölgə şəbəkə meydançalarını araşdırıb və koronavirus infeksiyasına qarşı Avropa nümunəsində onlayn peyvənd sertifikatı üçün satış təkliflərinin olduğunu aşkarlayıb. Elanlardakı sənəd ortalama 300 ABŞ dolları qarşılığında təklif olunur.

Dələduzlar əmin edirlər ki, sertifikatı aldığı zaman müştəri haqqında məlumatlar bazaya əlavə edilir və ona unikal QR kod təyin olunur. Alıcı peyvənd olunacağı ölkəni və peyvənd istehsalçısını seçməkdə sərbəstdir: AstraZeneca, Pfizer, Johnson&Johnson və ya Moderna. Sertifikatın özü guya hansısa bir Şərqi Avropa ölkəsində hazırlanır. Mütəxəssislər güman edir ki, elanın əsas məqsədi istifadəçilərdən pul qoparmaqdır.

Sertifikatı QR kodla və digər bütün məlumatlarla birgə elektron sənəd formatında göndərəcəklərinə söz verirlər. Satıcılar əmin edirlər ki, sənədin doğruluğunu CovPass, CovidCheck, Corona Warn və digər rəsmi tətbiqlərin köməyilə yoxlamaq mümkündür. Bəzi hallarda ödənişin istənilən kriptovalyuta ilə qəbul edildiyi qeyd olunur. Elanlara həm ingilis, həm də rus dillərində rast gəlmək olar.

“Təcavüzkarlar çoxdandır ki, müxtəlif üsullarla pandemiya, məhdudiyyətlər və peyvəndləmə mövzularından qazanc əldə etməyə çalışırlar. Hələ bu ilin mart ayında COVID-19-a qarşı xarici ölkə peyvəndlərinin satıldığının şahidi olmuşuq. Daha sonra bu mövzuya maraq azaldı. İndi təcavüzkarlar insanların dünyanı daha sərbəst gəzmək arzusuna kökləniblər, çünki bəzi ölkələrdə müvafiq peyvənd sənədləri olmayanlar üçün səyahət məhdudiyyəti tətbiq olunur. Hər bir halda, kölgə şəbəkələrdən hər hansı bir sertifikatı almamağı təkidlə tövsiyə edirik. Çox güman ki, bütün bu tipli elanlar insanların pulunu ələ keçirmək üçün adi dələduzluq cəhdləridir”, – deyə Kaspersky-nin kiber təhlükəsizlik mütəxəssisi Dmitri Qalov bildirib.

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: