EventsMədəniyyətSərgiSəyahətTəqdimat

Avstriyada “Uçan xalça” sərgisi açılıb

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan və Avstriyanın gənc rəssam-tələbələrini birləşdirən “Uçan xalça” sərgisinin açılışı olub. Sərginin təşkilatçıları ölkəmizin Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Xalça Muzeyi, Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzi və Vyana Tətbiqi Sənət Universitetidir.

Açılış mərasimində Vyanada akkreditə olunmuş diplomatik korpus nümayəndələri, Azərbaycanın Avstriyadakı səfirliyinin təmsilçiləri, Azərbaycan Xalça Muzeyi, Vyana Tətbiqi Sənət Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəhbərləri, incəsənət xadimləri, ekspertlər və sənətsevərlər iştirak ediblərlər.

Tədbiri giriş sözü ilə açan Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova iki ölkənin ali təhsil müəssisələri arasındakı məhsuldar əməkdaşlığı, tələbə mübadiləsini, birgə layihə və sərgilərin təşkilini yüksək qiymətləndirib. Rəhbərlik etdiyi qurumun Avstriyada təkcə Azərbaycan mədəniyyət və incəsənətini təbliğ etməklə kifayətlənmədiyini vurğulayan mərkəzin rəhbəri hər iki ölkənin incəsənət xadimləri, xüsusilə də gənc sənətçilər və tələbələr arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin diqqət mərkəzində dayandığını bildirib. Məhz bunları nəzərə alaraq, Azərbaycan Mədəniyyət Mərkəzi böyük məmnuniyyətlə “Crossing” (“Kəsişmə nöqtəsi”) kreativ incəsənət layihəsini dəstəkləyib.

L.Qasımova qeyd edib ki, rəhbərlik etdiyi mərkəz gələcəkdə də Azərbaycan və Avstriya arasında mədəni körpünü möhkəmləndirməyə xidmət edən bu kimi layihələrdə yaxından iştirak edəcək.

Layihə haqqında danışan Azərbaycan Xalça Muzeyinin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bildirib ki, muzey tərəfindən keçən ilin oktyabr ayında Bakıda “Ənənələr və innovasiyalar” mövzusunda Azərbaycan xalçası üzrə V Beynəlxalq Simpozium təşkil olunub. “Bu tədbir ölkəmizin mədəni həyatında böyük və əlamətdar hadisə olaraq tarixə yazıldı. Simpozium Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 14 noyabr 2016-cı il tarixli Sərəncamına əsasən keçirilib. Mötəbər tədbirə qatılmaq üçün dünyanın qabaqcıl xalça və tekstil üzrə ekspertləri, rəssamlar, kolleksiyaçılar, jurnalistlər və s. Azərbaycana təşrif buyurublar. Simpozium Azərbaycan xalça sənətinin ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük səyi nəticəsində UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil olunmasından sonra keçirilən ən mühüm hadisələrdən biri oldu. Beynəlxalq tədbirin keçirilməsi ilə əlaqədar Xalça Muzeyi “Ənənələr və innovasiyalar” mövzusunda bir sıra layihələr hazırlamışdır. Onların sırasında “Uçan xalça” sərgisi xüsusi olaraq təqdirəlayiqdir”.

Muzeyin direktoru layihənin əhəmiyyətli dərəcədə böyük marağa səbəb olduğunu da deyib. “Kəsişmə nöqtəsi” adlandırdığımız bu layihədə ən əhəmiyyətli cəhət tələbələrin birgə işdən, ənənələrlə tanışlıqdan əldə etdikləri təcrübədir. Onlar ornament sənətinin tarixi ilə yaxından tanış olaraq, ekspozisiyada xalçalara baxır, kitablar oxuyur, birgə müzakirələr aparır, kəsişmə nöqtələri axtarır və tamamilə gözlənilməz qərarlara gəlirdilər. Eksperiment inkişafın əsasıdır və məsuliyyət hissi ilə demək olar ki, biz məqsədimizə nail olduq. Bu eksperiment nəticəsi olan “Uçan xalça” sərgisi 2018-ci ilin yanvar ayınadək Azərbaycan Xalça Muzeyində böyük uğurla nümayiş edildi. Üç ay ərzində sərgi ilə ümumilikdə 20 mindən çox qonaq tanış olub”, – deyə Şirin Məlikova bildirib.

Vyana Tətbiqi Sənət Universitetinin prorektoru, “Tekstil: azad tətbiqi və eksperimental bədii dizayn“ fakültəsinin dekanı, doktor Barbara Putz-Pleçko qeyd edib ki, təmsil etdiyi ali təhsil müəssisəsi beynəlxalq tərəfdaşlarla mədəniyyətlərarası əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsində hər zaman maraqlıdır. O, mədəniyyətlərarası dialoqun incəsənətə çevrilişini əks etdirən və beş ay ərzində tələbələrin birgə fəaliyyəti nəticəsində ərsəyə gələn “Uçan xalça” sərgisinin Bakıda olduğu kimi, Vyanada da sənətsevərlər tərəfindən böyük maraqla qarşılanacağına əminliyini ifadə edib. Həmçinin qeyd edilib ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə Vyana Tətbiqi Sənət Universiteti arasında incəsənət layihələri bundan sonra da davam etdiriləcəkdir.

Sonra hər bir layihə iştirakçısı tədbir iştirakçılarına öz əsəri barədə məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!