Azərbaycan–Çexiya matçında qonaqlar qalib gəlib

2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda Azərbaycan–Çexiya oyunu keçirilib.

Frame.az xəbər verir ki, Azərbaycan komandasının start heyətində Kamran Ağayev, Pavel Paşayev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Məhəmməd Mirzəbəyov, Rahid Əmirquliyev, Riçard Almeyda, Əfran İsmayılov, Cavid Hüseynov, Dmitri Nazarov və Ruslan Qurbanov meydana çıxıblar.

Çexiyanın ilk onbirliyində isə Jiri Pavlenka, Pavel Kaderabek, Yakub Brabeç, Vladimir Darida, Josef Huşbauer, Mixael Krmençik, Yan Kopiç, Yakub Yankto, Marek Suşi, Yan Boril və Antonin Barak yer alıblar.

Qarşılaşmanı fransalı hakimlər briqadası idarə edib. Matçın baş hakimi Benoit Millot olub. Ona həmyerliləri Julien Pacelli və Bertrand Jouannaud kömək ediblər. Dördüncü hakim funksiyasını Frank Şneider yerinə yetirib. Oyunun hakim-inspektoru estoniyalı Are Habicht, komissarı isə isveçrəli Romano Clavadetşerd olub.

Matçın 35-ci dəqiqəsində çexiyalıların hücumu nəticəsində hesab açılıb. Millimizin qapıçısı Kamran Ağayev rəqib futbolçunun güclü zərbəsini dəf etsə də, özünü yetirən Yan Kopiç topu qapıdan keçirib – 0:1.

Matçın 54-cü dəqiqəsində Əfran İsmayılov Çexiya millisinin qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib – 1:1.

Görüşün 66-cı dəqiqəsində qonaqlar yenidən hesabda irəli çıxıblar. Antonin Barak hava ötürməsindən sonra topu başla qapıya göndərib – 1:2.

Oyunun qalan dəqiqələrində qapılara top vurulmayıb və matç Çexiya millisinin 1:2 hesablı üstünlüyü ilə başa çatıb.

Qeyd edək ki, millimizin yer aldığı “C” qrupunda Almaniya 24 xalla vahid liderdir. Şimali İrlandiya 19 xalla ikinci, Azərbaycan 10 xalla üçüncü, Çexiya 9 xalla dördüncüdür. Norveç 7 xalla beşinci, hesabında xal olmayan San-Marino isə sonuncu pillədə qərarlaşıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: