Azərbaycan Dövlət Musiqili Teatrında yeni tamaşa hazırlanır

Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, söhbət dahi Mirzə Fətəli Axundzadənin “Hacı Qara” iki hissəli komediyasından gedir.

Bu məşhur və klassik əsər əsasında hazırlanacaq tamaşa bir sıra yeniliklərlə zəngin olacaq. “Azərbaycan xalqının böyük mütəfəkkirlərindən olan Mirzə Fətəli Axundzadənin “Hacı Qara” iki hissəli komediyasına müraciət etməyimizin bir neçə səbəbi var. Onlardan biri də bu il 30 iyun tarixində dahi yazıçı-dramaturqumuzun anadan olmasının 205 ilinin tamam olmasıdır. Ümumiyyətlə, Mirzə Fətəli Axundzadənin əsərləri bütün dövrlərdə müasirdir. “Hacı Qara” komediyasında qabardılan problemlər bu gün də aktuallığını itirmir.

Böyük klassikimizin bu ölməz əsərini əsasən gənclərin ifasında və tam yeni bir formatda təqdim edəcəyik. Meydan üslubunda hazırlanan “Hacı Qara” bir çox yeniliklərlə zəngindir”, – deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev bildirib.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti Loğman Kərimov, musiqi tərtibatçısı Ülvi Cəfərovdur. Tamaşada rolları Məhərrəm Qurbanov, Əliməmməd Novruzov, Əmrah Dadaşov, Nicat Əli, Hüseyn Əlili, Gülnarə Əzizova, Elnarə Nağdəliyeva və Ruslan Mürsəlov ifa edirlər.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: