Azərbaycan könüllüləri növbəti dəfə “Könüllü qonşu” aksiyası çərçivəsində səfərbər olublar

Ölkəmizdə koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınmasına dair qaydalara əsasən, 65 yaşdan yuxarı olan şəxslərin təhlükəsizliyini qorumaq məqsədi ilə onlara evdən çıxmamaları tövsiyə olunub. Bu kateqoriyaya aid və tənha olan şəxslərə ən operativ köməklik göstərə biləcək şəxslər isə məhz qonşulardır.

Azərbaycan Könüllü Təşkilatları İttifaqından Frame.az-a bildiriblər ki, bu məqsədlə ittifaqın təşəbbüsü ilə ikinci dəfə ölkənin bütün şəhər və rayonlarını əhatə edən “Könüllü qonşu” aksiyasına start verilib. Ötən il dekabrın ortasından başlayaraq 2021-ci il yanvarın 18-dək davam edən sərtləşdirilmiş karantin rejimi dövründə könüllülər bu dövrün tələbləri ilə əlaqədar dərman, gündəlik ərzaq ehtiyaclarını almaq və məişət tullantılarını atmaq üçün evdən çıxa bilməyən qonşularına xüsusi qayğı və dəstək göstəriblər. Onlar yaşadıqları ərazidə qonşularının asanlıqla görə biləcəyi yerlərdə üzərində əlaqə vasitələri qeyd olunan elanlar yerləşdirərək hər an köməyə hazır olduqlarını bildiriblər.

İlk dəfə ötən ilin aprelində həyata keçirilən “Könüllü qonşu” aksiyası çərçivəsində bu günədək Şəki, Zaqatala, Qəbələ rayonları da daxil olmaqla respublikanın 45-dən çox şəhər və rayonunda ümumilikdə 1200-dən çox könüllünün iştirakı ilə 2000-ə yaxın ailəyə yardım göstərilib. Könüllülər əsasən ehtiyacı olan insanlara, xüsusən kimsəsiz olan əlillərə və 65 yaşdan yuxarı tənha ahıllara gündəlik lazımi zəruri ehtiyaclarına dair dəstəyin göstərilməsini təmin ediblər.

Aksiyada olduqca böyük həvəslə iştirak edən könüllülər insanlar arasında birlik və həmrəyliyin daha da möhkəmlənməsinə töhfələrini verərək, ehtiyac yaranan bütün hallarda vətəndaşlarımıza hər zaman dəstək göstərməyə hazır olduqlarını nümayiş etdiriblər.

Xatırladaq ki, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə könüllülər bundan əvvəl də xalqımızın sosial rifahının yaxşılaşdırılması, eləcə də humanitar yardımların çatdırılması məqsədilə “Bir-birimizi qoruyaq!”, “Könüllü donor”, “Böyüklərimizi qoruyaq!”, “Birlikdə dəstək” kimi aksiyaların həyata keçirilməsində yaxından iştirak ediblər.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: