Azərbaycan Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olundu

Mayın 18-də Azərbaycan Xalça Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət naziri və nazirliyin əməkdaşları, Azərbaycanda akkreditə olunmuş səfirlər, bir sıra muzeylərin rəhbərləri, ölkənin muzey ictimaiyyətinin təmsilçiləri,  mədəniyyət və  ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bütün dünyada bu günün sevinclə qeyd edildiyi, lakin 18 mayın Azərbaycan tarixinə kədərli gün kimi də həkk olunduğunu, bu il Laçının ermənilər tərəfindən işğalının 26-cı ildönümü olduğunu dedi. “Laçının və ümumiyyətlə, Qarabağın ərazisində çoxsaylı tarixi abidələr, muzeylər dağıdılır, maddi mədəniyyət nümunələrimiz erməni adı ilə dünyaya yayılır. Bu istiqamətdə bizim dövlətimiz hüquqi formada mübarizə aparır, hökümət səviyyəsində vacib tədbirlər görür” – deyə o, sözlərinə əlavə etdi. Eyni zamanda, ölkə rəhbərliyinin dəstəyi ilə hər il ölkəmizin mədəni sərvətlərinin YUNESCO-nun qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil olduğunu diqqətə çatdırdı.

Şirin Məlikova dedi ki, bu gün Azərbaycan Xalça Muzeyində təqdim olunan “Öz ilməni toxu” adlı instalyasiya layihəsi Azərbaycanın aparıcı muzeyi olan bu məkanın interaktivliyini olduqca gözəl əks etdirir. Belə ki, muzeyin foyesində “zili” xovsuz xalça növünü toxumaq üçün üç böyük çərçivə-hana quraşdırılmışdır. Çərçivələrdə rəngli iplik kələflər bərkidilib. Hər bir ziyarətçi zövqünə görə rəng seçərək bir və ya daha çox ip sırası toxunan xovsuz xalça üçün toxuya bilər. “Bu xalçanın yaranmasında qonaqlarımızın da iştirak etməsini istəyərdik. Muzeyimizin qonaqları bizim sərvətimizdir, bura gələn hər bir ziyarətçi və onların yeni eksponatın yaranmasına bəxş etdiyi töhfə bizim üçün çox qiymətlidir. Burada iştirak edən hər kəsi bir cərgə toxumağa, zəhmət, diqqət, səbr, səriştə, rəngləri uyğunlaşdıraraq kompozisiya yaratmaq kimi bacarıq tələb edən bu işin mürəkkəbliyini hiss etməyə dəvət edirəm” – deyən Şirin Məlikova vurğuladı.

ICOM Azərbaycan Milli Komitəsinin fəaliyyətindən söz açan Ş.Məlikova sözügedən komitənin sədri kimi bütün ICOM-çulara milli və beynəlxalq komitələrlə işlədikləri üçün təşəkkürünü bildirdi.

ICOM Azərbaycan adından idarə heyətinin üzvləri, Azərbaycan muzey və mədəniyyət, incəsənət və elm sahələrində böyük səyləri ilə tanınan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev, iki beynəlxalq komitənin idarə heyətnin üzvü, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova komitənin işində fəaliyyətlərinə görə diplomlarla təltif olundular.

Çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev muzey ictimaiyyətini bu əlamətdar gün münasibətilə təbrik etdi. O, bildirdi ki, bu gün beynəlxalq səviyyədə bütün dünyada məhz muzey işçiləri üçün qeyd olunan tarixdir. Bu günün muzey kollektivləri üçün əhəmiyyətindən söz açan nazir ölkəmizdə mədəniyyət sahəsində görülən işləri vurğulayaraq, Cənab Prezident İlham Əliyev və Birinci vitse prezident Mehriban Əliyevanın sayəsində məhz muzey sahəsinə dövlət dəstəyinin olduğunu vurğuladı. O, qeyd etdi ki. məhz ölkə rəhbərliyinin səyləri nəticəsində Azərbaycanın maddi-mədəni irsi YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Reprezentativ siyahısına daxil edilib.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov çıxış edərək, ölkəmizin muzey ictimaiyyətini təbrik etdilər.

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunan 18 may Beynəlxalq Muzeylər Gününün məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçmiş SSRİ respublikaları arasında ilk olaraq 1993-cü ildə Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi təsis edilmişdir. Hər il 18 may tarixində ICOM Azərbaycan Milli Komitəsinin dəstəyi ilə ölkəmizdə “Beynəlxalq Muzeylər Günü” qeyd olunur. Bu il Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən bütün dünya muzeyləri üçün “Hiper kommunikasiya dövründə muzeylər: yeni yanaşmalar, yeni auditoriya” mövzusu elan olunub.

Frame.az

 

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: