Azərbaycan Xalça Muzeyində “Dekorativ sənət və interyer” adlı beynəlxalq konfrans keçirilir

Bakıda Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin – Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD), Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələri (DEMHIST) “Dekorativ sənət və interyer” adlı konfrans keçirilir.

Frame.az-in məlumatına görə, tədbir Mədəniyyət Nazirliyi, ICOM Azərbaycan Milli Komitəsi və Azərbaycan Xalça Muzeyi, Beynəlxalq Muzeylər Şurası (ICOM), Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları (ICDAD), Tarixi ev muzeyləri üzrə beynəlxalq komitələri (DEMHIST) tərəfindən təşkil olunur. Konfrans Azərbaycan Milli İncəsənət Muzeyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Bülbülün Memorial Muzeyi və “Az-Granata” şirkətinin dəstəyi ilə keçirilir.

Konfransın açılış mərasimi bu gün Azərbaycan Xalça Muzeyində baş tutacaq. Konfransda Azərbaycan, Avstriya, İtaliya, Portuqaliya, Almaniya, Livan, Niderland, Yaponiya, ABŞ, Hindistan, Misir, Çexiya, Gürcüstan, Türkiyə olmaqla, 14 ölkədən 42 nümayəndə iştirak edəcək.

Tədbirdə iştirak etmək məqsədilə ICOM-un prezidenti Suay Aksoy Bakı şəhərinə ilk dəfə olaraq səfər edib.

Səfər çərçivəsində oktyabr ayının 9-da Suay Aksoy mədəniyyət naziri Əbülfəs Qarayevlə görüşüb.

Görüş zamanı son dövrdə Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi tərəfindən ölkədaxili, regional və beynəlxalq səviyyədə konfransların, seminarların təşkili barədə müzakirə aparılıb. Buna misal olaraq Bakıda təşkil olunmuş “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” seminarı, ICOM-un Arxeologiya və Tarix Muzeylər Komitəsinin illik konfransı misal gətirilib.

Qeyd edilən konfransda Tarixi ev muzeyləri üzrə beynəlxalq komitənin iştirakı vurğulanıb və komitənin iş prinsiplərinin, keçirdiyi tədbirlərin böyük maraq doğuracağı müzakirə edilib. Konfransın ev-muzeylərinin yeni iş metodları, yeni yanaşmalar ilə tanış olmasına, xarici muzey işçiləri ilə sıx əlaqələr qurmasına imkan yaradacağı vurğulanıb. Azərbaycanda fəaliyyət göstərən görkəmli şairlərin, yazıçıların, rəssamların, bəstəkarların ev muzeyləri barədə məlumat verilib.

Dekorativ sənət, dizayn muzeyləri və kolleksiyaları beynəlxalq komitəsinin fəaliyyəti tekstil və xalça sənəti ilə sıx bağlı olduğundan onun fəaliyyəti həmişə diqqət mərkəzində olduğu bildirilib. Xalça Azərbaycan xalqının həyatında çox önəmli yer tutduğuna görə bu komitənin işinin olduqca böyük önəm kəsb etdiyi müzakirə edilib.

Eyni zamanda respublikada fəaliyyət göstərən muzeylərin assosiasiyalar qismində Beynəlxalq Muzeylər Şurasına daxil edilməsi və muzeylər arası əməkdaşlığın daha da geniş şəkildə aparılması müzakirə edilib. Suay Aksoy Beynəlxalq Muzeylər Şurasında yeni yaradıcalaq komitələrə azərbaycanın muzey mütəxəssislərinin cəlb olunmasını vacib hesab etdiyini vurğulayıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: