Azərbaycan Xalça Muzeyində konservasiya üzrə növbəti ustad dərsləri keçirilib

26-30 noyabr tarixlərində ICOM Azərbaycan Milli Komitəsinin təşkitaçılığı ilə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Xalça Muzeyi ilə birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Xalça Muzeyində tekstilin konservasiyası üzrə ustad dərsləri təşkil olunub.

Ustad dərslərinin keçirilməsi məqsədi ilə Doha şəhəri İslam İncəsənəti Muzeyinin tekstil üzrə aparıcı bərpaçısı Tatyana Jdanova Bakıya dəvət olunub. Tatyana Jdanova arxeoloji və tarixi tekstilin elmi bərpası və konservasiyası üzrə mütəxəssisdir. Onun əsas fəaliyyət dairəsi toxuculuq liflərinin identifikasiyası, toxuculuq məmulatlarının, xüsusilə Şərq xalçalarının texniki analizi və İslam İncəsənəti Muzeyinin tekstil kolleksiyası üzrə məlumat bazasının hazırlanması ilə əlaqəlidir.

Ustad dərslərin proqramı “Tarixi tekstilin konservasiyası” mövzusunda mühazirə və praktiki dərslərdən ibarət olub. Həmin proqram tekstilin sənədləşdirilməsi, liflərin identifikasiyası və mikroskopik analizi, xalça strukturunun identifikasiyası kimi incəlikləri əhatə edib. Azərbaycan Xalça Muzeyinin kolleksiyasından XVII əsrə aid “Xətai” xalçasının təmizlənməsi və konservasiyası həyata keçirilib.

Qeyd edək ki, konservasiya üzrə ustad-dərsləri Azərbaycan Xalça Muzeyində 2016-cı ildən etibarən həyata keçirilən “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində təşkil edilir. Layihənin məqsədi Azərbaycanın mədəni sərvətinin qorunub saxlanılması və xalq yaradıcılığının unudulmaqda olan növlərinin dirçəldilməsidir. Həmin layihə müxtəlif tikmə növləri, xovsuz xalçalar, misqərlik, zərgərlik, keramika və digər milli dekorativ-tətbiqi sənət növlərini əhatə edir. Belə ki, 2016-2017-ci illərdə sözügedən layihə çərçivəsində Azərbaycan Xalça Muzeyində Almaniya və Rusiyadan dəvət olunmuş bərpaçıların iştirakı ilə tekstilin konservasiyası və bərpası üzrə ustad-dərslər, Dağıstan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan dəvət olunmuş tikmə ustalarının iştirakı ilə isə tikmə sənəti üzrə ustad-dərslər keçirilib.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: