Azərbaycan Xalça Muzeyində Novruz bayramı ilə bağlı silsilə “Ailə günü” keçiriləcək

Azərbaycan Xalça Muzeyində xalqımızın qədim milli bayramı olan Novruz bayramı ilə əlaqədar olaraq, muzeyin uğurlu “Ailə günü” proqramı çərçivəsində silsilə tədbirlər təşkil olunacaq. Bu tədbirlər Azərbaycanda bayramla əlaqədar nəzərdə tutulan tətil günlərində də davam edəcək. Burada məqsəd Bakının sakinləri və şəhərimizin qonaqlarına Azərbaycan milli, maddi-mədəni irsini, mədəniyyətimizi təbliğ etməkdir. Bununla yanaşı, muzeydə Novruz bayramı münasibətilə fevralın 27-dən başlayaraq çərşənbələrə həsr olunan tədbirlər təşkil olunur.

Novruz bayramına qədər dörd ünsürlə bağlı olan Su, Od, Hava, Torpaq çərşənbəsi günlərində muzeydə ziyarətçilər üçün xüsusi proqramlar təqdim olunur.

Tədbirlər proqramında öyrədici və əyləncəli tədbirlər, o cümlədən ustad dərsləri və müxtəlif maraqlı təlimlər olur. Eyni zamanda, Bakı şəhərinin müxtəlif məktəblərini təmsil edən şagirdlər rəqs, mahnı, şeir və digər özfəaliyyət bacarıqlarını nümayiş etdirmək imkanı əldə edirlər. “Öyrən və əylən” rubrikasında uşaqlara Novruz bayramından öncə xalqımızın qeyd etdiyi dörd çərşənbənin hər birinin özəlliyi, ifadə etdiyi mənalarla bağlı maraqlı məlumatlar təqdim olunur. Bu, Azərbaycan xalqının milli-mənəvi, maddi və mədəni dəyərlərini, zəngin adət-ənənələrini gənc nəslə tanıtmaq və təbliğ etmək məqsədi daşıyır.

Xatırladaq ki, hər ayın son şənbə günü Azərbaycan Xalça Muzeyində “Ailə günü” təşkil edilir. Həmin gün muzey tərəfindən ziyarətçilərə, xüsusilə uşaqlara maraqlı tədbirlər proqramı təqdim olunur.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: