Azərbaycan Xalça Muzeyində “Pazırık xalısı. Rəmzlər dünyası” adlı kitabın təqdimatı keçirildi

Azərbaycan Xalça Muzeyində xalçaçı-rəssam, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Məmmədhüseyn Hüseynovun müəllifi olduğu “Pazırık xalısı. Rəmzlər dünyası” adlı kitabın təqdimatı keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, o cümlədən nazirliyin, Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Azərbaycan Rəssamlar İttifaqının nümayəndələri iştirak etdilər.

Tədbirdə çıxış edən muzeyin direktoru, ICOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova bildirdi ki, bu kitab nəinki təkcə Azərbaycan xalçaçılıq elmi üçün böyük töhfədir, eyni zamanda, bütövlükdə türk dünyasının simvolu, mənəvi və maddi mədəniyyətimizin abidəsi olan xalça sənətinin öyrənilməsi üçün qiymətli və dərin mənbədir. “Dünyada Pazırık xalça kimi tanınan bu xalça bütün türk dünyası üçün sakraldır. Onun səthində yerləşən ornamentlərin çox əhatəli mənaları, xalçanın mükəmməl və dəqiq kompozisiya quruluşu, əsrlər boyü rənglərin şux qalması bu sənətin qədim dövrlərdə yüksək inkişaf səviyyəsini bildirir ” – deyə Şirin Məlikova bildirdi.

Müəllifin bu kitab üzərində illər ərzində çalışdığını bildirən Şirin Məlikova onun çoxlu faktlar, maraqlı ideyalar irəli sürdüyünü qeyd etdi. “Təsəvvür etmək çətin olur ki, bu xalının yaşı 2500 ilə bərabərdir və 1949-cu ildən aşkar olunmasından sonra tətqiq olunur. Müəllif bu tədqiqatda müxtəlif yanaşmaları nəzərə alaraq, bu xalının məhz türk xalqlarına məxsusluğunu sübut edir” – deyə Şirin Məlikova vurğuladı. O, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə bu kitabın gözəl dizaynı və çapını öz üzərinə götürdüyünə görə minnətdarlığını bildirdi. Bu kitabın daha geniş auditoriyaya çatdırılması, beynəlxalq səviyyədə təqdim olunması üçün ingilis dilində olmasının vacibliyini bildirdi. O, qeyd etdi ki, bu, milli-mədəni dəyərlərimizə, maddi irsimizə sahiblənmək istəyən məkrli qonşumuza həm coğrafi-mədəni, həm də mənəvi hüdudları aşan yaxşı cavabdır.

Şirin Məlikova sözügedən kitabda muzeyin bir neçə eksponatının da təqdim olunduğunu qeyd etdi.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: