Azərbaycanda “Mədəniyyət və Yaradıcılıq Proqramı” çərçivəsində forum keçiriləcək

Milli Mədəniyyət Forumu zamanı yerli və beynəlxalq ekspertlər Avropa ölkələrinin və Azərbaycanın mədəniyyət sahəsinə aid qabaqcıl təcrübələri müzakirə edəcək. Forum Avropa İttifaqının Şərq Tərəfdaşlığı “Mədəniyyət və Yaradıcılıq Proqramı” çərçivəsində təşkil olunur.

Yaradıcılıq sektoru – iqtisadiyyatın ən sürətlə inkişaf edən sahələrindən biridir. Avropa İttifaqı ölkələrində onun payına düşən ÜDM 4.2%, gəlirin məbləği isə 535,9 milyard avro təşkil edir.  Mədəniyyət və yaradıcılıq sahələrində çalışan avropalıların sayı yeddi milyondan çoxdur – bu göstərici Avropa İttifaqı ölkələrinin iqtisadi fəal əhalisinin 3,3%-ni təşkil edir.

İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin rəhbəri və Forumun spikerlərindən biri olan Əsmər Abdullayeva hesab edir ki, “yaradıcılıq sahəsi təkcə bu və ya digər ölkələrin rifahına müsbət təsir göstərməklə kifayətlənmir, eyni zamanda daha önəmli dividentlərin əldə edilməsinə, insan kapitalının artırılmasına və yaradıcı məhsul – tamamilə yeni sürətli və uzunmüddətli kapital mənbəyinə çevrilə bilən ideya üçün potensial investisiyaların cəlb olunmasına imkan yaradır”.

Yaradıcı gənc nəsil

Qeydə alınan yüksək məşğulluq göstəricilərindən əlavə, Avropa ölkələrinin yaradıcılıq sektorunda işə götürülən 15-29 yaşlı gənclərin sayı hər hansı digər sahə ilə müqayisədə daha çoxdur (yaradıcılıq sahələri üzrə ümumi məşğulluq səviyyəsinin 19,1%-i). Şərqi və Mərkəzi Avropada bu tendensiya daha çox nəzərə çarpır: yaradıcılıq sahəsində gənclərin məşğulluq səviyyəsi iqtisadiyyatın digər sahələri ilə müqayisədə orta hesabla 1.3% çoxdur. Əsmər Abdullayevanın fikrincə, Azərbaycanda yaradıcılıq sahələrini inkişaf etdirmək üçün innovativ ideyaları və maraqlı konsepsiyaları işləyib hazırlayan gənc istedadları dəstəkləmək lazımdır. “Qloballaşma və süni intellektin inkişafı dövründə orijinal ideyalar bazarı artıq çiçəklənmə mərhələsini yaşayır”.

Forumun strukturu

Forumun birinci günü gənc sahibkarların potensialına həsr ediləcək.

25 oktyabr tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Sabah Qruplarının, habelə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin, “Azercell” Telekom MMC-nin dəstəyi ilə yaradıcı biznesin inkişafı üzrə “TeamLab Azerbaijan” praktik seminarı təşkil olunacaq. Sözügedən seminarda 50 tələbə iştirak edəcək və onlar təcrübəli mentorlar ilə birlikdə yaradıcı biznes ideyalar üzərində işləyəcəklər. Tələbələrin gördüyü işlərin nəticələri Forumun ikinci günündə təqdim olunacaq.

26 oktyabr tarixində “İnnovasiyalar və inkişaf üçün mədəniyyət və yaradıcılıq” Forumu keçiriləcək. Forum zamanı Azərbaycanda yaradıcılıq sahələrinin inkişafının əsas mərhələləri müəyyən ediləcək. Eyni zamanda, iştirakçılar Avropa İttifaqı ölkələrindən olan mütəxəssislərlə qabaqcıl təcrübə mübadiləsi apara biləcək. Forum zamanı siz Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən iki araşdırmanın nəticəsi ilə tanış ola biləcəksiniz:

UNESCO-nun mədəniyyətin inkişafı üçün müəyyən etdiyi göstəricilərin Azərbaycanda araşdırılmasının nəticələri. Onları beynəlxalq ekspert Saymon Ellis (Mədəniyyət və Yaradıcılıq Proqramı, UNESCO-nun mədəniyyət göstəriciləri təşəbbüsü (Kanada)) təqdim edəcək.

Azərbaycanda yaradıcılıq sahəsinin inkişaf etdirilməsi ilə bağlı tövsiyələr. Araşdırma Portuqaliyadan olan ekspert Kristina Farina tərəfindən aparılmışdır.

Azərbaycanın potensialı

Avropa İttifaqının Şərq Tərəfdaşlığı “Mədəniyyət və Yaradıcılıq” Proqramının eksperti Raqnar Siil Azərbaycanın böyük mədəni potensiala malik olduğunu düşünür:

“Mədəniyyət və yaradıcılıq sahələri yeni iş yerlərinin yaradılmasına və iqtisadi artıma səbəb olduğundan, şəhər və regionların inkişafına imkan yaratdığından, innovasiyaları  dəstəklədiyindən, təhsilin, sosial inteqrasiyanın və həyatın keyfiyyətini yaxşılaşdırdığından dünyadakı bütün ölkələr üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan yaradıcı peşəkarlardan və şagirdlərin ixtiraçılığından başlamış zəngin mədəni irsə və fəal mədəni həyata qədər bütün istiqamətlərdə böyük potensiala malikdir. Əsas məsələ bu resursları rəqabətədavamlı və dayanıqlı mədəniyyət və yaradıcılıq sahələrinə çevirməyin yolunu axtarıb tapmaqdan ibarətdir”.

Nümunə: “Dizayn və innovasiya mərkəzinin yaradılması” adlı araşdırma zamanı azərbaycanlı ekspertlər qeyd etmişdir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ilə əməkdaşlıq əlaqələrinin qurulması, habelə, Azərbaycanda investisiya müqavilələrinin razılaşdırılması ölkədə təkcə sənayenin deyil, eyni zamanda dizayn sektorunun inkişafına təkan vermişdir. Bu, iş yerlərinin sayının artmasına səbəb olmuşdur. Hal-hazırda “dizayn” ixtisası gənclərin ən çox üstünlük verdiyi ixtisaslardan biridir. Xaricdə təhsil almış gənc mütəxəssislər isə artıq xarici ölkələrdə tanınır. Məsələn, “Lamborghini” avtomobillərinin dizaynını hazırlayan, habelə, “Red Dot Design Awards 2015” mükafatına layiq görülmüş Samir Sadıxov və ya 2015-ci ildə “Mercedes Benz Fashion Week Istanbul” dəb həftəsində şəxsi kolleksiyasını təqdim edən dizayner-modelyer Rüfət İsmayıl.

Forumda iştirak etmək üçün 18 oktyabr tarixinədək onlayn formada qeydiyyatdan keçmək xahiş olunur: http://bit.ly/FORUM_AZ. 23 oktyabr tarixinədək sizə iştirakın təsdiqi barədə məlumat veriləcək.

Tarix: 25-26 oktyabr 2017-ci il

Keçirilmə yeri: Bakı şəhəri, Daş Salnamə Muzeyi (Dövlət Bayrağı Meydanı)

Mədəniyyət xüsusi əhəmiyyətə malikdir

Ülviyyə Ədalətqızı

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: