Azərbaycanın 1 illik yarışlardan kənarlaşdırılması rəsmiləşdi

Azərbaycan Ağır Atletika Federasiyasının bir il müddətinə bütün yarışlarda təmsilçilik hüququndan məhrum edilməsi ilə bağlı qərar qüvvəyə minib. Goal.az Dünya Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytına istinadən xəbər verir ki, qurum bununla bağlı cəzaya məruz qalan 9 ölkənin milli federasiyalarını məlumatlandırıb.

IWF-in prezidenti Tamaş Ayan məsələ ilə əlaqədar bildirib ki, problemin həlli üçün cəzaya məruz qalan ölkələrdə idman sahəsində dəyişiklik olmalıdır: “Bu ölkələrin əksəriyyətində yerli federasiya rəhbərliyində dəyişikliklər baş verib. Artıq vəziyyətin yaxşılaşdırılması üçün tədbirlər görülür. Əlbəttə, biz bunu alqışlayırıq. Bu dəyişikliklər təmiz idmanın tələblərinə uyğun olacaq. Həmin ölkələrdə dopinqlə mübarizə gücləndiriləcək. IWF onların bu istiqamətdə düzgün iş aparmalarına əmin olmaq üçün lazım olan hər şeyi edəcək ki, yenidən sıralarımızda öz yerlərini tutsunlar”. Məlumata görə, IWF müstəqil nəzarət qrupu yaraışlardan kənarlaşdırılan federasiyaların bütün dövr ərzində vəziyyətini qiymətləndirəcək. Bu qrup federasiyaların IWF-in təşkil etdiyi yarışlarda qismən iştirakı haqqında qərar qəbul edə bilər.

Qeyd edək ki, IWF İcraiyyə Komitəsinin sentyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında Azərbaycan, Ermənistan, Belarus, Çin, Moldova, Qazaxıstan, Rusiya, Türkiyə və Ukraynanın bir il müddətinə bütün yarışlarda təmsilçilik hüququndan məhrum edilməsi ilə bağlı qərar qəbul olunub. Azərbaycanın cəzaya məruz qalmasına 2008-ci il Pekin və 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın 3-dən çox, daha dəqiqi 5 atletinin dopinq-testinin təkrar analizlərinin müsbət nəticə verməsi səbəb olub. Xatırladaq ki, Pekin olimpiadasında Sərdar Həsənov (62 kq), İntiqam Zairov (85 kq) və Nizami Paşayev (94 kq), Londonda isə Boyanka Kostova (58 kq) və İntiqam Zairovun (94 kq) dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verib.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: