IqtisadiyyatMobil dünyaTəqdimat

Azərbaycanın korporativ sektoru kiberhücumlardan daha yaxşı qorunub

Azərbaycan korporativ istifadəçilərin veb üzərindən ən az kiberhücumlara məruz qalan ölkələr sırasındadır. Cari ilin yanvar-iyul aylarında bu göstərici cəmi 16,1% təşkil edib. Bu barədə “Kaspersky Lab”ın 2018-ci ilin ilk yeddi ayının yekunlarına dair MDB ölkələrində kibertəhdidlər üzrə hazırladığı hesabatda bildirilir.

Hesabat dövründə Tacikistanda korporativ istifadəçilərin 24%-i veb üzrə kiberhücumlara məruz qalib, Qırğızıstanda bu göstərici 23,4%, Belarusda – 23%, Ukraynada – 21,5%, Rusiyada – 19,4%, Ermənistanda – 19%, Qazaxıstanda – 18,9%, Moldovada – 16,7%, Türkmənistanda isə 12,6% təşkil edib.

Göründüyü kimi, Azərbaycan korporativ istifadəçilərin veb üzərindənhücuma məruz qalan ölkələr sırasında doqquzuncu yeri tutur.

“Kaspersky Lab”ın Rusiya və MDB üzrə icraçı direktoru Sergey Zemkovun sözlərinə görə, Azərbaycan üzrə aşağı göstərici ölkədə korporativ istifadəçilərin daha yaxşı qorunduğu barədə xəbər verir. O, onların hazırlıqlarının yüksək səviyyədə olmasını istisna etmir.

“Kaspersky Lab”ın nümayəndəsi hesab edir ki, Azərbaycanda şirkətlər öz təhlükəsizlik səviyyələrinin artırılması üzrə aktiv iş aparırlar, lakin, təəssüflər olsun, fərdi seqmentdə və kiçik və orta sahibkarlıq sahəsində piratçılıq səviyyəsi hələ də yüksəkdir. “Kaspersky Lab”ın statistikası bir qayda olaraq lisenziyalı istifadəçilərdən toplanmış məlumatlar əsasında hazırlanır.

Sergey Zemkov onu da bildirib ki, Azərbaycanın internet bazarı kifayət qədər cəmlənmişdir, burada aktiv veb-təhdidlərə daxili səviyyədə nəzarət etmək imkanı mövcuddur.

“Kiçik ölkələrdə qlobal internet trafikin giriş nöqtələrinin sayı az olması səbəbindən yüksək səviyyəli təhlükəsizliyi təşkil etmək elə də çətin deyil. Məsələn, Türkmənistanda veb-təhdidlər ümumiyyətlə yoxdur, belə ki, bu ölkə qlobal şəbəkədən təcriddir və veb-təhdidlər informasiyanın köçürülməsi şəklində xarici daşıyıcılar vasitəsilə əmələ gəlir”, – deyə Sergey Zemkov bildirib.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında lokal təhdidlərin hücumuna məruz qalmış korporativ istifadəçilərin payı Tacikistanda 50%, Türkmənistanda – 46,7%, Qazaxıstanda – 38,2%, Qırğızıstanda – 37,2%, Belarusda – 35%, Azərbaycanda – 29%, Ermənistanda – 27,3%, Rusiyada – 25,3%, Moldovada – 24,1%, Ukraynada isə 22,6% təşkil edib.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!