EventsMusiqiMədəniyyət

Azərbaycanın opera ulduzları “Aida” operasının tamaşasında iştirak edəcəklər

Oktyabrın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Aida”  operasının tamaşası keçiriləcəkdir. Uzun illərdən bəri Teatrın repertuarında olan bu tamaşa opera həvəskarları tərəfindən çox sevilir və onun hər bir nümayişi  geniş tamaşaçı auditoriyası toplayır.

Bu dəfəki tamaşa Azərbaycan milli operası ulduzlarının iştirakı ilə baş tutacaqdır. Tamaşada əsas mərkəzi partiyanı – Aida partiyasını Azərbaycanın Əməkdar artisti, “Humay” milli mükafatının laureatı Afaq Abbasova ifa edəcəkdir. Radames rolunda Azərbaycanın Əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, İtaliyanın La-Skala akademiyasının solisti Azər Rza-Zadə çıxış edəcəkdir. Azərbaycanın Xalq artisti Fidan Hacıyeva tamaşada Amneris partiyasını ifa edəcəkdir. Daha bir əsas partiyanı Amonasro partiyasını ifa etmək üçün Azərbaycanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, Almaniyanın Manheym Milli Operasının solisti Əvəz Abdullayev dəvət olunmuşdur.  Adı çəkilən ulduzlardan başqa opera tamaşasında həm də Xalq artisti, Vokalçıların Bülbül adına I beynəlxalq müsabiqəsinin Qran-pri mükafatı laureatı Əli Əsgərov (Misir şahı), Əməkdar artist İnarə Babayeva (Kahin qadın) və vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, Mariinski adına Opera və Balet Teatrının solisti Məhərrəm Hüseynov (Ramfis) də iştirak edəcəklər.

Tamaşanı respublikanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və “Humay” milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcəkdir.

Frame.az                                                                                    

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!