Azərbaycanın Şəmkir, Şamaxı və Gəncə regionlarında ən yaxşı parklar

Azərbaycanın regionlarında ən yaxşı parklar haqqında məqaləmizi davam etdiririk. Gözəl təchiz edilmiş bu şəhər parkları və bağçalar təbiətin qoynunda sakit istirahətə üstünlük verənlərin ürəyindən olacaq. Bəzi parklarda tarixi abidələrin olması onları açıq səma altında muzeylərlə bir sıraya qoyur.

Şəmkir şəhər parkı

Şəmkirdəki Bayraq Meydanı və Heydər Əliyev Mərkəzinin yaxınlığında böyük şəhər parkı salınıb. 2013-cü ildə açılmış parkın ümumi sahəsi 22 hektardır. Onun ərazisində 7 müasir fəvvarə var, 800 metr uzunluğunda tunel tipli su kanalları çəkilib və üstündən 10 körpü salınıb. Parkda, həmçinin süni göl yaradılıb, təxminən 20 min dekorativ ağac və müxtəlif növ gül əkilib.

Şəmkir şəhər parkının özəl cəhəti isə böyük əyləncə mərkəzidir. Mərkəzdə çoxlu sayda açıq hava attraksionları və oyun zalları var.

Şəmkir Əyləncə Mərkəzi

Bu böyük attraksionlar parkı həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulur. Açıq havada 12 növ başgicəlləndirici yelləncək və attraksion, o cümlədən “Amerikan təpəcikləri” quraşdırılıb. Balacalar uşaq parovozunda gəzə və ya avtodromda maşın sürə bilərlər. Böyüklərə “360” attraksionu xoş gələcək. Onun oxu şaquli istiqamət üzrə 360 dərəcə dövr edir ki, nəticədə sərnişinlər çəkisizliyi və qravitasiyanı hiss edirlər. Həm böyüklərə, həm də uşaqlara attraksion-panoramda yellənmək maraqlı olacaq. Buradan Şəmkir şəhər parkına füsunkar mənzərə açılır. Həmçinin arzu edənlər velosiped kirayəsi xidmətindən istifadə edə bilərlər. Parkda velosipedçilər üçün xüsusi cığırlar var.

Bu hələ harasıdır. Şəmkir Əyləncə Mərkəzinin böyük bağlı pavilyonunda 150-dən çox oyun avtomatı və attraksion var. Məsələn, burada böyük buz meydançası, müxtəlif atıcılıq tirləri, yürüş simulyatorları və digər əyləncə vasitələri var. “7D” interaktiv attraksionunu ayrıca qeyd etməyinə dəyər. Belə ki, burada kosmik gəmidə uzaq planetə səyahət etmək və s. mümkündür. Stereoskopik təsvir, keyfiyyətli səsləndirmə və hərəkət edən kreslo unudulmaz təəssürat yaradır.

Pavilyonun “İce Bar”ında dondurma, şirniyyat yemək, içkilər içmək olar. Kompleks yay mövsümündə saat 10:00-dan 01:00-dək, qışda 23:00-dək işləyir.

İstiqlal parkı – Şəmkir

Şəhərin Həzi Aslanov küçəsi, 14 ünvanında yerləşən İstiqlal parkı 2009-cu ildə açılıb. Park öz heykəltəraşlıq kompozisiyaları və köhnə alman evinin içində fəaliyyət göstərən “Annenfeld” kafesi ilə tanınır.

Parkın girişi ilə üzbəüz şəmkirli Aşıq Teymurun heykəli ucalır. Azərbaycanın aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu sənət xalq arasında, o cümlədən Şəmkirdə populyardır. Abidənin yaxınlığındakı kiçik meydançada tez-tez gənc aşıqlar çıxış edir. Bir neçə il əvvəl isə Şəmkirdə gənc aşıqların Azərbaycan müsabiqənin finalı keçirilib.

Bu parkda daha bir heykəltəraşlıq kompozisiyası var: royal arxasında oturan dahi bəstəkar Üzeyir Hacıbəyli və yanında dayanan, əslən şəmkirli söz ustadı Əhməd Cavad. Onların yaradıcılıq birliyi Azərbaycan himninin yaradılması ilə yekunlaşıb.

Parkda çoxlu yaşıllıq, rahat skamyalar, qəşəng fəvvarə var. Yaxınlıqda məscid, icra hakimiyyətinin binası və mədəniyyət evi yerləşir.

Xaqani parkı – Şəmkir

Şəhərin Səməd Vurğun və Mehdi Hüseyn küçələrinin kəsişməsində yerləşən bu parkın əsası 1850-ci ildə qoyulub. Sovet dövründə komsomol parkı adlandırılıb.

2007-ci ildə Xaqani parkında yenidənqurma işləri aparılıb. Burada 2 hektar ərazidə yaşıllığın, güllərin və dekorativ kolların arasında skamyalar yerləşdirilib, körpüsü olan su kanalları tikilib. Süni göldə ördəklər üzür. Ağaclardan quşlar üçün taxta quş yuvaları asılıb. Yerli bitki növləri ilə yanaşı, Asiya və Amerika ölkələrindən nadir bitki növləri də gətirilib.

Parkın ərazisində salınmış uşaq meydançasında yelləncəklər, kiçik zoopark, çayxana və “Borçalı” restoranı fəaliyyət göstərir.

Abidələr parkı – Şəmkir

Şəhərin İsrafil Məmmədov və Vaqif küçələrinin kəsişməsində yerləşən park təsadüfən Abidələr parkı adlandırılmır. Burada, həqiqətən, Azərbaycanın ən məşhur görməli yerləri ilə tanış olmaq mümkündür, lakin dəqiqliklə hazırlanmış kiçik ölçülərdə. Parkın planı Azərbaycanın xəritəsinin cizgilərini təkrarlayır, Xəzər dənizini isə fəvvarələrlə bəzədilmiş hovuz təcəssüm etdirir. Beləliklə, görməli yerlər onların yerləşdiyi regionlara müvafiq olaraq yerləşib. Məsələn, Abşeron yarımadası Qız qalası və Atəşgah kompleksinin, Şəki Kiş kəndində qədim alban məbədlərinin, Gəncə Cümə məscidinin (Şah Abbas məscidi) maketləri ilə verilib. Bütövlükdə Azərbaycan tarixi ilə maraqlanan hər kəs üçün park informativ olacaq. Kim bilir, bəlkə də siz bu və ya digər tarixi abidənin maketi ilə tanış olduqdan sonra onun olduğu regiona getmək və onu əyani görmək istəyəcəksiniz.

Parkda istirahət üçün çox gözəl şərait yaradılıb, qazonlar arasında skamyalar qoyulub, müasir kafe işləyir.

Çinarlı qəsəbəsindəki park – Şəmkir

Şəmkirin cənubunda yerləşən Çinarlı kəndini vaxtilə burada yaşayan almanlar Georqsfeld adlandırıblar. Qəsəbədə sahibkarların çoxsaylı ev və villaları var, lakin onların almanlara heç bir aidiyyəti yoxdur. Şvablardan qalmış qədimi parka mütləq getmək lazımdır.

Georqsfeldin əsası 1888-ci ildə qoyulub, iki ildən sonra isə burada sahəsi 5 hektar olan mənzərəli park salınıb. Onun ərazisində rəqs meydançası, Mədəniyyət Evi və Lüteran kilsəsi olub. Sıx yaşıllıq parka xüsusi gözəllik verir, adama elə gəlir ki, cəngəlliyə düşüb. Floranın müxtəlifliyi, o cümlədən sərv və şam ağacları, hər addımda rast gəlinən palmalar, nadir hind qozu, habelə bambuk ağacları belə təsəvvür yaradır. Bambuku vaxtilə almanlar gətirib.

Parkda 1990-cı il 20 Yanvar faciəsinin qurbanlarına həsr edilmiş memorial qoyulub.

20 Yanvar parkı – Şamaxı

Şəhriyar və 20 Yanvar küçələrinin kəsişməsində yerləşən park 1950-ci ildə açılıb. Şamaxı sakinlərinin və qonaqlarının məşhur istirahət yeri olan bu parkda beş çayxana var və həmişə də müştəri ilə dolu olur. Buraya gələnlər çay içə-içə dincələ bilər, yaxud ağacların kölgəsindəki skamyalarda əyləşə bilərlər. Arzu edənlər bilyard oynaya bilərlər, burada yaxşı bilyard stolları quraşdırılıb, kirayəyə nərd və domino da götürmək olar.

Parkda pensiyaçılar çox olur. Eyni zamanda, buraya gələnlərin sırasında gənclər və uşaqlar da az deyil.

Nəsimi bağı – Şamaxı

Bu kiçik bağ Şamaxıda doğulmuş şair İmadəddin Nəsimiyə (1369-1417) abidə qoyulması ilə əlamətdardır.

Parkın yaxınlığındakı küçə Bahəddin Mirzəyevin (Sovet İttifaqı Qəhrəmanı) adını daşıyır. Küçəboyu düzülmüş daş divarda Şamaxıdan olan məşhur şairlərin, o cümlədən Bahar Şirvani, Sabir, Nəsimi, Seyid Əzim Şirvani, Abbas Səhhət, Məhəmməd Hadi və başqalarının barelyefi qoyulub, onların əsərlərindən sitatlar gətirilib. Bu küçənin əvvəlində, həmçinin Azərbaycan xalqının qəhrəmanı Koroğlunun abidəsini görmək olar.

“Xəmsə” bağı – Gəncə şəhəri

Gəncə şəhərindəki bu park dahi Nizami Gəncəvinin “Xəmsə” poemasından götürülüb. Poemaya “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” əsərləri daxildir. Bu əsərlər fars dilində “Pənc gənc” adlanır ki, mənası “Beş qaş-daş” deməkdir. Nizami Gəncəvinin “Xəmsə”si təkcə Azərbaycan deyil, bütövlükdə Şərq poeziyasının inkişafına təsir göstərib.

2011-ci ildə yenidən qurulmuş “Xəmsə” şəhər parkında Nizami Gəncəvinin heykəli ucaldılıb və “Xəmsə” qəhrəmanlarının obrazları əbədiləşdirilib.

Nəriman Nərimanov adına park – Gəncə

Yazıçı, ictimai və siyasi xadim Nəriman Nərimanovun adını daşıyan şəhər parkı yenidən qurulduqdan sonra 2012-ci ildə açılıb. Ümumi sahəsi 4 min 823 kvadratmetr olan bu parkda geniş tikinti-quruculuq və abadlıq işləri aparılıb, yeni fəvvarə quraşdırılıb. Gəncə sakinlərinin və şəhərə gələn qonaqların istirahəti üçün hər cür şəraitin yaradıldığı parkda görkəmli dövlət xadimi və mütəfəkkir Nəriman Nərimanovun büstü qoyulub. Hər yerdə skamyalar düzülüb, yaşıllıq salınıb, habelə uşaq meydançaları yaradılıb.

Fikrət Əmirov adına park – Gəncə

Ümumi sahəsi 4 hektar olan bu park Gəncədən olan görkəmli bəstəkar, SSRİ Xalq Artisti Fikrət Əmirovun adını daşıyır. Son vaxtlar yenilənmiş parkda gül ləkləri, yüzlərlə dekorativ ağac və kollar əkilib. Xüsusi üzlük daşların döşəndiyi yollarda 100-dən çox skamya qoyulub, iki lampalı dirəklər basdırılıb. Parkda iki böyük fəvvarə də quraşdırılıb. İstirahət edənləri musiqili fəvvarə xüsusilə cəlb edir.

Parkdakı müxtəlif yelləncəklər və attraksionlar uşaqların ürəyincədir. Qocalar üçün xüsusi guşələr və stolüstü oyunlar üçün yer ayrılıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: