Azərbaycanın sığorta sektoru: kəmiyyət inkişafından keyfiyyət inkişafına keçid

Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri və “Atəşgah Sığorta” şirkətinin rəhbəri Azər Əliyev “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində sığorta bazarındakı mövcud vəziyyət, bazarın perspektivləri və yeni məhsullar barədə danışıb.

2019-cu il tədricən başa çatmaq üzrədir. Azərbaycanın sığorta bazarındakı mövcud vəziyyəti necə qiymətləndirirsiniz? Hansı əsas müsbət cəhətləri, eləcə də bazarın inkişafına mane olan amilləri qeyd edərdiniz?

Sığorta bazarı ilə bağlı 8 ayı əhatə edən məlumatları götürsək, belə bir vəziyyət yaranır. Artımın müşahidə olunduğu sahələr var. Qeyri-həyat sığortası bazarında əsas artım avtomobillərin könüllü sığortası (KASKO), daşınmaz əmlakın icbari sığortası və könüllü tibbi sığorta ilə bağlı olub. KASKO üzrə artımı ilk növbədə, bank sektorundakı canlanma və avtomobil kreditlərinin verilməsindəki aktivliklə, daşınmaz əmlakın icbari sığortası üzrə artımı isə ilin sonunda imzalanmalı olan bir sıra iri müqavilələrin daha əvvəl yenilənməsi ilə izah edərdim.

Bu il könüllü tibbi sığorta üzrə də artım olub, yeni bizneslər yaranıb. Lakin 2020-ci ilin əvvəlində icbari tibbi sığortanın tətbiqi könüllü tibbi sığortaya təsiri birmənalı olmaya bilər.

Həyat sığortasına gəlincə, on iki ayda “PASHA Life” şirkətinin (“PAŞA Həyat Sığorta” – İF) həyatın yığım sığortası üzrə sığorta haqları artıb. İstehsalatda bədbəxt hadisələrdən icbari sığortanı götürsək, burada da artım var, fikrimcə, bu artım  sığorta sektoruna münasibətdə dövlət başçısının yürütdüyü siyasətə uyğun olaraq icra orqanlarının, xüsusən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi tədbirlər nəticəsində baş verib. Əmək müqavilələrinin “ağardılması” istiqamətində aparılan ciddi işlər rəsmi əməkhaqlarının göstərilməsinə gətirib çıxarıb. Bu da öz növbəsində, bu sığorta növü üzrə yığımların artmasına səbəb olub.

İlin sonuna qədər gözləntilərim bunlardır: həyat sığortası üzrə sığorta haqlarının yığım həcmi ötən illə müqayisədə qanunvericilikdə baş vermiş dəyişiklikdən irəli gələn səbəblərə görə aşağı ola bilər. Qeyri-həyat sığortası üzrə yığımların ötən ilə nisbətən dəyişməsi mümkün ola bilər.

Bir neçə il ərzində ilk dəfə sığorta bazarında əvvəlki ilə nisbətən azalma olacaqmı?

Bu halların baş verməməsi üçün həm tənzimləyici, həm də İcbari Sığorta Bürosu və Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən fəal iş aparılır Bütün sığorta şirkətləri bu gün malik olduğu mövqeləri qorumağa çalışır ki, lakininkişaf etmək üçün irəli getmək lazımdır, bu isə hələ baş vermir.

Bazarın inkişafı üçün hansı ciddi tədbirləri zəruri hesab edirsiniz?

Hər şeydən əvvəl qanunvericilik tədbirlərini. Qanunvericilik səviyyəsində malik olduqlarımızla bağlı birmənalı olaraq islahatlar aparılmalıdır. Bu gün bazarda malik olduqlarımız artıq 10 ilə yaxındır mövcuddur və inkişaf etməli və yenilənməlidir. Bu gün buna ehtiyac var. Elementar olaraq avtomobil vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS – İF) ilə bağlı vəziyyət barədə düşünməyə ehtiyac var. Burada görüləcək çox iş var və artıq bu fonda bazar 20-25% arta bilər.

Daşınmaz əmlakın icbari sığortasının tam inkişafı üçün qanunvericilikdə bir çox məhdudiyyətlər var. Bu gün bu sığorta növünün əhatə dərəcəsi çox cüzidir. Hansısa iri müəssisələr var ki, müqavilələr bağlayır. Lakin əhali bu sığorta növü ilə əhatə olunmayıb, baxmayaraq ki, o, icbaridir. Hətta icbariliyi bir kənara qoyaraq qeyd etmək lazımdır ki, bu məhsul kifayət qədər kiçik ödəniş etməklə səni ciddi maliyyə müdafiəsi ilə təmin edir. Bütün bunlar isə ona görədir ki, qanunvericiliklə müəyyən məhdudiyyətlər var. Bundan başqa, bu gün sözügedən sığorta növü üzrə sığorta şəhadətnamələri kağız çıxarış formasında verilir, halbuki bu prosesi avtomatlaşdırmaq olar. Daşınmaz Əmlakin Dövlət Reyestri ilə inteqrasiya yoxdur və s. Bütün bunlar dəyişməlidir.

Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin bağlanmasına (xüsusən də bu məhsulun aşağı penitrasiyasını nəzərə alaraq) nəzarətin sərtləşdirilməsi üçün hər hansı bir tədbir görülməlidirmi?

İlk növbədə, hüquqi və fiziki şəxsləri ayırmaq lazımdır. Birinci halda icbari sığorta növü ilə əhatə olunma dairəsi təxminən 80%, ikinci halda 1%-dən az təşkil edir. Biz fiziki şəxslərin əhatə olunmasında daha çox maraqlıyıq, çünki bu, sosial məhsuldur. Çoxlu sayda zəlzələ, sel, yanğın, qonşular tərəfindən subasma hadisələri baş verir və bütün bunlar ölkənin adi orta statistik vətəndaşları üçün ciddi maliyyə xərclərinə səbəb olur. Onlar bu yükü dövlətə yönləndirirlər ki, bu da dövlət üçün gözlənilməz xərclərdir. Bundan başqa, arzuolunmaz presedentlər yaradılır. Halbukiəlimizdə çox yaxşı sığorta məhsulu var və ondan istifadə etmək lazımdır.

 

Cəzaların sərtləşdirilməsi məsələsinə gəlincə, mən bunun tərəfdarı deyiləm. Lakin mən sistemin mövcud olmasının və ona nəzarətin tərəfdarıyam. Təəssüflər olsun ki, bu gün bizdə bununla bağlı avtomatlaşdırılmış sistem tam formalaşmayıb. AVSMMİS ilə bağlı  bu sistem var – bütün bunlar avtomatlaşdırılıb, vahid büro, məlumat bazası, agent şəbəkəsi, poluisin mövcudluğunu yoxlayan nəzarət, təsdiqlənmiş cərimələr və cəzalar var. Bütün bunlar zaman-zaman bir neçə il ərzində formalaşıb, lakin biz artıq təcrübəliyik və AVSMMİS sahəsindəki təcrübəmizi daşınmaz əmlakın sığortası sahəsində tətbiq edə bilərik. Sadəcə buna 2-3 ay vaxt sərf etmək və daşınmaz əmlakın icbari sığortası üçün bu sistemi bu və ya digər dərəcədə tətbiq etmək lazımdır. Bəli, müəyyən çatışmazlıqlar var, lakin maksimum 5 ay ərzində bazara ildə yüz milyondan çox sığorta haqqı gətirəcək və əhalinin sosial müdafiəsini təmin edəcək sistem yaratmaq mümkündür.

Qanunvericilikdə baş vermiş dəyişikliklərə əsasən Yığım sığortası üzrə sığorta haqlarının həcminin azalmasına gəlincə, bu trendin gələn il davam edəcəyini gözləməyə dəyərmi, yoxsa biz yenə də artım müşahidə edəcəyik?

Bir sığortaçı kimi mənim üçün bazarın inkişafı, bu sığorta növü üzrə sığorta haqlarının həcminin artması vacibdir. Həyat sığortası ölkə iqtisadiyyatına pul cəlb etmənin ən yaxşı və ən ucuz yollarından biridir. Həyat sığortası sayəsində əhalidən iqtisadiyyata çox böyük həcmdə  pul cəlb edilə bilər. Bu maliyyə kütləsini ölkə iqtisadiyyatına yönəltmək olar və onlar ümumi rifaha xidmət edəcək. Bununla  vətəndaşlar sığorta və müvafiq olaraq maliyyə müdafiəsi ilə təmin olunacaq. Lakin insanların sığorta vasitəsilə investisiya qoymaq və hər hansı gəlir əldə etməyin mümkünlüyünü anlaması üçün müəyyən vaxt keçməlidir. Vətəndaşların düşüncə tərzi dəyişməli və etimad yaranmalıdır. Buna görə də gözləmək lazımdır.

Həyatın yığım sığortası layihəsi yaranarkən o, birmənalı şəkildə zamanla məhdudlaşmışdı. Mahiyyət isə insanların həyat sığortası anlayışına alışması üçün dövlətin müəyyən vergi güzəştlərinə getməsindən ibarət idi. Gələcəkdə bu güzəştlər ləğv edildikdən sonra isə vətəndaşlar həyat sığortasının müsbət tərəflərini görərək bu məhsulları güzəştlər olmadan da əldə edəcək. Və indi biz prinsip etibarilə bu istiqamətdə hərəkət edirik. Nə vaxtsa 100%-lik güzəştlər təqdim edilirdi, indi isə onların həcmi azalıb. Buna baxmayaraq, bizə əvvəllər sığortalanmamış yeni müştərilər müraciət edir. Buna görə mənə elə gəlir ki, növbəti illərdə bu sığorta növü ilə əhatə olunma hesabına biz artım müşahidə edəcəyik. Bunun gələn il və ya bir neçə ildən sonra baş verəcəyini demək çətindir. Hazırda bizim bu il və gələn il üçün vəzifəmiz fiziki şəxslərə çıxış əldə etməkdir, çünki yığım sığortası da əsasən korporativ sektoru əhatə edir. Bu, iri həcmdə yığımlar olmasa da, kütləvi yığımlar olacaq. Düzdür, burada belə bir həcmdə informasiyanı emal edə biləcək İT platformasının mövcud olması məsələsi ortaya çıxır. Buna görə paralel olaraq İT infrastrukturunu inkişaf etdirmək lazımdır. Bütövlükdə, düşünürəm ki, yaxın illərdə vəziyyət yaxşılaşacaq. Amma dövlət və güzəştlərin hesabına deyil, sığortaçıların daha keyfiyyətli işi hesabına. Bu il həyat sığortası üzrə daha 2 şirkətimiz yaranıb. Əgər bu şirkətlər yaradılırsa, deməli, bazarda hələ potensial var.

2019-cu ildə Assosiasiyanın fəaliyyətini necə qiymətləndirirsiniz və ilin sonunadək daha nələr etməyi planlaşdırırsınız?

Bu il fəaliyyətimiz, demək olar, pis olmayıb. İstədiyimiz kimi fəal olmasa belə, burada bəzi məqamlar var. Biz qanunvericilik məsələlərinə çox zaman ayırmağa çalışmışıq, buna görə hüquq komitəsinin iclaslarının sayı çox olub. Qanunlar mütəmadi olaraq təhlil edilib, yenilədiyimiz köhnə qərarlar, yeni təkliflər də olub. Bütün bunlar hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim olunub.

Bundan əlavə, il ərzində Marketinq, reklam və təbliğat Strategiyasının hazırlanması üzərində fəal işləmişik. Bu, tənzimləyicinin ideyası idi və biz işi keyfiyyətlə yerinə yetirdik. Hazırda sənəd tənzimləyici ilə razılaşdırma mərhələsindədir və biz bu planın bir hissəsinin reallaşdırılmasına başlamaq məqsədilə onun təsdiqini gözləyirik. İlin ortasında çox məzmunlu Sığorta Forumu keçirildi.

Avtonəqliyyatvasitəsi sahiblərinin mülki məsuliyyətininicbarisığortası məhsulu üzrə ciddi iş aparmışıq. Artıq heç kəsə sirr deyil ki, bu məhsul bu gün sığortaçılara zərər gətirir. Sığorta şirkətləri, ilk növbədə kommersiya təşkilatlarıdır, və onların fəaliyyətindən məqsəd ağlabatan mənfəət eldə etməkdir. Bu sığorta növü üzrə onlar, portfelin idarə edilməsi keyfiyyətindən asılı olmayaraq, mütəmadi olaraq zərərlə üzləşirlər. Bu gün qiymətlər ödənişlərin həcminə və hadisələrin tezliyinə uyğun deyil, bu səbəbdən onlara yenidən baxılmalıdır.

Assosiasiya sayəsində biz bazarda təmsil olunan aktuarinişçi qrupunu yaratdıq. İSB ilə birlikdə təhlil aparıldı, işlərin real vəziyyətini göstərən dəqiq rəqəmlər aşkar edildi. Problemin həllinə dair qısamüddətli və uzunmüddətli xarakterli təkliflər irəli sürüldü. Birinci halda qanunvericilikdə dəyişikliklər lazım deyil, ikinci variantda isə AVSMMİS-ə yanaşma və anlayışı yenidən nəzərdən keçirilməlidir. Bundan əlavə, bazarda bu sığorta növü üzrə komissiyon ödənişləri çox yüksək idi, bu da işi pozur və məhsulun maliyyə düzənini zəiflədirdi. Assosiasiya çərçivəsində 2 ay ərzində monitorinq apardıq, təbliğat işi həyata keçirdik. Buna nail olduq, komissiyon ödənişləri azaldı. Bizim istədiyimiz səviyyədə olmasa belə, lakin yenə də aşağı düşdü.

Bundan başqa, bəzi könüllü sığorta növləri üzrə ümumi qaydaların yaradılması ilə bağlı Palatadan  sorğular daxil olmuşdur. Təbliğat nöqteyi-nəzərindən televiziyada çoxlu çıxışlar oldu. Əfsuslar olsun ki, treninqlərə çox vaxt ayıra bilmədik, lakin bu gələn il üçün planlarımıza daxildir.

Bəs ilin sonunadək hansı işləriniz var? ASA-ya yeni sədrin təyin olunması strukturun işinə təsir göstərəcəkmi?

İşlərə gəlincə, bəzi məsələlərimiz açıq qalıb. Bütün sığorta müqavilələri nəzərə alınmaqla vahid reyestrin yaradılması məsələsi qaldırılmışdı. Bu mürəkkəb məsələdir, lakin onu başlatmaq lazımdır. Hazırda tənzimləyici ilə birgə işin həcmini və onun başa çatması müddətini təhlil edəcək işçi qrupunun formalaşdırılması prosesi gedir. İkinci istiqamət, qanunvericilik təşəbbüslərinin davam etdirilməsinə aiddir – qanunvericiliyə düzəlişlərin daxil edilməsi üçün Palatanın bizə kömək etməsini tələb etməyi təkidlə davam edəcəyik. Hələ bu yaxınlarda zərər, ödəmələr və s. uçotu üçün İT-platformanın istifadəsi məsələsi gündəmdə idi, bu məsələ üzərində də çalışırıq. O cümlədən, könüllülərlə iş proqramı var. ASA, İSB, MBNP, Təhsil Nazirliyi və ASAN xidmət arasında birgə memorandum imzalanıb. Bu memorandum çərçivəsində könüllülərin cəlb olunması proqramı tərtib olunur.

ASA-nın idarəçilik modelinə gəlincə, ötən il bizdə Nizamnamə təsdiq olunub. Ona əsasən, Müşahidə Şurasının üzvlərindən bir nəfər ASA-nın rəhbəri seçilə bilər. Bu rotasiya prinsipi əsasında baş verə bilər. Bu günə MŞ-da cəmi 9 şirkət təmsil olunur. Sədrin dəyişilməsi işə o qədər də təsir etməyəcək, çünki iş prosesi rüblük hesabatlar əsasında həyata keçirilir. Bu səbəbdən, Müşahidə Şurasının bütün üzvlərinin işdən məlumatları var. Əgər başqa sədr seçsək, iş davam edəcək. Bundan əlavə, bizdə bütün işin gedişatından məlumatı olan sədr müavini var.

Tənzimləyici sığorta forumunda qeyd edib ki, bəzi sığorta növləri üzrə tariflərin təkrar baxılması üzrə təkliflər hazırlanır. Hər hansı hazır təklif varmı və konkret olaraq hansı növlər üzrə tariflər təkrar nəzərdən keçiriləcək? Bundan əlavə, zamanında AVSMMİS üzrə tariflərin differensiasiyası ilə bağlı təkliflər olub, bu məsələyə baxılırmı?

Dünya təcrübəsində AVSMMİS-in tənzimlənməsinin müxtəlif üsullarından istifadə olunur. Bu bir çox amillərdən asılıdır. Bizim halda demək olar ki, AVSMMİS üzrə tariflərə birmənalı təkrar baxılmalıdır. Çünki 2010-2011-ci illərdə bu məhsulun tətbiqi zamanı müzakirə olunan məbləğlər mühüm dərəcədə köhnəlib. Bu eyni zamanda həm AVSMMİS üzrə sığorta haqları, həm də ödənişlərə aiddir. Bu gün ehtiyat hissələri və detallar çox bahalaşıb. Bu səbəbdən, ilk növbədə AVSMMİS üzrə ödənişləri nə qədər artırmaq barədə düşünmək, daha sonra isə sığorta haqlarını artırmaq lazımdır. Lakin bu dəyişikliklərin üsulu və müddətini seçmək üçün aktuar işçi qrupun hesablamalarının başa çatmasını gözləmək lazımdır. Həmin işçi qrup hazırda qonşularımızın təcrübəsini öyrənir.Bu yaxınlarda Rusiya Avtosığortaçılarİttifaqının nümayəndələrinin səfəri baş tutub. Onlar Rusiyada bu sahədə həyata keçirilən islahatlarla bağlı təcrübə ilə bölüşüblər. O cümlədən, Baltikyanı ölkələr, Türkiyə bazarı və digər ölkələrin təcrübəsi öyrənilib. Düşünürəm ki, ilin sonuna qədər hansısa bir fikrə gələcəyik.

Digər sığorta növlərinə gəlincə isə, nəyinsə dəyişməsini zəruri hesab etmirəm. Orada hər şey tarazlaşdırılıb, digər icbari növlər üzrə zərərliyin səviyyəsi mövcud tarifləri saxlamağa bizə imkan verir, gələcəkdə həcmləri artırsaq, o zaman hətta sığorta haqlarının bir qədər azaldılması məsələsinə baxmaq olar. Könüllü sığorta növlərinə gəlincə, onlar bazar tərəfindən tənzimlənir.

Həmçinin tənzimləyici öz fəaliyyət planını təqdim edib, ona əsasən bir neçə sığorta məhsulunun, xüsusilə tibb işçilərinin icbari sığorta məsuliyyəti növünün yaradılması planlaşdırılırdı. Bu istiqamətdə konkret iş varmı? Hazırda hansı məhsulları daha mühüm və zəruri hesab edirsiniz?

Həkimlərin məsuliyyətinin sığortası kimi məhsula gəlincə, bu məhsul üzərində ötən ildən etibarən çalışırıq, bu il həmin işləri davam etdirdik. Hər şey hazırdır, biz artıq tanış olmaları üçün Palataya hazır məhsulu təqdim etmişik. Bu zəruri məhsuldur, çünki, əfsuslar olsun ki, hər gün həkim səhvinə görə anlaşılmazlıqlarla rastlaşırıq. Məsələ bundadır ki, mexanizm özü bir sıra strukturun razılaşdırılmış fəaliyyətini tələb edir, Səhiyyə Nazirliyindən başlayaraq bir neçə ekspert orqanı, tənzimləyici və sığortaçılara qədər. Demək olar ki, işin 80%-i artıq həyata keçirilib – məhsul özü hazırdır, onu necə tənzimləmək və implementasiya etmək qalıb. Lakin Palatanın fəal işi zəruridir, qurum bu istiqamətdə fəaliyyəti sürətləndirməlidir.

Digər məhsullara gəlincə isə, şəxsi fikrim ondan ibarətdir ki, bu gün Azərbaycanın sığorta bazarında onun inkişafı üçün məhsulların sayı kifayət dərəcədədir. Lakin, əfsuslar olsun ki, biz bu gün hətta mövcud məhsulları əhaliyə fəal sata bilmirik. Gəlin olanlardan istifadə etməyi öyrənək, mövcud məhsullardan istifadə edək. Bir daha təkrar edirəm – AVSMMİS kimi çox yaxşı məhsul var. Sığorta haqları – 100 mln. manat, zərəri – 120 mln. manat təşkil edir. Əhalinin təqribən 100%-i bu məhsul ilə əhatə olunub. Gəlin bu məhsulu işləyib başa çatdıraq, zərərliliyi azaltmaq üçün düzəlişlər edək, daha sonra digər məhsullar barədə düşünərik. Biz çox vaxt artıq yaradılan məhsulları yaddan çıxarırıq, nəticədə onlar tam inkişaf olunmamış qalır və başlayırıq yeni nə isə icad etməyə. Nəticədə isə bizdə inkişaf etdirilməyən çox sayda məhsullar var, həm müştərilər, həm də bazar narazıdır.

Hazırda sığorta bazarında yüksək təmərküz müşahidə olunur – toplanan sığorta haqlarının 90%-dən çoxu 10 sığorta şirkətinin payına düşür. Bu halda bazarda 20-dən artıq şirkətin olması nə dərəcədə özünü doğruldur? Konsentrasiya davam edəcəkmi və ya kiçik sığorta şirkətləri bazarda öz payını artıra biləcəklərinə dair ümid varmı?

Çox yaxşı termin var – Pareto Prinsipi. Əgər onu sığorta bazarına tətbiq etsək, belə çıxır ki, bazarda fəaliyyət göstərən sığorta şirkətlərinin 20%-i sığorta haqlarının 80%-ni əldə etməlidir. Buna görə, bir neçə şirkətin sığorta yığımlarının böyük hissəsini təmin etməsinə təəccüblənmək lazım deyil.

Düzdür, bazarımız böyük deyil, mən hər zaman burada az sayda, lakin daha davamlı və işində maraqlı olan şirkətlərin fəaliyyətinin tərəfdarı olmuşam. Şirkətlərimizin sayı çoxdur, lakin onların idarə olunması kapital qoyuluşları ilə kifayətlənməməlidir. Mütəxəssislər, kadrlar lazımdır. Bu gün kadr problemi bütün sahələrdə var – hüquqşünaslar, İT-mütəxəssislərin çatışmazlığı müşahidə olunur. İxtisaslaşmış personalın sayı kifayət qədər olmayanda şirkət qeyri-peşəkar idarə olunur. Gözəl ad və nizamnamə kapitalına malik olmaq azdır, nə etdiklərini real anlayan şəxslər olmalıdır. Əks halda hər şey şirkətin keyfiyyətsiz işi ilə nəticələnə bilər.

Buna görə, mən bazarda şirkətlərin sayının az olmasının tərəfdarıyam, onların həcmi iri olacaq, lakin işlərini keyfiyyətli görəcəklər.

– Söhbət üçün sağ olun.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: