“Azərbaycanın zümrüd daşı – Kəlbəcər” adlı tədbir keçiriləcək

2 aprel 2017-ci il, saat 14:00-da Azərbaycan Xalça Muzeyi Şuşa filialının təşkilatçılığı ilə “Azərbaycanın zümrüd daşı – Kəlbəcər” adlı tədbir keçiriləcək.

Kəlbəcər 30 mindən çox çeşməsi, yüzlərlə mineral su qaynaqları olan ecazkar bir diyar, dünyada misli-bərabəri olmayan İstisu kimi adı dillər əzbəri olan, minlərlə insanın şəfa tapdığı loğman hikmətli gözəllik məskəni idi. Ən yüksək zirvəsinin hündürlüyü 3724 metr olan Gamış dağları və 3616 m olan Dəlidağ da bu rayonun ərazisində yerləşirdi. Saysız-hesabsız ətirli gül-çiçəkləri, nəhəng və əlçatmaz qayaları, 4 min bitki yetişdirən bərəkətli torpağı, 5-6 min il tarixə malik olan qaya təsvirləri və min illərdən soraq verən abidələri və nəhayət ən qədim insan məskənlərindən biridir. Tərtər çayı yüzillərdir başlanğıcını Kəlbəcərin XIII – XVIII əsrin yadigarı olan Xotavənd məbədindən alır. Kəlbəcəri açıq səma altında muzeylər diyarı adlandırmaq olar.
1980-ci illərdə Azərbaycandakı muzeylər sırasına bir muzey də qatıldı – Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi. Muzeyin orijinallığı, buradakı tarixi əşyalar, qədim mədəniyyət nişanələri, arxeoloji qazıntı zamanı tapılan əşyalar Azərbaycan tarixinin maddi-mədəni sərvətidir. Tarix-diyarşünaslıq muzeyi adlansa da, onu həm də arxeologiya, geologiya, biologiya və s. muzeyi adlandırmaq olardı.

Təəsüflər olsun ki, torpağının altı da üstü də qızıl olan bu diyarı 24 ildir ki, erməni vandalları dağıdıb talan edir, oradaki tariximizi, irsimizi, inanc yerlərimizi, məbədlərimizi, bir sözlə qədim Azərbaycana aid indentiklik yer üzündən silinib. Kəlbəcəri və onun maddi və mənəvi sərvətini talan etmiş və bu gün öz tarixləri kimi öz adlarına çıxarmışlar. Məhv olmuş belə sərvətlərimizdən biri də Kəlbəcərdəki məşhur Diyarşünaslıq muzeyidir. Bu muzey xalqların və mədəniyyətlərin qovuşduğu qardaş kimi yaşadığı Azərbaycanda daha bir nümunə idi.
Azərbaycan Xalça Muzeyində keçiriləcək tədbirin açılışında Azərbaycan Respublikası Cənclər və İdman Nazirliyinin dəstəyi ilə, “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin təqdim etdiyi “Kəlbəcərə virtual səyahət” adlı video-çarx nümayiş olunacaq.

Daha sonra Kəlbəcər Tarix-Diyarşünaslıq muzeyinin direktoru – Bərzani Ələsgərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin İqtisadi coğrafiya və coğrafiyanın tədrisi metodikası kafedrasının dosenti, fəlsəfə doktoru Mirvari Verdiyeva və Kəlbəcər məktəbinin müəllimi Roza Verdiyeva Kəlbəcərin maddi-mənəvi irsinə və etnoqrafiyasına dair məruzələrlə çıxış edəcəklər. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: