“Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş “Genosid-100” adlı sərgi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 2018-ci il mart ayının 29-da saat 17:00-da “Qalereya 1969” salonunda 31 mart “Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş “Genosid-100” adlı sərginin açılış mərasimi keçiriləcəkdir.

Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan və rəssamların şəxsi kolleksiyalarından seçilmiş əsərlərdən ibarət sərgi Azərbaycan tarixinin faciəvi səhifələrdən biri kimi daxil olmuş Azərbaycanlıların Soyqırımı günü qurbanlarının xatirəsini yad etmək məqsədi ilə həyata keçirilir.

100 il bundan öncə mart-aprel aylarında erməni millətçilərinin mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə, Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən soydaşlarımıza qarşı xüsusi qəddarlıqla kütləvi qırğınlar törədilmişdir. Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər. On minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.

Bu hadisələrdən 80 il sonra – 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.

Sərgidə nümayiş etdirilən əsərlər məzmun və mahiyyət etibarı ilə xalqımızın mübarizə əzmini, faciənin dəhşətlərini, son yüz ildə ermənilər tərəfindən törədilən qanlı faciələrin və məkirli-siyasətin iç üzünü təsviri sənət əsərləri vasitəsilə açıqlayır.

Sərgidə Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş əsərlər nümayiş olunur.

Sərgi aprelin 3-dək davam edəcəkdir.

 Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: