“Azərxalça” ASC ilə “Azəripək” MMC arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb

“Azərbaycan xalçası” brendinin yaradılması, inkişaf etdirilməsi və xarici bazarlarda təşviqi istiqamətində atılan əhəmiyyətli addımların davamı olaraq “Azərxalça” ASC ilə “Azəripək” MMC arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Sənəd “Azərxalça” ASC-nin sədri Emin Məmmədov və “Azəripək” MMC-nin direktoru Zaur Yaqubov tərəfindən imzalanıb. Görüşdə hər iki qurumun rəhbərləri ilə yanaşı, digər nümayəndələr də iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov Azərbaycan xalçaçılıq sənəti, bu sahəyə dövlətin diqqət və qayğısı, yaxın gələcək üçün nəzərdə tutulan əsaslı dəyişikliklər və planlardan danışıb. O bildirib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması xalçaçılığa göstərilən yüksək diqqət və qayğının göstəricisidir. Dövlət proqramının uğurlu icrası bu sahədə daha böyük nailiyyətlərin qazanılacağından xəbər verir. Dövlət Proqramında xalçalarımızın ölkə brendi olaraq dünya bazarına ixrac olunması qarşıya qoyulan əsas vəzifələrdən biridir.

İdarə Heyətinin sədri onu da əlavə edib ki, milli mədəniyyətimizin inkişafında böyük rolu olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xalçaçılıq sənətinin yaşadılmasına dəyərli töhfələrini verir.

Emin Məmmədov xüsusilə qeyd edib ki, xarici bazara yalnız milli naxışlı klassik xalçalar deyil, müasir və fərqli düşüncəli həm yerli, həm də xarici gənc xalçaçı rəssamlarla hazırlanan və müasir bazarın istəklərinə uyğun xalçaların çıxarılması istiqamətində işlər aparılmalı və uğurla qurulmuş əməkdaşlıqlar bu yolda inkişafa aparan ən doğru hədəfdir.

Daha sonra “Azəripək” MMC-nin direktoru Zaur Yaqubov başçılıq etdiyi qurum və onun indiyədək gördüyü işlər haqqında görüş iştirakçılarına geniş məlumat verib və gələcək uğurlu əməkdaşlıq üçün fikirlərini bölüşüb. Hər iki qurum yerli ipəkçiliyin inkişafı sahəsində fəal əlaqələr yaratmaq, bu əlaqələri inkişaf etdirmək və imzalanmış memorandumun məqsədindən irəli gələrək qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu, faydalı və ikitərəfli əməkdaşlığın qurulmasından məmnunluq hissi duyduğunu bildirib.

Memoranduma əsasən, bundan sonra xalçaların toxunmasında istifadə ediləcək ipək ipliyini “Azərxalça” ASC “Azəripək” MMC-dən satın alacaq, istehsal edilən məmulatların satışına dəstək sahəsində əməkdaşlıq olunacaq, yun və ipək ipliyinin istehsal prosesinin təşkilində təcrübə mübadiləsi aparılacaq.

Xatırladaq ki, buna qədər “Azərxalça” ASC ipək xalçalar istehsal etməyib. Bundan sonra “Azəripək” MMC-dən əldə olunan ipək ipliklə yeni və eksperimental xalçaların toxunmasında istifadə olunacaq. Toxunan bütün növ xalçalar ən qısa zamanda yerli bazarla yanaşı, dünya bazarına da çıxarılacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: