Baku 2017

Azərbaycan taekvandoçuları yarışların ilk günündə bir qızıl və bir gümüş medal qazanıblar

Mayın 16-da IV İslam Həmrəyliyi Oyunlarının taekvando yarışlarına start verilib. Azərbaycan taekvandoçuları yarışların ilk günündə bir qızıl və bir gümüş medal qazanıblar.

Frame.az xəbər verir ki, Bakı İdman Sarayında kişilər 54, 58, qadınlar isə 46, 53 və 57 kiloqram çəki dərəcələrində mübarizə aparıblar.

Yarışda 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Yaprak Eriş finalda türkiyəli Durdane Altuneli 5:4 hesabı ilə məğlub edərək “Bakı-2017”nin qızıl medalını qazanıb. Bürünc medalları isə iranlı Parsa Tayebeh və Mərakeş idmançısı Nada Laaraj əldə ediblər.

Mübarizəyə dörddəbir finaldan qoşulan Yaprak Eriş əvvəlcə Pakistan təmsilçisi Farsin Hamdani üzərində 29:3 hesabı ilə inamlı qələbə qazanıb. İdmançımız yarımfinal görüşündə iranlı Parsa Tayebehə 14-12 hesabı ilə qalib gəlib.

Taekvandoçumuz Qaşım Maqomedov (54 kq) isə IV İslam Həmrəyliyi Oyunlarının ikincisi olub. İdmançımız yarışın finalında iranlı Mahdi Eşaqi ilə qarşılaşıb. Görüşün əsas vaxtı 21:21 hesabı ilə başa çatdığı üçün qarşılaşmanın taleyini qızıl xal həll edib. Bu hissədə rəqibinə 0:3 hesabı ilə uduzan Q.Maqomedov gümüş medalla kifayətlənməli olub. Bürünc medalları isə türkiyəli Deniz Dağdelen və seneqallı Kama Mahomadu Moustapa əldə ediblər.

Mübarizəyə səkkizdəbir finaldan qoşulan Qaşım Maqomedov Pakistan idmançısı Umar İqbal ilə üz-üzə gəlib. O, ilk görüşdə rəqibini 26:6 hesabı ilə məğlub edib. İdmançımız ikinci döyüşündə özbəkistanlı Şukrob Bobobekovlə qarşılaşıb. Görüşün əsas vaxtı 22:22 hesabı ilə nəticələndiyi üçün qalibi qızıl xal müəyyən edib. Rəqibinə 3:0 hesabı ilə qalib gələn təmsilçimiz yarımfinala adlayıb. İdmançımız yarımfinalda türkiyəli Deniz Dağdelen üzərində 6:0 hesabı ilə inamlı qələbə qazanıb.

Qaşım Maqomedov taekvando üzrə respublika birinciliyinin qalibi, gənclər arasında dünya çempionatının mükafatçısı olub.

Kişilər arasında 58 kiloqram çəki dərəcəsində dayanq üzərinə çıxan təmsilçimiz Fizam Mehdiyev isə səkkizdəbir finalda özbəkistanlı idmançı Niyaz Pulatova qarşı döyüşdən 7:11 hesabı ilə məğlub ayrılaraq mübarizəni dayandırıb. Özbəkistanlı idmançı bu çəki dərəcəsində yarışında finalında mərakeşlı Omar Lakehala qalib gələrək çempion olub. Bürünc medallara Səudiyyə Ərəbistanının idmançısı Hamad Almabrouk və tunisli Hedi Neffati layiq görülüblər.

IV İslam Həmrəyliyi Oyunlarının taekvando yarışlarında qadınlar arasında 46 kiloqram çəki dərəcəsində mübarizənin qalibi türkiyəli Rukiye Yıldırım olub. O, finalda indoneziyalı Dhean Fajrini 19:17 hesabı ilə məğlub edərək İslamiadanın taekvando yarışlarının ilk qızıl medalını qazanıb. Bürünc medallara iranlı Fatemeh Madahi və tunisli Fadia Ferhani layiq görülüblər.

İranlı qadın taekvandoçu Nahid Kiyaniçandeh isə 53 kiloqram çəki dərəcəsində qızıl medalı aktivinə yazdırıb. O, finalda Türkiyə təmsilçisi Zeliha Argisi 8:5 hesabı ilə məğlub edib. Bürünc medallara indoneziyalı Marişka Halinda və tunisli Rahma Ali Ben yiyələniblər.

Qaliblərin mükafatlandırılması mərasimində idmançılara medalları Azərbaycan Taekvondo və Boks Federasiyalarının prezidenti Kəmaləddin Heydərov, İslam Həmrəyliyi İdman Federasiyasının üçüncü vitse-prezidenti Əhməd Məhəmməd Fouli və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev təqdim ediblər.

Qeyd edək ki, Azərbaycan taekvandoçularından beşi mayın 17-də, dördü isə mayın 18-də mübarizəyə qoşulacaq. Komandamız Oyunlara kişilərdən ibarət yığmanın baş məşqçisi Reza Mehmandoust, böyük məşqçisi Rəşad Əhmədov və qadınlardan ibarət millimizin baş məşqçisi Elnur Amanovun rəhbərliyi ilə hazırlaşıb.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!