EventsMədəniyyətSərgiTurizm

Azərbaycan Xalça Muzeyində “Öz ilməni toxu”

18 may tarixində İCOM Azərbaycan Milli Komitəsinin dəstəyi ilə ölkəmizdə “Beynəlxalq Muzeylər Günü” qeyd olunacaq. Bu il Beynəlxalq Muzeylər Şurası (İCOM) tərəfindən “Hiper kommunikasiya dövründə muzeylər: yeni yanaşmalar, yeni auditoriya” mövzusu elan olunub.

Bu istiqamətdə Azərbaycan Xalça Muzeyi “Öz ilməni toxu” adlı interaktiv instalyasiya hazırlamışdır. Belə ki, muzeyin foyesində “zili” xovsuz xalça növünü toxumaq üçün üç böyük çərçivə-hana quraşdırılmışdır. Çərçivələrdə rəngli iplik kələflər bərkidilib. Hər bir ziyarətçi zövqünə görə rəng seçərək bir və ya daha çox ip sırası toxunan xovsuz xalça üçün toxuya bilər. Muzeyin işçiləri hər zaman köməyə gəlməyə və “zili” tipli xalçaların toxunma texnikasını əyani olaraq nümayiş etdirməyə hazırdırlar. Beləliklə, bu instalyasiya yalnız daim dəyişən sənət obyekti deyil, çox geniş auditoriya üçün nəzərdə tutulmuş ustad dərsi üçün bir alətdir.

Muzeyin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovanın sözlərinə görə, Azərbaycan Xalça Muzeyi artıq bir neçə ildir ki, qədim xalçaçılıq texnikalarını yenidən dirçəldir. “Zili” – onlardan biridir və ən qədim xalça növlərinə aiddir. “Ziyarətçilərə xalçaçılığı bu mürəkkəb və gözəl xovsuz xalça texnikasının nümunəsi üzərində tədris etmək  Azərbaycanın muzey sahəsində atılmış bu cür ilk interaktiv təcrübədir. “Öz ilməni toxu” adlı instalyasiya qonaqları yalnız bir tamaşaçı kimi deyil, həm də digər çox sayda ziyarətçilərin də müəlliflik etdiyi xalça toxuma prosesində özlərini iştirakçı kimi hiss etməyə kömək edir. Həm də maraqlıdır ki, hazır eskizdən fərqli olaraq, işin nəticəsi burada gözlənilməzdir – bu, bir çox insanların təxəyyülündən asılıdır” – deyə o, bildirib.

Beləliklə, bu layihədə iştirak edərək hər bir qonaq unudulmaz təəssüratlar əldə etməklə yanaşı, həm də gələcəkdə məşğul ola biləcəyi bir hobinin əsasını təşkil edəcək yeni bacarıqlar əldə edəcək və ya bu, sadəcə onlara Azərbaycanın milli mədəniyyətinin incəliklərini daha yaxşı dərk etməyə kömək edəcək.

Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş 18 may Beynəlxalq Muzeylər Günü gününün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçmiş SSRİ respublikaları arasında ilk olaraq 1993-cü ildə Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi təsis edilmişdir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!