EventsSərgiTəqdimat

Azərbaycanda beynəlxalq ticarət sərgilərinin təşkilatçıları 2019-cu ildə həyata keçirdikləri fəaliyyətlərinin yekun icmalını təqdim edib

Azərbaycanda beynəlxalq ticarət sərgilərinin təşkilatçıları 2019-cu ildə həyata keçirdikləri fəaliyyətlərinin yekun icmalını hazırlayıblar.

Belə ki, 2019-cu il ərzində “Caspian Event Organisers” və “Iteca Caspian” şirkətləri tərəfindən hər il keçirilən 21 ticarət-sənaye sərgisi, eləcə də 3 konfrans keçirilmişdir. Həmçinin bu il ərzində Azərbaycanın ilk qeyri-neft sərgiləri – “WorldFood Azerbaijan”, “BakuBuild” və “Bakutel” sərgiləri öz 25 illik yubileyini, “Caspian Ecology” sərgisi isə 10 illik yubileyini uğurla qeyd etmişdir. Bununla yanaşı, “CEO” şirkəti 12 beynəlxalq səviyyəli tədbirə təşkilati dəstək göstərmişdir. Onların arasında  IOI 2019 – 31-ci Beynəlxalq İnformatika OlimpiadasiÜmumdünya Gömrük Təşkilatinin İnformasiya Texnoloqiyalari / Texnoloqiya və İnnovasiyalar Konfrans və SərgisiBMİ Beynəlxalq ForumuAzərbaycan Nevrologiya Həftəsi və digər beynəlxalq tədbirlər yer alıblar.

2019-cu ildə Bakıda keçirilən beynəlxalq sərgilər dünyanın 53 ölkəsindən 986-sı xarici şirkət olmaqla 1838 eksponenti bir araya gətirib. Sərgilərdə təmsil olunan şirkətlərin sayına görə Rusiya, Türkiyə və Belarus Respublikası müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutur. Bu il Azərbaycanda keçirilən sərgilərin iştirakçı-ölkələri sırasına Monqolustan da qatılıb. Müxtəlif sərgilərdə 21 ölkə tərəfindən 33 milli ekspozisiya, eləcə də 24 regional stend təqdim edilib.

Ümumilikdə isə sərgilərdə dünyanın 75 ölkəsindən 50537 ziyarətçi qeydiyyatdan keçib. 2019-cu ildə ziyarətçilərin coğrafiyası əhəmiyyətli dərəcədə genişlənib və üç ölkə – Türkiyə, Rusiya və İran ziyarətçilərin sayına görə öz lider mövqelərini qoruyub saxlayıblar.

 Ölkə rəhbərliyi Azərbaycandakı sərgi fəaliyyətinə diqqət göstərir və bu baxımdan, 2019-cu il də istisna olmayıb. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev “Xəzər Neft və Qaz” (“COG”), “WorldFood Azerbaijan”, “Caspian Agro”, “Bakutel” sərgilərini ziyarət etməklə yanaşı, iştirakçı və ziyarətçilərə salamlama məktubları ünvanlamışdır. Ölkə rəhbərliyinin sərgilərə göstərdiyi diqqət, eləcə də aidiyyətı olan dövlət strukturlarının dəstəyi tədbirlərə olduqca müsbət təsir göstərir və sərgilərin uğurunun təminatıdır. Ölkə prezidentinin sərgiləri ziyarət etməsi sektorun inkişafına həmişə güclü təkan verir, bazar iştirakçılarına qayğı və diqqətin mövcud olduğunu nümayiş etdirir.

Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp da “Xəzər Neft və Qaz” sərgi və konfransının iştirakçı və qonaqlarına salamlama məktubu ünvanlamışdır. Öz növbəsində Böyük Britaniyanın Beynəlxalq ticarət üzrə Dövlət katibi cənab Liam Foks da sərginin iştirakçı və qonaqlarına video-müraciət göndərmişdir. Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş katibi Zurab Pololikaşvili isə “AITF” turizm sərgisinə salamlama-məktubu göndərmişdir. Sərgilər xarici sənaye nazirlikləri və beynəlxalq strukturlar arasında da populyardır. İqor Vasilyeviç Lyaşenko, Belarus Respublikasının Baş nazirinin müavini, Houlin Jao, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi, Kent D. Loqsdon, Enerji Resursları Bürosu Katibi köməkçisinin birinci müavini (ABŞ), Əmir Hüseyin Zamaniniya, Neft Nazirinin müavini (İran), Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan və digər xarici qonaqlar sərgiləri ziyarət ediblər.

 “Caspian Event Organisers” və “Iteca Caspian” tərəfindən təşkil olunmuş sərgi və konfranslar dövlət strukturları tərəfindən dəstəklənir. 2019-cu ildə keçirilən müxtəlif sərgilərdə stend ilə çıxış edən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyini, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) “E-GOV” strukturu, “IDEA” İctimai birliyi, “ABAD”, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST” Agentliyi də öz fəaliyyətlərini fəal şəkildə təqdim etmişlər. Bütün sərgilər Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən dəstəklənir.

 Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 6 sərgidə – “WorldFood Azerbaijan”, “Gift and Promo”, “Eduexpo”, “BakuBuild”, “Caspian Ecology”, “Bakutel” – mikro, kiçik və orta biznesi təmsil edən sahibkarlar üçün stend təşkil edərək, yüzə yaxın KOB subyektinin bazara çıxmasına kömək etmişdir. KOB-lar bu dəstək çərçivəsində öz məhsul və xidmətlərini çoxminlik auditoriyaya təqdim edərək, satış imkanlarını genişləndirmiş və yeni işgüzar münasibətlər qurmuşdur.

2019-cu ildə sərgi layihələrinin uğurla həyata keçirilməsində tərəfdaş və sponsorların mühüm rolunu da qeyd etmək lazımdır. Belə ki, 2019-cu ildə tərəfdaş qismində SOCAR, BP, NB Group, Azercell, TPAO, Azeri MI Drilling Fluids, AZFEN, Baku Steel Company, BOS SHELF, Caspian Drilling Company, Сaspian Marine Services, RussNeft, Socar Polymer, Tekfen Construction, Royal IHC, Kapital Bank, Pasha Bank, Equinor Azerbaijan, Qazprombank, Petronas Azerbaijan, INPEX Corporation, ABB Limited, Baker Hughes, Caspian Pipe Coatings, Dentons Europe AARPI, HUAWEI, Hewlett Packard Enterprise, Lamor Corporation, McDermott, Nobel Upstream, SOCAR AQS, Tenaris Connections B.V., Total E&P Absheron, Zenith Aran Oil Company LTD,  Prior Leasing, Matanat A, AIMC, Holcim Azerbaijan, Mitto, Dominikan Respublikası Turizm NazirliyiBakı Konqres Mərkəzi, Azərbaycan Beynəlxalq Bankı, Shokki Mokki brendi, Halliburton, ACE Group Consultants, British School in Baku, Green Light Autizm Mərkəzi, “Şəfa” Müalicəvi Diaqnostik Mərkəzi, Art Trio, Credo, CityTaxi, CTS Translation, Caspian Energy International Media Group çıxış ediblər.

 2019-cu ildə “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətinin rəsmi tərəfdaşları qismində Bakı Ekspo Mərkəzi, “Qafqaz Hotels and Resorts”, “Intourist Hotel” və “Boulevard Hotel Baku” mehmanxanaları, “Greenwich Travel Club” turoperatoru, eləcə də rəsmi stend quraşdırma üzrə tərəfdaş “AzExpoMontage”, Caspian Freight Services yer alırlar. “Uşaq zonası” üzrə tərəfdaş – “Bağçam” Uşaq Bağçaları Şəbəkəsidir.

2019-cu sərgi ilini haqlı olaraq “Sərgilər+” ili də adlandırmaq mümkündür. Belə ki, təşkilatçılar 45 əlavə tədbir planlaşdıraraq həyata keçiriblər. Hər sərgi çərçivəsində yeni məhsul və xidmətlərin nümayiş etdirilməsi üçün xüsusi “Təqdimat zonası” yaradılıb. Belə tədbirlərdən biri isə artıq sərgilərin ənənəsinə çevrilmiş “B2B” formatlı işgüzar görüşlərdir. 2019-cu ildə “B2B” formatlı görüşlərdə 300-dən çox şirkət iştirak edib və bu şirkətlər 848 beynəlxalq görüş keçiriblər.

 “CEO” şirkətinin tədbirlər portfelinə daxil olan yeni “Bizimkilər” brendi dərhal populyarlaşıb və 2019-cu ildə bu sessiya “Bakutel Tech Talks” ilə yanaşı, “Xəzər Neft və Qaz” və “Medinex” sərgiləri çərçivəsində də keçirilib. Xaricdə təcrübə toplamış həmvətənlərimizin çıxışları sərgi ziyarətçilərinin daim marağına səbəb olur.

 Sərgilər çərçivəsində ilk dəfə olaraq şəbəkələşmə üçün əlavə imkanlar yaradan yeni formatlar, tədbirlər ərsəyə gətirilib. Onların arasında Azərbaycanda ilk dəfə olaraq Turizmə Dəstək və Milli Qastronomiya Təşkilatı və “chefs.az” internet resursunun təşkilati dəstəyi ilə “Chefs Cup” Aşpazlar Çempionatı, “Transxəzər beynəlxalq nəqliyyat marşrutu” mövzusunda konfrans, “Şirkətlərin sosial məsuliyyəti – Yaşıl dalğa” adlı sessiya, məşhur sloveniyalı futuroloq Blaz Qolobun “Enerji baxımından səmərəli və “Ağıllı” şəhərlər”: əsas hərəkətverici mexanizmlər və onların inkişafında energetika sektorunun rolu” adlı aktual mövzusunda çıxışı, “Tullantıdan sənətə” ekspozisiyası, energetika sahəsində nailiyyətlər qazanmış qadınlara həsr olunmuş “Women in Power” sessiyası, Rusiya Yazıçılar İttifaqının üzvü, “Smeşariki” layihəsinin həmmüəllifi və “Fiksiki” layihəsinin bir neçə seriyasının ssenari müəllifi, tanınmış uşaq yazıçısı İ. M. Şevçuk ilə görüş, sənaye mütəxəssislərinin – nüfuzlu şirkətlərin aparıcı marketoloqları, sərginin iştirakçıları və peşəkar ziyarətçilərinin iştirakı ilə “Promo Talks” panel müzakirəsi, “Bakutel” sərgisinin xüsusi qonağı, Forbes jurnalının redaksiya direktoru Nikolay Uskov və sərgilərin daimi tərəfdaşı, 1news xəbər agentliyinin direktoru Rəhman Hacıyevin iştirakı ilə unikal işgüzar dialoq formatında diskussiya paneli və digər maraqlı tədbirlər var idi.

 Təşkilatçılar demək olar ki, hər bir sərginin iştirakçılarını tədbir başlamazdan əvvəl işgüzar səhər yeməyinə dəvət etmişlər və burada eksponentlərə bir-birləri ilə tanış olmaq, təşkilatçıları yaxından tanımaq və ən əsası da əldə edilmiş bilik və imkanlar hesabına iştirakın səmərəliliyini artırmaq üçün imkan yaradıblar. Əgər təşkilatçılar 2019-cu ilə qədər belə təlimlər üçün xaricdən mütəxəssis dəvət edirdilərsə, artıq şirkətlər öz təcrübələrini yerli iştirakçılar ilə bölüşən yerli mütəxəssislər yetişdiriblər.

 Həmçinin şirkət nümayəndələri “WorldFood Azerbaijan”, “BakuBuild” və “Caspian Ecology” sərgilərinin yubiley tədbirlərində də bir araya gəliblər. Sərgi iştirakçıları Mərkəzi Nəbatat Bağında nar və badam ağacları əkib, quşlar üçün yuvalar və yem qabları quraşdırıb, Olimpiya stadionunun yaxınlığında yerləşən Böyükşor gölü ərazisində isə sərv ağacları əkiblər.

“Xəzər Neft və Qaz” və “Bakutel” sərgiləri çərçivəsində “kağızdan kənar” olmağa, yəni heç bir sənədi çap etməmək imkanı verən xüsusi mobil tətbiq işə salınmışdır. Mobil tətbiqi yüklədikdən sonra ziyarətçilər “hands free” olaraq sərgi haqda məlumatları telefonlarında əldə edə bilərlər. Tətbiqin rahat və asan naviqasiyası lazım olan məlumatları tez bir zamanda tapmağa imkan verir. Bundan əlavə, həm iştirakçılar, həm də ziyarətçilər sərgi və konfransların proqramına uyğun olaraq tədbirlərin başlaması barədə “bildiriş” (“push notifications”) ala bilirlər. Tətbiq vasitəsi ilə ziyarətçilər həmçinin sərgi iştirakçıları ilə birbaşa görüşlər təyin edə, QR kodları skan edib bütün lazimi məlumatları elektron ünvanlarına göndərə bilərlər. Həmçinin tədbirlərdə fərdi marşrutu müəyyən etmək, planı e-poçt vasitəsi ilə göndərmək və digər xidmətlərdən istifadə üçün sərgilərin interaktiv planı quraşdırılmışdır.

 Təşkilatçılar tərəfindən davam etdirilən “Təbiəti qoru” kampaniyasına uyğun olaraq, istifadə edilmiş bütün kağız məmulatlar ofisdən çıxarılaraq emal və təkrar istifadəyə verilir, sərgilərdə plastik “beyc” və paketlərdən imtina edilir, əvəzində isə təkrar emal edilmiş kağızdan hazırlanan paketlərdən istifadə olunur. Bu baxımdan, yeni addım reklam məqsədləri ilə bannerlərdən istifadənin məhdudlaşdırılması olacaq və bunun əvəzində parça üzərində çap məmulatlarından istifadə olacak. Sərgilərin rəsmi ziyafət gecələri üçün sifariş edilmiş yeməklərin qalan hissəsi ehtiyacı olan insanlara göndəriləcək. Həmçinin bütün qıda tullantılarının heyvan sığınacaqlarına verilməsi də planlaşdırılır.

 Hal-hazırda, bir-birindən maraqlı tədbirlərlə zəngin olacaq yeni sərgi mövsümünə fəal hazırlıq gedir. 2020-ci ildə “CEO” və “Iteca Caspian” şirkətləri tərəfindən 23 layihə həyata keçiriləcək. Yeni sərgi mövsümü isə 15 fevral tarixində “Autizm spektr pozuntusu” (ASP) mövzusuna həsr olunmuş və fərqli inkişaf xüsusiyyətləri olan uşaqların valideynlərini, eləcə də mütəxəssisləri, pedaqoq və metodistləri, habelə psixoloq və psixoterapevtləri bir araya gətirəcək 2-ci Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqlar “Fərqli Fərdlər” Konqresi ilə açıq elan olunacaq. 2020-ci ildə keçiriləcək sərgilərin tam cədvəli ilə şirkətlərin rəsmi veb-saytlarında www.iteca.az və www.ceo.az tanış olmaq mümkündür. 

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!