Idman

Azərbaycandan olan velosipedçilər Danimarkada

Danimarkanın Herninq şəhərində velosiped idmanının şose növü üzrə Avropa çempionatı başa çatmaq üzrədir. Gənclər, U-23 və elit kateqoriyası üzrə təşkil olunan yarışda beş Azərbaycan idmançısı mübarizə aparıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Frame.az-a bildiriblər ki, Avropa çempionatı davam edən günlərdə Danimarkada müşahidə olunan yağışlı hava şəraiti yarışın gedişinə təsirsiz ötüşməyib. 152 gənc velosipedçidən yalnız 117-si məsafəni başa vurmağı bacarıb. Yığma üzvlərimizə gəlincə, finişə 25 kilometr qalmış İvan Orlov təkər deşilməsi, 8 kilometr qalmış isə Mikayıl Səfərli toqquşma nəticəsində qiymətli vaxt itkisinə məruz qalıb və əsas pelotondan aralı düşüb. Buna baxmayaraq, velosipedçilərimiz 120,6 kilometr məsafəni başa vurmağı bacarıblar.

157 velosipedçinin starta çıxdığı U-23 yaş kateqoriyasında 160,8 kilometr məsafəyə mübarizə zamanı da eyni hadisələr yaşanıb. Kənan Qəhrəmanlı və daha 20 iştirakçı qəza səbəbindən yarışı başa vura bilməyibsə, finişə 300 metr qalmış növbəti qəza Elgün Əlizadənin qızıldan qiymətli saniyələr itirməsi ilə nəticələnib və o çempiona 11 saniyə uduzmaqla 69-cu olub.

Fərdi ötüşmədə 15-ci yeri tutan təmsilçimiz qadın velosipedçimiz Yelena Pavluxina 120,6 kilometr məsafəyə qrup ötüşməsində çempion olmuş hollandiyalı idmançıdan 18 saniyə geri qalmaqla 97 nəfər arasında 35-ci nəticə göstərib.

U-23 yaş kateqoriyasında qalib olmuş danimarkalı idmançıya çempion köynəyini və qızıl medalı Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin rəhbər komitəsinin üzvü Sahib Ələkbərov təqdim edib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!