Arxitektura-DizaynEventsTəqdimatƏn SonƏn Son

Azərbaycanın ən yaxşı dizaynerləri mükafatlandırılıb

Martın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Azerbaijan Design Award” layihə-müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Frame.az xəbər verir ki, Mədəniyyət naziri Əbülfəs Qarayev finala vəsiqə qazanmış layihələrlə tanış olub.

“Azerbaijan Design Award” layihəsinin təsisçi və təşkilatçıları gənc dizaynerlər Rəhim İsmayılov (müəllif, həmtəsisçi) və Ramin Nəsirovdur (həmtəsisçi) tədbirdən əvvəl müsahibə verərək bildiriblər ki, müsabiqə ölkənin ən yaxşı dizaynerlərinin seçilməsi üçün təsisi olunub. Bu il layihə çox böyük uğura imza atıb. Belə ki, artıq 2-ci dəfə təşkil olunan müsabiqəyə böyük maraq yaranmışdır. 18 münsifin olduğu layihədə 6 ölkədən olan peşəkarlar da yer alıb. Ümumilikdə müsabiqəyə 400-dən çox dizaynerin 611 əsəri təqdim olunmuşdur.

Bildirilib ki, on dizayn kateqoriyasından olan yaradıcı insanları bir araya toplayan layihəyə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi də dəstək verib. Layihənin rəsmi tərəfdaşı, həmçinin Kreativ Azərbaycan portalıdır (www.creative.az).

Dövlət himninin səslənməsi ilə başlayan mükafatlandırma mərasimində “Azerbaijan Design Award” layihəsinə aid videomaterial təqdim olunub.

Dünyaca məşhur peşəkarlardan ibarət münsiflər heyəti bütün layihələri onlayn şəkildə anonim olaraq dəyərləndiriblər.

Dizaynerlər rəsmi sayt üzərindən 10 kateqoriya üzrə layihələrini təqdim ediblər: brendinq, qablaşdırma dizaynı, illüstrasiya, veb-dizayn, sənaye dizaynı, tətbiqetmə (app) dizaynı, interyer dizaynı, eksteryer dizaynı, çap dizaynı, outdoor dizaynı.

Sonra “Azerbaijan Design Award” layihəsinin qalibləri möhtəşəm final gecəsində elan olunub. Finalçılar “Azerbaijan Design Award” və Mədəniyyət Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar. Qaliblərə isə əsas mükafat “Azerbaijan Design Award” kuboku, diplom və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, müsabiqədə dizaynerlər 10 digər kateqoriya ilə yanaşı, 2019-cu ildə Bakı şəhərinin UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə “Dizayn” tematikası üzrə daxil edilməsi münasibətilə Bakı Dizayn Şəhərinin xüsusi loqosunun hazırlanması nominasiyası üzrə də işlərini təqdim edib.

Bakı Dizayn Şəhərinin xüsusi loqosunun hazırlanması nominasiyası üzrə müsabiqənin qalibi xüsusi mükafatla – “Apple Macbook Air 2019 noutbuku” ilə təltif olunub.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!