FestivallarIdman

Azərbaycanın polo komandası Bakıda keçirilən Dünya Kuboku yarışlarında ikinci yeri tutub

Azərbaycanın “Elite Horse and Polo Klub” komandası Bakıda keçirilən arena polo üzrə VI Dünya Kuboku yarışlarının finalında Almaniyanın “Rhein Polo Klub Düsseldorf” klubuna 7:6 xal hesabı ilə məğlub olaraq yarışda ikinci yerlə kifayətlənib. Beləliklə, gərgin idman mübarizəsi şəraitində keçən oyunda yarışın qalibi son saniyələrdə vurduqları qol hesabına Almaniya poloçuları olublar.

Frame.az xəbər verir ki, ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə və Milli Qurtuluş Gününə həsr olunmuş builki yarışda Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən dörd beynəlxalq polo klubunun komandaları kubok uğrunda mübarizə aparıblar.

Bu mötəbər yarışda komandamızın heyətində Elçin Camallı (kapitan), Rəşad Həsənov, Əli Rzayev, Amil Namazov, Tərlan Qurbanəliyev və Lala Laplasette çıxış ediblər.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində keçirilən arena polo üzrə dünya kuboku yarışlarına bu gün yekun vurulub.

Üçüncü yer uğrunda görüşdə Hindistanın “Indian Polo and Riding Klub Nyu Delhi” komandasının poloçuları İrlandiyanın “Polo Klub Viklov” kollektivi üzərində 7:4 xal hesabı ilə qələbə qazanıblar və bürünc medala yiyələniblər.

Yarışı beynəlxalq dərəcələri hakimlər idarə ediblər.

Turnirdən əvvəl Azərbaycan Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin dünyada məşhur Qarabağ atlarının iştirakı ilə möhtəşəm şou proqram nümayiş olunub. Milli geyimli çapar Azərbaycan Respublikasının dövlət bayrağını meydana gətirib. Yarış iştirakçıları Azərbaycanın milli rəqslərini izləyib, bədii hissə nümayiş olunub. Şou tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Bu kompozisiyanın nümayişi milli at cinslərinin təbliği və Azərbaycanın qədim atçılıq mədəniyyətinin turnirin xarici qonaqlarına tanıdılması baxımından müstəsna əhəmiyyət kəsb edir.

Məlumat verilib ki, həmin proqram mayda Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası Ülyahəzrət II Elizabetin şərəfinə Londonda təşkil olunmuş “Kral Vindzor At Şousu”nda göstərilib.

Final oyunundan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Komandaların üzvlərinə medalları və kuboku ARAF-ın prezidenti Elçin Quliyev təqdim edib.

Xatırladaq ki, iyunun 15-də Azərbaycan klubu Hindistan komandasına 7:6, iyunun 16-da isə İrlandiya klubuna 6:3 hesabı ilə qalib gələrək turnirin finalına vəsiqə əldə etmişdi.

İyunun 15-17-də Bakıda keçirilən arena polo üzrə VI Dünya Kuboku yarışında ümumilikdə altı görüş keçirilib.

Elit idman növlərindən sayılan polo yarışı Milli Atçılıq Festivalı çərçivəsində keçirilib. İyunun 2-dən başlayan və dörd müxtəlif növ üzrə keçirilən Milli Atçılıq Festivalında indiyədək cıdır, çövkən və konkur növləri üzrə yarışlar da təşkil olunub və bu gün festivala yekun vurulub.

Qeyd edək ki, ölkəmizin polo üzrə yığması 2018-ci ilin sentyabrında İtaliyada keçiriləcək Avropa çempionatında da təmsil olunacaq.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!